- Cəmiyyət

20 Yanvar faciəsindən 35 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür.

“Report” xatırladır ki, Qanlı Yanvar hadisələrindən 35 il ötür.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistanın respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatçılığa və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.

Azərbaycanın ümumilikdə 150 nəfər 20 Yanvar şəhidi var.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.