- Mədəniyyət

Əli Kərimin xatirə gecəsi keçirilib

Yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzində Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Əli Kərimin azərbaycanca, Türkiyə türkcəsində və rusca çıxmış kitablarının təqdimat mərasimi və xatirə gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva XX əsr Azərbaycan şeirinin görkəmli nümayəndəsi Əli Kərimin yaradıcılığından, onun ədəbiyyat tariximizdəki yerindən bəhs edib.

Daha sonra mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Əli Kərim yaradıcılığından danışaraq, belə ədəbiyyat nümayəndələrinin unudulmayaraq daim qəlblərdə yaşadığını qeyd edib: “Əli Kərim böyük və əhatəli bir şairdir. Onun yaradıcılığı ürəyə yatımlıdır, məzmunludur, dolğundur. Onun dillər əzbərinə çevrilmiş şeirləri çox sevilir və həmişə də ürəklərdə yaşayacaq. Davamlı olaraq belə təqdimatların keçirilməsi özlüyündə Azərbaycan ədəbiyyatının təbliği deməkdir”.

Sonra şairin oğlu Paşa Əlioğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, atası ilə bağlı xatirələrini danışıb.

Tədbirin bədii hissəsində Əməkdar artist Ağalar Bayramov və Nadir Hüseynov şairin poeziyasından şeirlər səsləndiriblər.