- Mədəniyyət

“999-cu gecə” tamaşası növbəti dəfə göstərilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası növbəti dəfə nümayiş olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.

Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.