- Köşə

4-dən törəyən 44 gün

Gülyaz ƏLİYEVA

Dörd… Dünyanın yaradılışının 4 ünsürü var, deyirlər. Novruzun gəlişi 4 çərşənbədən sonra olur. 4 cəhət var, 4 okean. İki 4-ün, birliyindən bir 4 il əvvəl 44 günlük döyüşün gətirdiyi böyük Zəfərin başlanğıcı Aprel döyüşləri oldu. Şanlı hərbi qələbəmizin, böyük zəfərin,  Azərbaycan xalqının birliyinin əsası məhz 2016-cı ilin aprelində qoyuldu. Sonralar 44 günlük müharibədə əldə olunacaq zəfərin anası 4 günlük döyüş oldu. 4 gün baş verən bu döyüşdən 4 il sonra 44 günlük bir döyüş baş tutacaqdı.

Aprel döyüşləri Azərbaycan xalqını silkələyib özünə qaytaran, onun içində közərən qələbə inamını alovlandıran, sonrakı 44 günlük müharibədə xalqın yekdil birliyinin təməlini qoyan Aprel döyüşləri. Bəlkə də, buradakı 4 rəqəmlərinin harmoniyası təsadüfi deyildi. 4 günlük döyüşdən 4 il sonra 44 günlük döyüş nəticəsində əldə etdiyimiz kiçik qələbə böyük zəfərə çevriləcəkdi. Lələ Təpədə əldə etdiyimiz qələbə 4 il sonra 44-ə çevriləcək, sonra Laçın, Kəlbəcər, Şuşa dağları boyda möhtəşəm dağ olacaqdı. Cocuq Mərcanlıda bir ķəndin azadlığı nəticəsində əldə etdiyimiz qələbə sevinci böyüyüb azad Qarabağ boyda zəfər sevincinə çevriləcəkdi 4 il sonra. Daha sonra böyüyəcək Goranboy rayonunun Gülüstan kəndi istiqamətində azad olunan yollar sonralar 4 ildən sonra 44 günə bir güllə açan sevincimizi Şuşanın azadlığından doğan xarıbülbül gülüstanı boyda sevincə qədər aparacaqdı. Bunlar hələ 4 il sonra olacaqdı. Amma bütün bunların əsası məhz 2016-cı ilin aprelində qoyulacaqdı. Aprel döyüşləri, xalqın qırılan inamını dirçəltdi apreldə yağan yaz yağışları kimi. Xalqın birliyi bundan sonra çiçək açdı, apreldə açılan yaz çiçəkləri kimi. Lələ Təpənin adındakı “Lələ” böyüklüyü, Çocuq Mərcanlıda yenicə doğulmuş qələbə çocuğu 4 il sonra böyüyüb Zəfər olacaqdı. Böyüyüb Lələ olmuş Zəfər.

Bütün bunlar Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il sonra olacaqdı hələ. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək təkcə 2 min hektardan artıq ərazini deyil, sındırılmış qürurumuzu, ölməkdə olan inamımızı, dağılmaqda olan birliyimizi də işğaldan azad etdi.

Can qurban etmənin vaxtl catıbsa,

Səndən hansı oğlun əsirgəyər can? –  deyən oğullar 2016-cı ilin aprelində döyüşə atıldı, şəhid oldu, torpağa qarışdı, torpağı müqəddəs Vətən elədi, and yerinə çevirdi.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli  Lələ təpə yüksəkliyinə sancılan üçrəngli bayrağımız 4 il sonra Ağdərədə, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanacaqdı… Bu döyüşlər nəticəsində ermənilərin gözü qırılacaq, Azərbaycan əsgərindən illər sonra yenə layiqli şillə yeyəcək, “məğlubedilməz Ermənistan Ordusu” haqda yaradılan mifin puç olmasının əsası qoyulacaqdı.

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmir-bərpa işləri xalqın Orduya, Qələnəyə inamının da təmiri olacaqdı, orada salınan yeni qəsəbəyə, ata-baba yurdlarından didərgin salınan insanların geri dönüşü xalqın həyatında da yeni dönüşün başlanğıcı olacaqdı..

Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinin mümkünlüyünə inamını möhkəmləndirdi. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən bir qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində dalğalanan Azərbaycan bayrağı bu bayrağın tezliklə Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə dalğalanacağına inamın çüçərtisi oldu. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Beləliklə, 44 günlük döyüş nəticəsində əldə etdiyimiz zəfər 4 günlük Aprel döyüşləri zamanında doğuldu. Bu Zəfərə gedən yolda minlərlə can qurban oldu, minlərlə oğul şəhidə çevrildi.

Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı!
Düşün altındaki minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı.
Vermə, dünyaları alsan da, bu cənnət vatanı…