- Cəmiyyət

12 dini icmaya şəhadətnamə təqdim edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 12 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.

Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda hökm sürən nümunəvi dövlət-din münasibətlərindən bəhs edərək, milli-mənəvi dəyərlərimizin qorunması, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələri təqdim edən Səyyad Salahlı dövlətin din siyasətinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin daha geniş formada ictimaiyyətə çatdırılmasında, vətənpərvərlik prinsiplərinin təbliğində dini icmaların üzərlərinə düşən vəzifələrdən danışıb, onlara ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i İslam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.