Mətbuatın yazdığına görə, RF Prezidenti V.Putin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova general-leytenant rütbəsi verib. Xəbərdə deyilir ki, bu barədə Çeçenistan parlamentinin spikeri Maqomed Daudov “Teleqram” kanalında yazıb.
Bu, gözlənilən idi. Ramzan bəy Kadırov neçə illərdir, Rusiyanın siyasi rəhbərliyinin əvəzindən ayrı-ayrı şəxslərə, xüsusən dövlət başçılarına qeyzlənir, onları hədələyir, nəsə etmək üçün dartınır, cilov gəmirir. Çox uzağa getməyək, keçən ilin dekabrında Kadırov Türkiyə hakimiyyətini Rusiyada cinayət törədən terrorçuları dəstəkləməkdə ittiham edib və Rusiya XİN-i bu ölkəyə qarşı diplomatik tədbirlər görməyə çağırmışdı. Qeyd edək ki, o ərəfədə Türkiyənin Kocaeli şəhərində keçmiş çeçen komandir Cövhər Dudayevin adını daşıyan parkın açılışı olmuşdu. Kadırov bununla bağlı Türkiyə Prezidenti Ərdoğana tələblə müraciət etmişdi: “Ya siz terrorçuları açıq şəkildə dəstəkləyən dövlət statusu alacaqsınız, ya da Rusiyanın arxasından iş görməyən şəffaf və dürüst münasibətlərin tərəfdarı olacaqsınız”.
Hədələmişdi də: “Terrorçular Türkiyədə sığınacaq tapıb, açıq şəkildə tədbirlər keçirib, parka terrorçunun adının verilməsini istəyirlərsə, Çeçenistan da buna qarşılıq verə bilər. Məsələn, bu halda Kürdüstan Fəhlə Partiyasının (PKK) qurucusu, Türkiyədə həbs cəzası çəkən Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi bizim tərəfdən olduqca siyasi və məntiqli addım olardı”.
İki ay keçməmiş Kadırov Ukrayna prezidentinə ultimatum verdi və ultimativ bəyanatında “klounada vaxtının sona çatdığını” bildirdi. Əlbəttə, normal ölkələrdə hansısa ərazi inzibati vahidinin rəhbəri qonşu ölkənin dövlət başçısına bu şəkildə ağıl öyrədə, təhqir edə bilməz. Amma Rusiyada belə şeylər ola bilər. Burada siyasi rəhbərlik açıq deyə bilmədiyi, demək istəmədiklərini “Rusiya İmperiya Hərəkatı” terror təşkilatı və ya Jirinovski kimi şəxslərin dili ilə deyir.
Daha sonra xəbər yayıldı ki, Qroznıdan könüllülərin daha bir dəstəsi tam döyüş texnikası ilə Ukraynaya yola düşüb. Onları yola salan Kadırov bildirib ki, çeçen döyüşçülərinin qarşısında “Ukraynanı banderçi basqınçılardan və müxtəlif növ şeytanlardan azad etmək” vəzifəsi durur.
Ramzan Kadırov canfəşanlığının bəhrəsini gördü. Ona general-leytenant rütbəsi verilib və çox sevinclidir. Bu hadisə mənə 200 ilə yaxın bundan əvvəl baş verən bir əhvalatı xatırlatdı.
Rus ordusu Naxçıvan və İrəvan xanlıqlarını işğal edəndən sonra 1827-ci ilin oktyabrında Təbrizə daxil olur. Yerli qarnizon ruslarla döyüşməyə hazır imiş, lakin müctəhid Ağa Mir Fəttah Təbatəbai rusların tərəfinə keçib. Müctəhidin nüfuzu o qədər böyük imiş ki, onun müraciətindən sonra əhali rusların ayağı altına gül-çiçək səpib, bir neçə öküz kəsiblər.
Təbatəbainin çağırışından sonra Cənubun qalan şəhər və vilayətləri də rusları sevinclə qarşılayıb. O vaxt Paskeviç yazırmış ki, müctəhid öz nəsihətləri və nümunəsi ilə bütün Azərbaycanı rusların hakimiyyəti altında saxlayırmış. Ağa Mir Fəttah Təbatəbai Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərəfində vuruşan 4 süvari alayının formalaşmasında da iştirak edib və çar Nikolayın fərmanı ilə imperiyanın ən yüksək mükafatına – I dərəcəli “Müqəddəs Anna” ordeninə layiq görülür, müctəhidə Şirvanda 14 kənd bağışlayıblar. Lakin vaxt gəlir və bir neçə il sonra daha ona ehtiyac qalmır. Rusiya dini zəmində üsyanları yatırmış və Cənubi Qafqazda möhkəmlənmişdi, müctəhid isə Cənubi Qafqaz müsəlmanlarının lideri olmaq istəyirdi. Çox çəkmir Təbatəbainin kəndləri əlindən alınır, özü isə Tiflisdə ev dustağı edilir. 1841-ci ildə müctəhid iki oğlu ilə birlikdə gizli olaraq Rusiyadan qaçmağa cəhd edir. Özü qaçsa da, hər iki oğlu həlak olur. Təbrizdə soyuq qarşılanan müctəhid Rusiya təbəəliyindən də çıxarılır və ona imperiyaya daxil olmaq qadağan edilir (Arif Yunusov, “Azərbaycanda İslam”. Bakı, 2004).
Ramzan Kadırovu belə bir tale gözlədiyini düşünmürəm. Hələlik o, Rusiyaya lazımdır, amma nə vaxtsa o da oxşar aqibətlə üzləşə bilər… Rusiya belə adamları xərcləməkdə çox israfçıdır.