(“Adlar və adamlar” silsiləsindən)
Ad qazanmaq… Bu sözlərdə məna məni cəlb eyləyir,
Dərin-dərin fikirlərə, xəyallara qərq eyləyir.
Düşünürəm, elə bil ki, sehirli bir xalatdayam:
gah keçmişə qayıdıram, gah bugünkü həyatdayam.
Düşünürəm, bir zamanlar nə doğru bir qayda varmış,
Insan oğlu əməlinə uyğun olan ad alarmış.
Çoxdur axan qanı, təri bu torpağa qarışanlar,
Daşıdığı ad özünə, özü ada yaraşanlar –
Dünya dolu gözəllikdir, min çaları, min rəngi var,
Onun da öz təranəsi, zümzüməsi, ahəngi var.
Dəniz səsi, bulaq səsi, yağış səsi, külək səsi,
Neçə cür səs, bir də… bir də yeddi səsin möcüzəsi.
Yaraşıqlı, dolu salon… Ilahi bir səs ucalır,
Orkestr çox təntənəylə coşqun uvertüra çalır.
Hər xanə coşdurur qanı, atəş sarır ürəkləri,
O qüdrəti vəsf eyləyir bu qüdrətin şah əsəri.
Dinlədikcə könüllərə duyğu dolur axın-axın,
Yaratdığı incilər tək özü nadir, qəlbə yaxın.*
Əbədi eşq dastanını pərdə-pərdə təzələdi,
Leyli-Məcnun yanğısını göz önündə çözələdi.
Məhəbbəti, həsrətiylə ulu Nizamiyə bənzər,
“Sənsiz”əm,”sevgili canan”-deyə dildarını gəzər.
Dühasını dahilərin ölməz dühasına qatdı,
Sözdən tökülmüş heykəli səslə yenidən yaratdı.
QEYD:
*Bu misrada Üzeyir bəyin adının mənasına işarə olunur. Bu sözün əsl mənası “güclü, qüdrətli” deməkdir. Başqa mənada isə “nadir, qiymətli, əziz” deməkdir. Ərəbcə “üzeyir alə qalbə”- “qəlbə yaxın olan” mənasını ifadə edir.