- Cəmiyyət

Əziz Lalə üçün

Mehman Kərimov

Lalə ancaq səni düşünürəm..Elə bil daim bizimləsən, yaddaşımızdasan..
Nəfəs kimi, işıq kimisən sanki…
Yerin daim görünəcək, adı daim əziz tutulacaq, xatirəsi mövcudluğumuzun bir hissəsi olacaq insan..
Heysiyyəti və varlığını daim uca tutan cəfakeş bir xanım idin sən..
Səni unutmaq mənim bir insan kimi özümü unutmağım olardı..
Sənin yoxluğun ölümün vaxtsızlığını, həyatın ötəri-fani bir dövr olduğunu bir daha anlatdı mənə.. Doğrusu ölümün nə qədər büyük itki, bu qədər yaxın və amansız bir nəsnə olduğunu ilk dəfə duydum, yanılmıram ilk dəfə…Baxmayaraq ki, doğmaların bir hissəsi artıq haqq dünyasındadı…
Sənin ömrün insan nədir, şəxsiyyət nədir, ana, bacı, həyat yoldaşı, qohum nədir və necə olmalıdır sualına yaxşı bir cavabdı..
İnsanların hər biri özündən sonra xatirələr saxlayır, tanıyanlara, yaxınlara, yaşayanlara.. Bəli, həyatda olub keçənlər heç vaxt itmir, onlar həmişə, ömrümüzün hər anında bizimlədirlər. Sən çox zəngin, maraqlı və təkrarsız xatirələr saxladın bizim üçün.
Sən bizim həyatımızın bir hissəsi idin desəm, yanılmaram. Bu baxımdan yerin həmişə görünəcək. Təkcə ailən və doğmaların üçün deyil, səni əziz tutan hər kəs üçün.
Tanrı öz kitabında buyurur: ”Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (cənnət) vardır”.(“Zümər” surəsi, 10) Sənin 50 illik həyatın yaxşılıqlardan ibarətdir. Sənin öz ailən, qohumların, əzizlərin üçün etdiklərin göz qabağındadır və nə qədər ki insanlıq var, sən insanlıq üçün ən yaxşı nümunələrdənsən..
Iki gül balan qaldı, sənin adın daim onlar üçün fəxr ediləsi ünvandı..
Əbədi yoxluğun səni tanıyanlar üçün təsəllisiz kədərdi. Amma şübhəsiz, Lalə, sənin həyatın, bu ziddiyyətli dünyada sonadək ləyaqətlə yaşamağın insana ümid verir..