İtaliyada hər il keçirilən Venesiya karnavalı başlayıb.
AZƏRTAC xəbər verir ki, maskalı karnaval olaraq da bilinən Venesiya karnavalı martın 1-dək davam edəcək. Gülüş və tamaşa ilə bol olan bayram əhval-ruhiyyəli karnavalın əsas atributu, təbii ki, maskalardır. Karnaval üçün libaslar isə adətən bir il öncədən sifariş olunur.
Yerli mətbuata görə, builki karnavalda iştirak etmək üçün 50 minədək insan Venesiya şəhərinə gəlib.
Qeyd edək ki, karnaval 2020-ci və 2021-ci illərdə koronavirus pandemiyası səbəbindən keçirilməmişdi.
1268-ci ildən bəri qeyd olunan Venesiya karnavalının təməli Pagan mədəniyyətinin baharına təsadüf edir. Müəyyən vaxtlarda qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd edilir. Əvvəllər sosial sinif ayrı-seçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya karnavalının ayrılmaz tərkib hissəsinə çevrilib. Karnavalın keçirildiyi vaxt turistlərin Venesiyanı ən çox ziyarət etdiyi dövrdür.