Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü qeyd ediləcək.
“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalaylb.
Sənəddə bildirilir ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.
Mədəniyyət Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.