- Mədəniyyət

Əbu-Dabi qəzeti Azərbaycanın “Dubay Expo-2020” sərgisində pavilyonu haqqında məqalə dərc edib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında nəşr olunan nüfuzlu “Əl İttihad” qəzetində Azərbaycanın “Dubay Expo-2020” beynəlxalq sərgisindəki pavilyonu haqqında geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, jurnalist Xana Əl-Həmmadinin müəllifi olduğu “Azərbaycan: Gələcəyin toxumları” sərlövhəli məqalədə Azərbaycanın bu sərgidə zəngin mədəniyyəti, milli geyimlərini, müasir inkişafını təqdim edəcəyi qeyd olunub. Müəllif yazıb ki, 2086 kvadratmetr sahəsi olan “Azərbaycan” pavilyonu ağac və yarpaqları formasında, yaşıl rəngin üstünlük təşkil etdiyi unikal dizaynı ilə seçilir. O, ziyarətçilərə insanın təbiətlə sıx vəhdətini xatırladır. Məhz bu səbəbdən Azərbaycan bu sərgidə “Gələcəyin toxumları” devizi ilə təmsil olunacaq. Bu deviz insanlara firavan gələcək və cəmiyyətə dayanıqlı inkişaf şəraiti yaradan sərmayələrə işarətdir.

Məqalədə qeyd olunub ki, pavilyonun içərisində eskalatorlarla birləşdirilən dörd seksiya fəaliyyət göstərəcək və burada Azərbaycanın iqlimi, təbiəti, biosferi, zəngin mədəni irsi təqdim ediləcək. Sonuncu mərhələdə milli mətbəxi təqdim edəcək restoran və açıq eyvan var.

Yazıda Azərbaycan kulinariyası, milli geyimlərimiz haqqında məlumat verilib. Müəllif diqqətə çatdırıb ki, Azərbaycanda qastronomik festivallar keçirilir və bunların sırasında Göyçayda təşkil edilən “Nar festivalı” əlamətdar mədəniyyət tədbiri kimi də tanınır.