- Dil

28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafının dil mənzərəsi

Vasif SADIQLI

Bir daha vurğulamaq istərdik: Azərbaycan ədəbi dilinin bir dəyər olaraq tapdalanması, hörmətsiz rəftarla üz-üzə qalması sanki nə cəmiyyəti, nə də milli dəyərləri qorumağa borclu olanları ciddi şəkildə narahat edir. Əksinə, artıq əksəriyyət buna adi hal kimi yanaşır. Baş alıb gedən pozuntulara diqqət çəkmək istəyənlər isə yetərincə dəstək görmür. Qanunvericilik səviyyəsində Azərbaycan dilinin qorunması üçün yetərincə qanun, dövlət proqramı, qanunvericilik aktları qəbul edilib. Amma bunların çoxu kağız üzərində qalıb. Cavabdeh qurumlar ya məsuliyyətsizlikdən ya da müəyyən maraq səbəbindən öz vəzifə borcuna laqeyd yanaşmaqda davam edir.

Biz isə öz növbəmizdə monitorinqimizi davam etdirib pozuntuları diqqəti cəlb etməkdə israrlıyıq. Bu dəfə 28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafındakı obyektlərə nəzər saldıq. Yenə də eyni biabirçı vəziyyət. Şəhərin mərkəzi hissəsində obyektlərin bir qismində yazılar əcnəbi dildə, bir qismində yarı əcnəbi-yarı azərbaycancadır, bir hissəsində isə ibtidai məktəb şagirdlərinin belə tuta biləcəyi kobud səhvlərə yol verilib:
“LC WAIKIKI”, “Elif bakery cafe”, “Çiğ köfte”, “BEATRİCE”, “Akses City” “MAKE UP STUDIO Mira”, “Sony Center unitech”, “Fakir”, “Miele”, “Chopard”, “MARS CLUB”, “Patchi”, “HALF WAY İIVIN”, “LLADRO”, “FRETTE”, “Rosen thal VERSACE sambonet”, “Ambiance”, “HARRY WINSTON fare timepieces”, “TACCO PER TUTTI”, “De GRISOGONO ELLUXUS”, “MESSIKA Paris”, “ROBERTO COİN”, “G-SHOCK casio”, “Lady”, “ROYAL CANİN”, “QUEEN FLOWERS”, “MONO computers”, “Final dershaneleri”, “PRESTİJ PERFUMERY&COSMETİCS”, “LAKME PARFUMS&СOSMETİCS”, “PERRON GALLERY”, “NOTE OFFİCİAL”, “PARFUM HOUSE PARFUMS &COSMETİCS”, “QOĞALLAR BULKALAR BÖRƏKLƏR”,  “DIVISION kompyuter texnikası”, “NoteComp Noutbuklar və Komputerlər”, “KOMPUTER TƏMİRİ” “Elite APTEK TYLOL HOT” Bir də Portağallını sına, “Redmi RƏSMİ DİLLER”, “ARÇIN PERFUMES&Accessories”, “TEDİ HEDİYYELER” “28 PARTY ŞARLAR ALƏMİ”, “SAAT STORE”, “İsrail Kosmetikası PARFUM”, “Express Dönər cafe&lounge” “Bahar Lahmacun” Pide Pizza Lahmacun, “REVANŞ game club”, “Banner Vinil çapı shock!” sale Promo məhsullar, “SAAT BOUTİQUE”, “Döner Et Döner Toyuq”, “Mayka qadın üçün, mayka berrak qadın üçün”, “BUTA Gül Salonu”,  “İsveçrə saatların təmiri”, “Madonna  II mərkətə Gözəllik Salonu”, “Karaçay Usta Dönər”, “RƏSSAMLIQ Kursu”, “SATEL 3-6-12 ay Hissə-Hissə Ödəniş”, “Salon Malları Topdan NƏ ALSAN 1 AZN”, “VALYUTA MÜBADİLƏSİ  Göndərmək asan! Almaq rahat! Parlaq”

Azərbaycan ədəbi dilinin normalarının pozulmasına hətta dövlətə məxsus obyektlərin üzərində də rast gəlmək olur. Məsələn, Bakı Dəmir Yol Muzeyi, BAKI DƏMİR YOLU XƏSTƏXANASI kimi. Dəmiryol Xəstəxanasının məsul işçisi FADMM-ə bildirib ki, xəstəxana məhdud məsuliyyətli cəmiyyət kimi məhz bu cür qeydiyyata alınıb. Ona görə lövhədəki səhvin düzəldilməsi mümkün deyil. Belə görünür ki, Dəmiryol Muzeyi də, yəqin, Mədəniyyət Nazirliyində lövhədə yazıldığı şəkildə qeydiyyata alınıb. Nəticədə üç variant meydana gəlib.

Qeyd: “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa əsasən (maddə  7.1.), Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Monitorinq bir daha göstərdi ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir.