Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Novruz bayramı dünyanın müxtəlif ölkələrində qeyd edilir. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
AZƏRTAC xəbər verir ki, “Yeni gün” mənası verən Novruz bütün dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram artıq üç min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda keçirilir.
Novruzun qədim xalq bayramı olması haqqında tarixi və ədəbi mənbələrdə məlumat və fikirlərə rast gəlinir. Novruz haqqında geniş və çoxsaylı faktlarla zəngin mənbələrdən biri də Azərbaycan mifləridir. Eləcə də Azərbaycanda olan səyyahlar öz qeydlərində Novruzla bağlı maraqlı fikirlər söyləyiblər. Bu qədim bayramla bağlı məlumatlara Nizam əl-Mülkün “Siyasətnamə”sində də rast gəlirik. Zərdüştilik dövründə də qeyd edilən bayramın ən maraqlısı məhz Novruz idi. Ömər Xəyyam (1048-1131) “Novruznamə” adlı əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir.
XVII əsrdə yaşamış fransız səyyahı Jan Şardən Şərq ölkələrinə səyahətə çıxır. Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olur… Vətəninə qayıtdıqdan sonra “Səyahətnamə” adlı kitab yazır. Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən o, Azərbaycanda qeyd edilən Novruz bayramının iştirakçısı olub. Həmin bayramla bağlı “Səyahətnamə” adlı kitabında yazırdı ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramların üçü təntənəli surətdə qeyd edilir: Orucluq, Qurban və Yaz bayramı. Yaz bayramı, əslində, Yeni il deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Fransız səyyahını heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması və insanların bir-birinə nadir tapılan, həm də bahalı əşyalardan – cəvahiratdan, qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, qaş-daşdan hədiyyə verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən Novruz bayramı Jan Şardəni valeh edib. Səyyahı təəccübləndirən amillərdən biri də insanların bayramın birinci günü Allaha dua etmələri olub. Səyyah yazırdı: “Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır”.
Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi “Quyruq doğdu, çillə çıxdı” adlı məqaləsində yazırdı: “Təəccüblüdür ki, bizim heç bir yerdə oxumamış kəndli nə filan ayın neçəsi olduğunu, hətta ayların adlarını belə bilməyib. Amma onunla belə, təsbehini alaraq Novruzdan tutub hesab çəkib ki, quyruq doğmağa neçə gün qalıb və filan gün çillə çıxacaqdır. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır və bunun belə olmağına səbəb hesabın Novruzdan çəkilməyidir. Novruz ki o vaxt gün – bahar nöqtəsindən keçir, heç vaxt dəyişmir”.