- Köşə

1200 il tarixi olan məktub

Vasif SADIQI

İnsanlar ta qədimdən hesab ediblər ki, var-dövlət insan üçün çox mühüm şeydi. Elə indi də çoxları elə hesab edirlər. Bizim kəndin adı Sadıqlıdır və soyadımızdan götürülüb. Ömrümdə bircə dəfə orada qan davasının şahidi olmuşam. Bu da son iyirmi ildə baş verib. Bu davada yeddi insan qətlə yetirilib neçə ailə dağılıb, neçə uşaq yetim qalıb. Hər iki tərəfin bizə bu və ya digər şəkildə bağı var. Ölənlərin birinin konfliktə heç dəxli yox idi. Avtomatdan açılan atəş onun da həyatına son qoydu. Bir neçə nəfər yaralanıb, neçə nəfər isə ya uzunmüdətli, ya da ömürlük həbs cəzası alıb. Konfliktə səbəb əmlakdır. Əmlakla başladı, qan qisası ilə davam etdi. Bundan sonra davam etməyəcəyinə də kimsə əmin deyil. 

İnsanların “adam kimi yaşamaq” ehtiyacı anlaşılandır. Geniş yayılmış qənaətə görə, varlılıq özlüyündə yox, insanı qoruduğu, təmin etdiyi, zənginləşdirdiyi, bir sıra hədəflərə çatmağa kömək etdiyi üçün qiymətlidir. Amma burası da var ki, mahiyyətində “şərarət küfrü” olanlar varlananda imkanları genişlənir, onlar ictimai təhlükəli şərə çevrilir. Var-dövlət təşnəliyi insanların gözünü tutur. Deyəsən, Heraklitin sözüdür, var-dövlət dəniz suyu kimidir, içdikcə susayırsan. Nəticə isə ortada….

Varlı olanlar üçün Allahı unutma riski.

Ta qədimdən belə bir qənaət olub ki, varlılıq və yoxsulluq özlüyündə insanı xeyirxah və ya yaramaz eləmir. Hər şey qəlbin var-dövlətə və kasıblığa münasibətindən asılıdır. Hər ikisinin üstünlüyü və təhlükəsi var.

Bibliyadakı “Süleymanın hekayətləri”ndə belə bir dua var: “İki şey istəyirəm Səndən, ölməzdən əvvəl təlaş və yalanı məndən uzaq elə, kasıblıq və varlılıq nəsib etmə, mənə mövcudluğumu davam etdirməkdən ötrü çörək ver. Qoy nə doyub Səni unudanlardan, nə də kasıb olub, oğurlayanlardan olum” (30:7,8). Sədi Şirazi oxşar fikri “Gülüstan”da belə ifadə edib: “Bibliyada belə deyilib: ”Ey insan, nə edim: nemət verirəm, başın eayş-işrətə qarışır, məni unudursan, nemətini kəsirəm, mısmırığını sallayırsan”.
Xristialıqda da istər varlı, istərsə də yoxsul adamın yaxşı və ya pis olmasının mümkünlüyü bildirilir. Amma İncildə varlıları cəhənnəmlə təhdid edən fikirlər də var: “Yenə sizə deyirəm: Dəvənin iynə gözündən keçməsi varlı adamın Allah səltənətinə girməsindən daha asandır» (İncil, Mattanın müjdəsi, 19 : 24). Hər iki halda ifratın risk olması fikri geniş yayılıb. Antik filosoflardan kimsə deyib: “İfrat varlılar o qədər yaramazdır ki, onlardan yaramaz yalnız ifrat kasıblar ola bilər”.

