Min il yazasan da, bu müsəlman başa gəlməz,
Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.
İldən-ilə, gündən-günə məğşuşlaşır işlər,
Təğyir tapır, başqalaşır rahü rəvüşlər,
Hər yanə baxırsan qıcanıbdır bizə dişlər,
Axırda bizı məhv edəcəkdir bu yerişlər,
Millət olacaq qəflətə qurban, başa gəlməz.
Gəzdim Bakı, Daşkəndi, Orinburqu, Samarı,
Həm Volqaboyun başaşağı, başı yuxarı,
Gördüm həmi Həştərxanı, həm başqa diyarı,
Hər yerdə müsəlman qoyub üz nikbətə sarı,
Bu dərdə çətindir ola dərmən, başa gəlməz.
Bəhri-Xəzərin dörd tərəfı yekcə müsəlman,
Əxlaqi pozuq, tərbiyəsiz, bisərüsaman,
Gördükdə bu övzai düşür vəhşətə insan,
Vallahi, bu əhvala gərək ağlayasan qan,
Bihəddidi zillət, belə xüsran başa gəlməz.
Gördüm təkəni, türkmanı, taciki, tatarı,
Qırğızlar, əvət, ləngə salıbdır bu qatarı,
Özbəklər ilə sarıları yad eyləmə barı,
Pis vəzidə, pis gündə gedib gördüm oları,
Onlar gəlib olmaz dəxi insan, başa gəlməz.
Mən bu səfərimdə hər üzün təcrübə etdim,
Gördüm hər işi, əslinə, həm fərinə yetdim,
Şad olmadım əsla, nə qədr ölkəyə getdim,
Xoşhal gedib hər yerə, bədhal qayıtdım,
Bildim ki, bu cür eyb, bu nöqsan başa gəlməz.
Hər yana baxırsan hamısı zirü zəbərdİr,
İran da, Buxara da bütün xak-bəsərdir,
Osmanlı bulardan dəxi min kərrə betərdir,
Her yerdə müsəlman deyilən qanlı-cigərdir,
Bu qövmidə yoxdur sərü saman, başa gəlməz.
Mən görmədim əsla oları məktəbə rağib,
Ya mərifətə, elm və ya sənətə talib.
Bu məsələ məxsusən olur diqqəti-calib.
Var yazmalı gərçi daha çox başqa mətalib,
Lakin nə səmər, min kərə yazsan, başa gəlməz.
Bir parələri oğrudu, quldurdu təmami,
Bir parələri də itirİb qürbü məqami,
Bir parəsi bilmarrə atıb nəngilə nami,
Ögrən bu sözü, saxla yadında bu kəlami;
Dünya dağılıb, qopsa da tufan, başa gəlməz.
Hər yerdə soyur, soymalayır xəlqi hər alim,
Hər yerdə hökumət eləyir cəbrü məzalim,
Hər yanə gedirsən görünür başqa əvalim,
Bir kimsədə yoxdur əbəda məsləki salim,
Bidad eləyib, tökmeyəsən qan, başa gəlməz.
Biclər bürünür intıligent cildinə fahiş,
Qırxır kasıbı, şüğl eləyir fiskü fəvahiş.
Biçarə əvam eyləyir onlara nəvaziş,
Hər kimsədə var ortalığa düşməyə xahiş,
Bu işlər olur heyrətə şayan, başa gəlməz.
Mən yaxşı gəzib, yaxşı düşündüm hamı halı,
Bilmərrə dəxi boşlamışam bəzi xəyalı,
Bu millətin axır yetişib hiyni-zəvalı,
İslahi onun fərz eləməklikdi məhalı,
Öldürmə özün, boşla, ay oğlan, başa gəlməz.
- “Molla Nəsrəddin”, 23 sentyabr 1917, N 17