- Ədəbiyyat

İmarət CƏLİLQIZI. Danış, yağış…

Yağış yağır …
Yananları, təşnələri,
bağrı bişənləri çağır,
sinəsinə sitəmlərdən
alov düşənləri çağır!

Yağış yağır…
Səma sərin əlləriylə
sığallayır çiçəkləri,
yuyundurur yarpaqları,
hərəsinin qulağına
sirli bir söz pıçıldayır—
işıqlanır çöhrələri,
gülümsəyir dodaqları.

Ağ zanbaqların ovcuna
yuvarlanmış
parlaq damlalara baxım,
bəlkə, onlar
ruhların göz yaşlarıdır,
acılara tab etməyib
üzülərək qopub düşüb,
bəlkə, hər damla yağışa
bir saf duyğu
bir kövrək söz,
acı nisgil hopub düşüb.

Dillərini öyrənəcəm,
dindirəcəm damlaları,
dinlədikcə ağlayacam,
o mehriban kəlmələri,
o ilahi nəğmələri
əzizləyib bircə-bircə
yaddaşımda saxlayacam.

Ruhum göyə diklənəndə
pıçıldayıb söyləyəcəm
sehir kimi, dua kimi,
bəlkə, göylər qapı açar,
bəlkə, çoxdan uçub getmiş
doğma ruhlar
gəlişinə ağuş açıb
ruhumu bağrına basar,
ruhumu həsrətlə qucar…

…Şimşək çaxir,
yağış yağır,
sıra-sıra,
misra-misra,
sətir-sətir…
Danış, yağış,
səksəkəli
könüllərə
dinclik gətir…

 220 Oxunub