- Dil, Manşet

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

AZƏRTAC BMT-nin saytına istinadən xəbər verir ki, builki Beynəlxalq Ana Dili Gününün mövzusu bu əlamətdar günün 25 illik yubileyinə həsr edilir. Hazırda dünyada olan 8324 dildən bir çoxu qloballaşma və sosial dəyişikliklər səbəbindən yox olmaq riski altındadır. Təhsil sistemlərinin öz ana dilində öyrənmək hüququnu dəstəkləməsi təlim nəticələrinin yaxşılaşdırılması üçün çox vacibdir.

Beynəlxalq Ana Dili Gününün 25-ci ildönümü mədəni irsin qorunmasında, təhsilin təkmilləşdirilməsində və daha sülhsevər cəmiyyətlərin təşviqində dilin qorunmasının vacibliyini vurğulayır.

İlk dəfə UNESCO tərəfindən elan edilən və daha sonra BMT Baş Assambleyası tərəfindən qəbul edilən Beynəlxalq Ana Dili Günü inklüzivliyin təşviqində və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında dillərin rolunu vurğulayır.

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.