- Mədəniyyət

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub

Bu gün 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.

“Report” xəbər verir ki, “Şuşa İli”nə həsr edilən sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Mətbuat Şurasının sədri Rəşad Məcid, deputat və ictimaiyyət nümayəndələri iştirak edir.

Oktyabrın 9-na qədər davam edəcək sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları, B2B görüşlər, azyaşlı oxucular üçün tədbirlər, dizayner, illüstrator və tərtibçilərlə müzakirələr təşkil ediləcəkdir. Builki sərgidə ilk dəfə olaraq, azyaşlı oxucular üçün spesifik formada “Uşaq dünyası” quraşdırılıb və təchiz olunub.

Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur. Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyası davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 212 nüsxə kitab toplanıb.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək.

8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi” Türkiyədir. Həmin ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Sərgidə həmçinin, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları da iştirak edəcəklər.

Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək.

Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova