- Mədəniyyət

18 may Beynəlxalq Muzeylər Günüdür

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.