- Cəmiyyət

20 ölkədən beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Fevralın 16-18-də 20 ölkədən 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

“Report”un əməkdaşı xəbər verir ki, səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyən edən dünya miqyaslı “Nomadmania” klubunun təşkilatçılığı ilə baş tutur. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayır.

Şuşa ilə yaxından tanışlıqdan sonra bu gün beynəlxalq səyahətçilər Ağdamda olacaq.

Tanınmış fotoqraf Reza Deqati Ağdamın dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış edəcək. İndi işğaldan azad edilmiş digər yerlər kimi, Ağdama da həyat yenidən qayıdır, bərpa və quruculuq işləri sürətlə davam etdirilir.
Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edəcək, törədilmiş urbisidi gözləri ilə görəcək, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış olacaq. Dünya səyyahları fevralın 18-də səfər qeydlərini Bakıda mətbuat konfransı keçirərək ictimaiyyətlə bölüşəcəklər.