- Ədəbiyyat

Ədəbi cərəyanlar

Sürrealizm
Sürrealizm (fr.surrerealisme-realizmin fövqü) XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner («sürrealizm» terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar.

Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmin banilərindən birinin fikrincə «ruhi xəstələr əsil sürrealistlərdir». Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə uğramış, L.Araqon, P.Elüar ondan uzaqlaşmışdılar. 1940-cı ildə sürrealizmin mərkəzi ABŞ olmuş, A.Breton, M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər buraya köçmüşdülər.

Neoklassisizm
Neoklassisizm. Ədəbiyyatda neoklassisizm məhdud bir dövrü (1890-1900-cü illərin ortası) əhatə edən cərəyan kimi götürülür. Neoklassisizm antik obraz və motivlərdən, süjet və konfliktlərdən istifadəyə əsaslanan ideya-üslub prinsipidir. Ötən əsrin 30-cu illərində ABŞ ədəbiyyatındakı «yeni humanizm» də neoklassisizmin bir növü idi.

Romantizm
Romantizm (fr.romantisme) XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada «Yena məktəbi» nümayəndələrinin (Şlegel qardaşları, F.Novalis, L.Tik, V.Vakkenroder) fəaliyyəti (1798-1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını «bədii ideallaşdırma» prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi kimi deyil, «olmalı olduğu kimi» təsviri təşkil edir.

Puşkin, M.Y.Lermontov, A.Hofman, C.Q,Bayron, P.B.Şelli, C.Kits, V.Hüqo,F.R.Şatobrian, A.Vinyi, C.Leopardi, A.Mandzoni, Ş.Petöfi, K.Maxi, M.Eminesku, T.Şevçenko, Azərbaycan ədəbiyyatında isə H.Cavid, M.Hadi, A.Səhhət və b. romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar.

Parnasizm
Parnas (fr. «Parnasse»)- XIX əsrin ikinci yarısında Fransada ədəbi cərəyan, məktəb. Fransız şairləri Ş.Lekont De Lil, T.Qotye, Ş.Bodler, A.Sülli-Prüdom, P.Verlen, S.Mallarme və başqaları tərəfindən yaradılmışdır. Parnasizmdə «sənət sənət üçündür» ideyası müdafiə olunur, ədəbiyyatın ictimai-siyasi rolu qəbul olunmur, bədii forma əsas götürülür.

Naturalizm
Naturalizm (fr. naturalisme-XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır.

Naturalizm XIX əsrin 60-cı illərində Fransada yaranmış, 70-80-ci illərdə başqa ölkələrdə də geniş yayılmışdı. Onun ilk əlamətləri Q.Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil Zolyanın adı ilə bağlıdır. G.Mopassan, H.Hauptman, F.Norris, A.Strindberq, H.İbsen, K.Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir.

Simvolizm
Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan. XIX əsrin 2-ci yarısında naturalist romanında realist prinsiplərin təhrifi ilə bağlı olaraq meydana gəlmişdir. Simvolizmin estetik əsasları fransız şairləri P.Verlen, A.Rembo, Q.Hofmanstal, H.İbsen və A.Blokun yaradıcılığına ciddi təsir göstərmişdir.

Oxucunu dövrün mühüm ictimai-siyasi məsələlərindən uzaqlaşdıran ifrat fərdiyyətçilik və mistikanın təbliği, ədəbiyyatın ictimai vəzifələrinin inkarı, gerçəkliyin mücərrəd simvollarla şərti və təhrif olunmuş inikası, pessimizmin, həyata nifrət hissinin və ölümün (əsasən intihar yolu ilə) tərənnümü simvolizmin səciyyəvi cəhətləridir.

Realizm
Realizm. Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız ədəbiyyatının «realist məktəb» adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır.

Adətən realizmə XIX əsrdə romnatizmi əvəz etmiş, naturalizmə, müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər özünü göstərir.

Dünya ədəbiyyatında O.Balzak, Q.Flober, G.Mopassan, Ç.Dikkens, M.Y.Dostoyevski, L.Araqon, P.Nerudanın, Azərbaycan ədəbiyyatında isə M.F.Axundov, M.Ə.Sabir və C.Məmmədquluzadənin əsərləri realist ədəbiyyatın. parlaq nümunələridir.

Futurizm
Futurizm (lat.futura-gələcək) XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan. “Gələcəyin incəsənəti”ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, bədii, mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ edir, poeziyada təbii dilin əleyhinə çıxırdılar. Futurizm ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa ölkələrində yayılmışdı.

Bu cərəyanın banisi sonralar faşizmin fəal təbliğçisi, futurizm manifestinin (1909) müəllifi F.T.Marinetti idi. Estetik prinsiplərinin ümumiliyinə baxmayaraq, futurizm  ayrı-ayrı ölkələrdə müxtəlifideya meyilləri ilə fərqlənmişdir.

Dadaizm
Dadaizm (fr.dadisme; dada-mənasız ahəngdarlıq)-Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər.