Füzuliyə görə. Füzuli hesab edib ki, əgər yaxşı adamlar yaxşı, yaramazlar pis yaşayırsa, bu, normaldır. Amma onun fikrincə, dünyada yaxşı adamların çoxu məhrumiyyət içində yaşayır və bunu axirətin varlığına əqli dəlillərdən biri kimi göstərir. “Sevimli bəndələrin (ağır) zəhmətindən və düşmənlərin firavan həyat sürməsindən aydınlaşır ki, sevimli bəndələr üçün vəd olunmuş və həmişə davam edəcək bir nemət, eləcə də düşmənlər üçün həmişə davam edəcək bir əzab vardır”. (“Mətləül-etiqad”)

Eyni zamanda, onun fikrincə, “Bəzi adamlar yoxsulluq acısı içərisində, bəzisi isə var-dövlət ləzzəti içərisində ölüb. Əgər yoxsul fəsad törədən, varlı isə əməli salehdirsə, onda bu, layiqincədir. Yoxsulluq acısı və var-dövlət ləzzəti fəsadlıq və əməli salehlik üçün cəza və mükafatdır. Əgər vəziyyət bunun tərsinədirsə, onda əməli saleh yoxsula yoxsulluq acısının əvəzini vermək lazım gəlir. Çünki o, layiq olmadığı bir əziyyət üçün yaradılmayıb” (“Mətləül-etiqad”)

Fəqr heç nəyə sahib olmamaq deyil…”

Etiraf edək, insanların çoxu kasıblığı və kasıbları sevmir. “Var evi kərəm evi, yox evi vərəm evi”, ”Tövbə toxluqdan, dava yoxluqdan” kimi atalar sözləri bu qənaətin nəticəsidir. Adamlar kasıbın ondan pul istəyəcəyindən, ya da kasıblığın yoluxucu olduğundan qorxduğu üçün bu adamlardan qaçır. “Kəlilə və Dimnə”yə görə, insanlar arasında kasıblara münasibət çox neqativdir: “Yoxsul igidlik etsə – axmaq, səxavət göstərsə – israfçı, həlim olsa – qorxaq, vüqarlı olsa – özünü çəkən, hikmətli söz danışsa – boşboğaz adlandırar, sussa – fağır, dilsiz-ağızsız deyib başına noxta vurarlar”.
Bunun tam ziddinə var-dövlətin insan üçün şər olması, onu Allahdan uzaqlaşdırması kimi fikirlər də xüsusən bəzi sufi müəlliflərdə geniş yayılıb.
Bu məsələdə ən doğru izah isə, zənnimizcə, Xaris əl-Müsahibinin sözləridir:
“Fəqr heç nəyə sahib olmamaq deyil, dünyalara sahib olsan belə, heç nəyin sənə sahib olmamağıdır.”

“Şeytan sizi kasıbçılıqla qorxudur” (ayə).

Əlbəttə, başqa çətinliklər kimi yoxsulluğun da yaxşı tərəfi var. Onun doğurduğu iztirab insanı özünüdərkə təhrik edir. İnsan öz nöqsanlarını, çatışmazlıqlarını görür, əgər yoxsulluq ifrat həddə deyilsə, insanın qəlbi Allaha daha çox bağlanır. Amma hər halda çoxluq yoxsulluğu şər kimi qəbul edir və ondan qorxur. Allaha dərindən inananlar istisna. Onlar ruzi xüsusunda elə də təşviş keçirməz. Bəzilərinin inamı isə insanda qibtə doğurur. Məsələn, Rabiə Ədəviyyəyə aid edilən bu sözlər həmin qəbildəndir:
“Əgər göy üzü daşdan olsa, ordan bir damcı düşməsə, yer isə dəmirdən olsa, orda bir dənə toxum belə cücərməsə və bütün insanlar mənim balalarım olsa, onların ruzisi üçün narahat olmaram. Çünki O (Allah) demişdir: “Ruzinin məndəndir”.
Daha bir ibrətamiz hekayət Cəmaləddin Əfqani ilə bağlıdır. Əfqani Misirdə həbs olunanda bir tanış səfir ona yaxınlşıb xəlvətcə cibinə pul qoymaq istəyirmiş. Bunu hiss edən Əfqani deyir: “Əlinizi çəkin, səfir bəy, aslan hara getsə, ruzisi arxasınca gələr”.

“Çolaq tülkü kimi olma…”

Belə isə, nə etməli? Allah kor quşun ruzisini yuvasında yetirir deyib gözləməlimi?
Sədinin «Gülüstan»ından bir rəvayət var. «Bir kişi meşədən keçəndə bir çolaq tülküyə rast gəlir. Öz-özünə fikirləşir ki, görəsən, bu əlil heyvan nə yeyir? Axı ov edə bilməz. Bir qalınlıqda gizlənib gözləyir. Bir azdan bir aslan gəlir. Ovladığı ceyranı yeyib çəkilir qırağa. Və tülkü də gedib artıq qalanını yeyir. Bu iş kişiyə çox təsir edir. Deyir mən də belə edəcəm. Onsuz Allah taala çolaq tülkünün də ruzisini yetirir. Bir qalınlığa çəkilib ac qalır. Bir gün, beş gün, on beş gün. Lap ölüm həddinə gələndə göydən bir səs gəlir: «Ey qafil insan, çolaq tülkü kimi olma, aslan kimi ol, qazan, özün də ye, tülküləri də yedirt».

1200 yüz il tarixi olan məktub

Əbu Hamid əl-Qəzalinin «Ehyayi-ülumiddin» əsərindən bu iki məktub bizə çox maraqlı göründü. Təxminən 1200 il əvvələ aid məktub üslubuna və etikasına görə də diqqəti cəlb edir: «Yəhya bin Yezid ən Nəfləvi İmam Malik həzrətlərinə bu məktubu yazıb: «Rəhman və Rəhim olan Allahın adıyla başlayıram. Allahın salat və salamı əvvəlin və axırın, keçmiş və bütün gələcəklərin əfəndisi Həzrəti Məhəmməd Mustafaya olsun. Bu məktub Yəhya bin Yəzid bin Əbdülməlikdən Malik bin Ənəsə yazılıb: Ey Malik! Eşitmişəm ki, sən incə paltarlar geyinir, ələnmiş unlardan bişirilmiş çörəklər yeyirsən. Məfruşat üzərində oturur, qapında növbətçilər saxlayırsan. Halbuki sən elm kürsüsünü zəbt etmiş bir zatsan, ta uzaq diyarlardan dəvələrin sinələri döyülə-döyülə sənin yanına gəlir. Xalq sənə doğru can atır, səni özünə rəis bilir və sənin sözünə qulaq verib arxanca gəlir. O halda, ey Malik! Allahdan qorx və təvazödən ayrılma. Məndən sənə nəsihət olsun deyə bu məktubu sənə yazıram. Məktubumun içindəkiləri Allahdan başqa kimsə bilmir. Allahın salamı üzərində olsun».

İmam Malik cavab olaraq Yəhyaya bu məktubu yazır: «Rəhman və Rəhim olan Allahın adı ilə məktubumu başlayıram. Allah əfəndimizə, onun ailəsinə və əshabına salat və salam eləsin. Bu məktub Malik bin Ənəsdən Yəhya bin Yezidə yazılır. Allahın salamı üstündə olsun. Məktubunuz əlimə keçdi. Nəsihət, şəfqət və ədəb olaraq qəlbimdə yerləşdi. Allah taala səni təqva ilə bəzəsin. Nəsihətinə görə sənə xeyirlər ehsan etsin. Mən Allahdan tövfiqini istərəm. İbadətə doğru atılan addımlar və günahdan dönmək ancaq Allahın verdiyi qüdrət və qüvvətlə olur. Mənim ələnmiş unlardan çörək yeməyim, incə əlbisələr geyməyim, yumşaq mindərlər üstündə oturmağım məsələsinə gəlincə, bunların hamısını edir və Allahdan əfv diləyirəm. Çünki Allah belə buyurur: «De ki, Allahın qulları üçün çıxardığı zinəti (əlbisələri) və təmiz və halal rizqləri kim haram etmişdir?» (Əraf, 32). Heç şübhə yoxdur ki, mən bunları etməməyin etməkdən daha yaxşı olduğunu gözəl bilirəm. Məktubunu bizdən əsirgəmə! Biz də sizə daim məktüb göndərməyə davam edəcəyik. Allahın salamı sənin üzərində olsun».

Xeyirli şənbələr…