2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
– Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.
– Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması ilə bağlı “twitter”də paylaşım edib:Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.
– Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.
– Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı “twitter”də paylaşım edib:Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!
– Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb.
– Düşmən taborunun qərargah rəisi məhv edilib.
– Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutması nəticəsində, ev sahibi ağır xəsarət alıb.
– İran Ermənistana məxsus PUA-nı vurub.
– Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub.
– Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.
– Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutub, jurnalist yaralanıb.
– Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.