Nahidə BƏKİROVA
Hər bir xalqın ən vacib arzusu düşmən tapdağında olan torpaqlarını azad etməkdir. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində dünya ictimaiyyətinə inanır və ümidlə münaqişənin sülh yolla həllini gözləyirdi. Bu illər ərzində dövlətimiz bütün dünyanın diqqətini Azərbaycana yönəltməyə nail olmuş, dövlətin inkişafını təmin etmiş, neft və kommunikasiya diplomatiyasının gücü ilə dünyanın marağını nəinki Azərbaycana, habelə bütün cənubi Qafqaz bölgəsinə cəlb etmiş, dünya birliyinin sıralarına qoşulmuş, beynəlxalq təşkilatlara daxil olaraq xalqımızın haqq səsini bütün dünyaya çatdırmışdır. Lakin bir çox beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermək istəmədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu. II Qarabağ müharibəsi Ermənistan rəhbərliyinin mövqeyi səbəbindən sülh yolu ilə həll olunmadı. Son onilliklər ərzində aparılan danışıqlar və ətraflı şəkildə beynəlxalq vasitəçilər tərəfindən hazırlanmış şərtlər və prinsiplər əsasında Ermənistan-Azərbaycan münaqişəsini sülh razılaşmaları yolu ilə həll etmədi.
Ermənistan rəhbərliyi II Qarabağ müharibəsini gerçəkləşdirmək üçün hər şeyi etdi. O, qəsdən Azərbaycanı dəfələrlə buna təhrik etdi. Erməni generalının – yeni bir müharibə olarsa, Azərbaycanın daha da çox ərazisini itirəcəyini və Ermənistan ordusunun Bakıya çatacağını söylədiyini xatırlayırıq. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində qaldı.
Sentyabrın 27-dən başlanmış və 44 gün davam edən Vətən müharibəsi tarixi ədalətin bərpa olunması ilə nəticələndi. Azərbaycan belə qısa müddət ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Azərbaycan ordusu doğru döyüş taktikasını seçərək, cənub cinahındakı irəliləyişin əsas istiqamətini müəyyənləşdirdi və 44 gündə şəxsi heyətdə minimum itki ilə, Ermənistanı Azərbaycan şərtləri ilə təslim olmağa məcbur edəcək şəkildə hərbi əməliyyatı həyata keçirməyi bacardı. Azərbaycanın texniki üstünlükləri, xüsusən hücum dronlarının olması bu müharibəyə uğur gətirdi. Lakin Şuşa şəhəri uğrunda həqiqi döyüşlərdə Azərbaycanın bütün xüsusi təyinatlıları yalnız şəxsi silahlarla vuruşdular və inadkar küçə döyüşlərində əsl hökmranlıq edərək işğalçıları məğlub etdilər və qələbə qazandılar. Bu Azərbaycan Silahlı Qüvvələrinin müharibəyə motivasiya olunduğunun, döyüş ruhunun yüksək olduğunun göstəricisidir. Həqiqi bir şəhər döyüşündə Ermənistan Şuşadan qovuldu və bu müharibəyə son verdi və erməni ordusunun daha da müqavimət göstərməsini mənasız etdi. Dağlıq Qarabağdakı separatçı rejim ləğv edildi.
Qeyd etmək istərdik ki, xalqımız müharibə vaxtı ermənilərin dəhşətli təxribatları ilə üzləşsə də, sınmadı, əyilmədi. Gəncəyə, Tərtərə, Bərdəyə atılan raketlər birliyimizi pozmağa, ölkə daxilində çaxnaşma yaratmağa, millətin ruhunu qırmağa çalışdı, amma alınmadı. Ali Baş Komandan ətrafında tək yumruğa çevrilməyimiz bizim bu sınaqlardan şərəflə çıxmağımıza kömək oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi.
Bu qələbə təkcə 44 günlük müharibənin nəticəsi deyil. Preziident İlham Əliyevin son 17 ildə apardığı uğurlu daxili və xarici siyasətin, ordu quruculuğuna bu illər ərzində sərf etdiyi gərgin əməyin və qazandığı beynəlxalq nüfuzun nəticəsidir. Eləcə də gənclərimizin vətənpərvər ruhda tərbiyəsi, Vətənə canla-qanla bağlılığı, milli-mənəvi dəyərlərə hörmət hisslərinin təbliğ edilməsi kimi mühüm addımlar möhtəşəm zəfərimizi şərtləndirdi.
10 Noyabr 2020-ci il ölkəmiz üçün tarixi bir gün oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək böyük zəfəri elan etdi. Böyük qələbəmiz Azərbaycan dövlətinin ortaya qoyduğu hərbi gücün, Prezident və xalq birliyinin, ümummilli məsələlərdə birləşə bilməyimizin bəhrəsidir. 30 ildən sonra məcburi köçkünlərimiz öz Vətənində didərgin vəziyyətində yaşamağın mənəvi acısından xilas oldular. Bununla da onlar tarixi torpaqlarımıza əsl sahib kimi qayıtmaq, öz el-obalarında yaşamaq kimi xəyallarına qovuşdular.
Heç bir müharibə qansız, itkisiz və şəhidsiz keçməyib. Eramızdakı bütün dövlətlərin hərb tarixinə nəzər salsaq görərik ki, müharibə Vətən uğrunda olanda, işğalçıya qarşı savaşanda daha fərqli olur. Yəni tarix onu göstərir ki, doğma torpaq, Vətən uğrunda canını fəda etmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, xalq qarşısında öz borcunu sonadək ödəmək, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir insanın arzusu olub və bu gün də belədir.
II Qarabağ Mühairbəsinin bitməsindən 2 ay keçsə də, hələ də Azərbaycanın müxtəlif bölgələrinə şəhid nəşi gətirilir. Müharibədə qızğın döyüşlər zamanı həlak olanların cəsədləri tapıldıqca və müəyyənləşdirildikcə ailələrinə göndərilir. 28 dekabr 2020-ci il tarixinədək 2823 şəhid dəfn olunmuşdur.
2020-ci ilin 10 noyabırına qədər xarı bülbül də öz nisgil və həsrətinə son qoydu. Əsirrikdən azad olan xarı bülbül bu dəfə də əsgərlərmizin qəhramanlığı ilə vətən məhəbbəti əfsanəsini yenidən yaşatdı. Xarı bülbül Şəhidin yarım qalmış nəğməsinə, sevgilisinə, övladına, anasına, deyə bilmədiyi müjdə gülünə çevrildi və II Qarabağ müharibəsinin simvolu olaraq yeni bir tarix yazdı.
Ölkəmiz üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar dağıdılıb. Onların hamısı bərpa ediləcək. Azad edilmiş torpaqlara bundan sonra yeni həyat qayıdacaq. Hər bir vətəndaşımızı bu məsələlərdə fəal olmağa çağırır və uğurlar arzu edirik.