İspan rejissor Karla Saymonun “Alcarras” filmi “Berlinale” 72-ci Beynəlxalq Film Festivalında “Ən yaxşı film” nominasiyasında “Qızıl ayı” mükafatına layiq görülüb. Film şaftalı plantasiyası ilə məşğul olan və həyatda qalmaq üçün mübarizə aparan bir ailənin gündəlik həyatından bəhs edir.
AZƏRTAC xəbər verir ki, “Ən yaxşı aktrisa” kateqoriyasında “Gümüş Ayı” mükafatı isə “Rəbiyyə Kurnaz Corc Buşa qarşı” filmindəki roluna görə Türkiyə əsilli aktrisa Meltem Kaptana təqdim olunub.
Türkiyəli evdar qadın Rəbiyyə Kurnazın oğlu Muratın Quantanamo həbsxanasından azadlığa çıxması uğrunda mübarizəsindən bəhs edən filmin ssenari müəllifi Laila Stieler də “Ən yaxşı ssenari” nominasiyasında “Gümüş ayı” mükafatını alıb.
“Ən yaxşı sənədli film” nominasiyasında 40 min avroluq mükafat Myanmada 2021-ci ildə dövlət çevrilişinə qarşı üsyanı əks etdirən “Myanmar gündəlikləri”nə verilib. Filmin Myanmada adları açıqlanmayan rejissorlar tərəfindən çəkildiyi bildirilib.