Məktəbdən Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər.
İnternat məktəbindən saytımıza verilən məlumata görə, direktor nazir Emin Əmrullayevin müvafiq əmri ilə işdən kənarlaşdırılıb.
Hazırda məktəbin direktoru vəzifəsini Namiq Kərimov icra edir.
Qeyd edək ki, bir müddət əvvəl Gülnarə Abdullayeva barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Hazırda istintaq davam edir.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.
Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb. Direktorla bağlı ilk məlumatı Unikal.org yayıb.