- Mədəniyyət, Müsahibə

“94 yaşım var, bəlkə də bu qədər yaşamağımın səbəbkarı o tələbələrə etdiyim yaxşılıqlardır…”

“Hal-hazırda Xalq artisti Arif Məlikovun heykəli üzərində işləyirəm. İki aydan sonra abidə tamam hazır olacaq. Arif müəllim bəstəkardır, dünya şöhrətli musiqiçidir, ona görə də onu piano arxasında təsvir etmişəm. Bu heykəlin kənar çıxıntılarını onun məşhur baletlərinin kompozisiyaları ilə təsvir etmişəm. Heykəl Milli Konservatoriyanın həyətindəki kiçik bağda ucaldılacaq. Arif Məlikovun həyat yoldaşı Əsma xanım hələ sağ ikən biz onunla birgə düşündük ki, heykəl necə olsun? Harada ucaldılsın? O sanki hər şeyi hazır etdi və sonra dünyasını dəyişdi. Çox təəssüf ki, bu günləri onun ömür-gün yoldaşı görmədi”.

Bunu Moderator.az-a açıqlamasında Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov deyib. O daha sonra Hacı Zeynalabdin Tağıyev və Müslüm Maqomayevin heykəllərinin ucaldılmasının gecikmə səbəbindən də danışıb.

“İstər Hacı Zeynalabdin Tağıyevin, istərsə də Müslüm Maqomayevin heykəlləri artıq hazırdır. Bir az tikinti, inşaat işləri çox vaxt alır. Buna da çox pul lazımdır. Yəqin ki, 2-3 həftə sonra heykəllər ucaldılacaq”, – deyə o bildirib.

“İstər Hacı Zeynalabdin Tağıyevin, istərsə də Müslüm Maqomayevin heykəlləri artıq hazırdır. Bir az tikinti, inşaat işləri çox vaxt alır. Buna da çox pul lazımdır. Yəqin ki, 2-3 həftə sonra heykəllər ucaldılacaq”, – deyə o bildirib.

Xalq rəssamı daha sonra tələbələrdən danışıb.

“Bizim millət çox istedadlıdır. Rəssamlıq Akademiyasının da istər memarları, istərsə də rəssamları bacarıqlı gənclərdir. Mən elə rektorlardanam ki, tələbə istənilən vaxt otağıma gəlib, dərdini, problemini mənə deyə bilir. Heç vaxt qadağa qoymamışam ki, filan tələbə yanıma gəlsin, filankəs gəlməsin. Onlar da bilir ki, mən tələbələrimə istənilən köməyi edəcəyəm. Tələbələr məni öz işləri ilə tanış edirlər, düşürəm aşağı emalatxanaya, baxıram əl işlərinə. Onlara yaxşılıq edəndə mənə ləzzət edir. Bəlkə də buna görə tələbələr məni çox istəyir. Amma elə sənətkarlar da var ki, tələbələrini qısqanırlar, onların uğurunu gözləri götürmür. Gənclərə dəstək olmaq hər birimizin borcudur. 94 yaşım var, bəlkə də bu yaşa qədər yaşamağımın səbəbkarı o tələbələrə etdiyim yaxşılıqlardır. İnsan nə qədər yaxşılıq etsə bir o qədər də çox yaşayır”, – deyə Xalq rəssamı bildirib.

Xalq rəssamı Şuşaya getməməsinin səbəbini də açıqlayıb.

“İlk dəfə Şuşaya yola düşəndə məni də dəvət etmişdilər. Amma koronavirusa yoluxduğum üçün gedə bilmədim. Şuşaya avtobuslarda gedirlər, yolu bir az çətindir. Yaşlı adamam, özümü hər dəfə pis edirəm. İndi də çox istəyirəm, amma yenə də səhhətim sözümə baxmır. Elə istəyirəm ki, Şuşaya gedim. İnanıram ki, Allah bu yaşımda ora getməyi mənə qismət edəcək”, – deyə Xalq rəssamı bildirib.