T.Tsara, R.Gülzenbek, Q.Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J.Qross və C.Hartfild bu qəbildən olan dadaistlərdən idilər.

Ekzistensializm
Ekzistensializm (lat. exsistentia-varlıq)-İrrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biri. Birinci Dünya müharibəsindən sonra Almaniyada, İkinci Dünya müharibəsi dövründə Fransada, sonralar isə bir çox ölkələrlə yanaşı ABŞ-da meydana gəlmişdir. Müasir Qərb incəsənət və ədəbiyyatına bu cərəyanın çox böyük təsiri özünü göstərir. Ekzistensializmin nümayəndələri Marsel, Yaspers, Haydegger, Sartr, Kamyu və başqalarıdır. Bu cərəyan bədii istiqamət kimi həyatın absurdlarına əsaslanır. Ekzistensializm əsas qəhrəman kimi emosional coşqunluqdan əzilən, ehtiraslardan parçalanan dünyanın şəxsiyyətini irəli çəkir.

Cərəyanın bədii konsepsiyası haqqında tam təsəvvürü E.Munkun «Haray» şəkli verir. Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan təsvir olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız şəklin kompozision mərkəzidir. Niyə, hansı səbəbəgörə bu insan qışqırır? Rəssam onun üçün heç bir təhlükə göstərmir. Kişi və ya qadın olmasına baxmayaraq insanın əzabının Böyük səbəbini tamşaçı özü hiss etməlidir. Aləm bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə düşməndir. Bizim qarşımızda «cinssiz insan» durur, onun dünya ilə yeganə əlaqəsi dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi qarşısındakı dəhşətli qorxudur.

Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya elə bil ki,konsentrik dalğalarla bütün dünyaya yayılmasını və doldurmasını hiss edir. Lakin dünya kar və laldır; o dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk öz şəkli ilə demək istəyir ki, insana bu qərib dünyada ancaq öz ağrısından bağırmaq, can verən canlı orqanizmin instiktiv qışqırığı kimi, yardıma ümid bəsləməyən qışqırıq qalır. Ekzistensialistlər üçün insan cəmiyyəti və insanların həyatı başdan-başa «anlaşılmazlıq» və absolyut absurddan ibarətdir. İnsanlar arasında sevgi və bağlılıq yoxdur, ancaq seks var, adamlar arasında bütün insani münasibətlər qırılıb.

Kişilər və qadınlar prinsipial şəkildə özlərinə qapanıblar, qarşılıqlı başadüşməməzliyə məhkumdurlar. Hər bir insan bir dünyadır. Ancaq bu dünyalar bir-biri ilə əlaqə saxlamırlar. İnsanların ünsiyyəti ancaq səthidir və qəlbin dərinliklərinə toxunmur. Dünya insanının ekzistensialist modeli belədir.

XX əsrin 50-ci illərin sonunda Fransa ədəbiyyatında (M.Sarrot, A.Rob-Qriyye, M.Byutor və b.)  «yeni roman» istiqaməti yaranır. Həyatın absurdluğu, real hadisələrdə nəticə əlaqələrinin yoxluğu, «dağıdılmış» xaotik dünya haqqında ekzistensializm baxışlarından faydalanan «yeni roman» məktəbinin davamçıları öz əsərlərilə bütün ənənəvi kompozision elementlərinin təşkilatçı-konseptual mənasını dağıdaraq süjetdən kənar nəqli prinsip səviyyəsinə qaldırdılar. Roman həyati fakt və hadisələrin hekayə edilməsindən qəhrəmanların mənəvi həyatının faktlarının zərif-esseist impreissionist hekayəsinə çevrildi. Psixologizm mütləqləşdirildi. «Şüur seli» real dünya ilə əlaqəsini tamam kəsdi, əgər əvvəllər real ədəbiyyatda qəhrəmanların şüuru «informasiyada yarıq» ilə əlaqədar olaraq, bir faktdan başqa fakta və ya hipotezə, miras qalan təcrübəyə, gələcəyə, ehtimallara atılaraq, həyati proses ilə əlaqəni saxlayırdısa, indi bu sel reallığın üstündən aramsız uçub keçir. «Şüur seli» «özüdərketmə selinə» çevrildi. Şüurun subeyktivliyi onun subyektlivizminə çevrildi.

Təfəkkürün özü eqosentrik şəxsiyyəti üçün psixi proses kimi başa düşülməyə başlandı. Hekayə tez-tez sözü bitirməmiş, qəfil və motivsiz kəsilir. Əsərlərin ümumi şəklini itirdilər: nəinki təkcə süjet zəiflədi və pozuldu, sonluq qaranlıq qaldı, açılma artıq əsərin bədii nəticəsi olmadı. Əsər psixoloji vəsiyyətinin tez-tez dəyişdiyi personajın və onun ruhunun hərəkətlərinin naturalist şəklinə çevrildi.

