- Mədəniyyət

“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu davam edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə elan etdiyi “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu davam edir.

Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin 44 günlük müharibəsində azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması milli teatr sənətində də öz təcəssümünü tapmalıdır. Digər tərəfdən, artıq ikinci ildir davam edən pandemiya ilə bağlı tətbiq edilən karantin şəraitinə görə teatrlarımız, demək olar ki, fəaliyyətsizdir.

AZƏRTAC xəbər verir ki, bu mənada, “4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək. Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaradacaq.

Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirilməsi əsasında müəyyən ediləcək. Birinci yerin qalibinə 1500 manat, ikinci yerin qalibinə 1000 manat, üçüncü yerin qalibinə isə 750 manat pul mükafatı veriləcək. Hər yer üzrə bir qalib seçiləcək.

Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır. Müsabiqəyə təqdim edilən materiallar oktyabrın 15-dən gec olmayaraq 4.4festival@teatro.az elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı nazirliyin saytından oxumaq olar.