Əlcəzairin “Əl Hərir” portalında “İçərişəhər” Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun muzeylər kompleksi ərazisində Vətən müharibəsinin birinci ildönümü münasibətilə “Dəmir yumruq” abidəsinin açılış mərasimi barədə AZƏRTAC-ın xəbəri və fotosessiyası yayımlanıb.
Xəbərdə qeyd olunub ki, Vətən müharibəsində əldə olunmuş qələbəyə, möhtəşəm zəfər tariximizə həsr olunan və Qarabağda gedən hərbi əməliyyatların simvoluna çevrilən “Dəmir yumruq” abidəsinin müəllifi həvəskar heykəltəraş, Vətən müharibəsi iştirakçısı Elvin Manafovdur.
Ərəbdilli oxuculara məlumat verilib ki, Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarının simvoluna çevrilmiş “Dəmir yumruq” abidəsi əsrlər boyu xalqımızın işğalçılara qarşı necə mübariz olduğunu təsdiq edən bir nümunədir. “Dəmir yumruq” həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının və müzəffər Ordunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında birliyin, möhkəmliyin ümumxalq devizinə çevrilib.