N.Sarrotun «Naməlumun portreti» romanında qadın və kişi arasında çətin hiss olunan və mənası bilinməyən münasibətlərin çox incə çalarları və yarımtonları açılır. Oxucu üçün kimliyi bilinməyən kişi şəhər bağından tez-tez keçərkən hər dəfə tanış olmayan bir qıza baxır. Kişinin qəlbində yaranan sevgi və şəfqət və onun təkidli baxışlarına qarşı qızın qəlbində yaranıb tez-tez dəyişən cavab reaksiyaları zamanın məzmununa çevrilir. Heç bir açılma yoxdur, yaranan süjet xətləri qırılır.

Yazıçı bununla göstərmək istəyir ki, bədii təsvirin və analizin əsil predmeti həyat hadisələri deyil, qadın və kişilərin arasındakı hisslərin çalarları, daxili həyəcanlardır. «Şüur seli» ədəbiyyatı şəxsiyyətin daxii aləmini mütləqləşdirir.

Personalizm
Personalizm (lat.persona-şəxsiyyət)-Şəxsiyyəti ilkin reallıq və ali ruhi sərvət, bütün aləmi isə ali şəxsiyyətin (Allahın) yaradıcı fəallığının təzahürü hesab edən cərəyan.P.Leybnitsin monadologiyası ilə ilə əlaqədardır və XIX əsrin sonu XX əsrin əvvələrində yaranmışdır. Aləmin elmi-materialst anlayışına qarşı çıxan personalizmin konsepsiyasına görə təbiət ruh-“şəxsiyyətlərin” məcmusundan ibarətdir (Plüralizm), «Ali şəxsiyyət»-hər şeyə qadir Allahdır (Teizm). B.Boun, R.Flüellinq, E.Braytmen,E.Munye, J.Lakrua bu cərəyanın görkəmli nümayəndələri hesab olunurlar.

Modernizm
Modernizm (fr.modernisme, moderne-yeni, müasir)-Ədəbiyyatda və incəsənətdə cərəyan. Modernizmin nəzəriyyəçisi ispan filosofu Orteqa və Qassetin fikrincə, modernizm köhnə ədəbiyyatın və incəsənətin bütünlükdə inkarından ibarətdir. Bu cərəyanın başlanğıcının fransız dekadentliyi dövrünə, yaxud kubizm (1907-14) dövrünə aid edilməsi məsələsi indiyədək mübahisəlidir. Araşdırmalara görə modernizm Birinci dünya müharibəsi ərəfəsində meydana gəlmiş və sonralar sosial fəallığını daha da artımışdır. Müxtəlif tarixi mərhələlərdə ekspressionizm, kubizm, futurizm, abstraksionizm, atonal musiqi və s. realizmə zidd cərəyanlara ayrılmışdır.

Modernizm P.Elüar, B.Brext, P.Neruda, N.Hikmət, E.Heminquey, U.Folkner və Q.Qrinin yaradıcılığına ciddi təsir göstərmişdir. Onların əsərləri forma və mündəricə etibarilə modernist cərəyanın tələblərinə uyğun gəlir. Hazırda Qərb ədəbiyyatşünasları C.Coys, M.Prust və F.Kafkanın (yaradıcılıqlarındakı kəskin ziddiyətlərə baxmayaraq) da yaradıcılığına əsasən modernizm haqqındakı təsəvvürlərə yenidən baxır və onları dəqiqləşdirmək üçün tədqiqat aparırlar.

Postmodernizm
Postmodernizm. XX əsrin sonlarında ədəbiyyatda inkarı inkar nəticəsində yaranmış cərəyan. Bir vaxtlar modernizm klassik, akademik ədəbiyyatı inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca «moderndən sonra gələn») də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm- keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof Jak Derridanın fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə «dünya-mətndir», «mətn-reallığın yeganə mümkün modelidir». Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel Fukonun da böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, C.P.Danlivi, D.Bartel («Qara yumor məktəbi»nin nümayəndələri), D.Delillo, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar.

İmpressionizm
İmressionizm (fr.impressionisme, impression-təəssürat)-XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq metoduna malik yazıçıları birləşdirən üslub, məhdud mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində dekadentliyə meyl göstərən cərəyandır. Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi impressionist üslubun səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, o, özünün «dolayı» həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi parlaqlıq verir.

Cərəyanın K.Hamsun, M.Prust, O.Uayld, G.Bar kimi görkəmli nümayəndələri var. Ədəbiyyatda imressionizm metodu XX əsrin ortalarında aradan çıxmışdır.

Ekspressionizm
Ekspressionizm ( fr. expressionnisme-ifadə)-XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində bədii cərəyan. Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçietirazının ifadəsi kimi meydana gəlmiş, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı.

Subyektiv idealizmə əsaslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı.

Poeziyada ekspressionizm (İ.Bexer, F.Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıqaludəçiliklə xarakterizə olunur. Nəsrdə (məs. F.Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur.

Cərəyan məşhur dramaturqlar V.Hazenklever, G.Kayzer, K.Şternheym, E.Toller və b.-nın yaradıcılığına böyük təsir göstərmişdir.

kayzen.az