- Dil, Köşə

Pərvanə BAYRAMQIZI. Məsləhətli don gen olar

Söz bəzi insanlar üçün məsuliyyət, dəyər, vicdan, bəziləri üçünsə havaya yayılan gözəgörünməyən zərrəciklərdən biridir. Məhz belələridir ki, verdiyi vədləri özlərinə xatırladanda: “söz idi, dedim də” deyərək böyük bir məsuliyyətdən xilas olmağa çalışırlar. Sözə “heç nə” kimi baxdıqları üçün dilimizi söz-söz, şəkilçi-şəkilçi  korlayırlar. Kimi nitqində, kimi də yazısında bacardığı qədər ana dilimizin altını üstünə çevirir. Səhv bildiyinin fərqinə varmayıb səhv də yazanların çoxunun yazdıqlarını ordakı səhvləri tuta bilməyənlər də yayırlar. Sosial şəbəkələrdə hər hansı bir informasiyada, yaxud şəkillərə aid yazılan fikirlərdə saysız səhvləri düzəltmək olmur. Olduğu kimi də yayılır. Onu görən uşaqlar da o cür yazmağa alışırlar.

“Son dövrlər dilimizə texniki inkişafla əlaqədar xeyli yad sözlər daxil olub” cümləsi hər dövrdə işlədilir. Zaman-zaman işğallar nəticəsində yadellilərdən dilimizdə ilişib qalan sözlər ana dilini itələyib yerində özü əyləşib. Elə indi də kim hansı xalqdan bir söz eşitsə, onu dilimizə yamayır. Etiraz edəndə deyirlər ki, guya dilimizdəki sözün hamısı öz sözlərimizdir? Haqlıdırlar, ərəb, fars, rus, ingilis sözləri hərəsi bir səbəbdən soxulub ana dilimizə. Elə alınma sözlər var ki, ana dilində qarşılığını tapmaq çətin olur. Çünki texnika xarici ölkələrdə inkişaf edib gəlib bizə, bizdə də ona uyğun söz tapılmır. Amma dilin qanunlarına söykənib nəsə etmək olar. Bu, mənim işim olmadığından dərinə getmirəm. Amma bir təklifim var: elə sözlər var ki, onları təzədən dilə qaytara bilərik. Arxaizmləri nəzərdə tuturam. Hətta dialektiklərdə də müəyyən sözlər var ki, işimizə yaraya bilər. Hələ ana dilinə asanlıqla qayıdacaq nə qədər qədim türk sözləri var. Qısqanclıq olmasa, onları işlədə bilərik. Kökümüzə bağlıyıq, tez doğmalaşacağıq.

Doğrudur, ləhcə ilə danışmağı sevmirəm, amma bölgələrdə işlədilən elə sözlər var ki, yabançı sözlərdən qat-qat yaxşıdır. Məsələn, nənəm israf etmək əvəzinə “böysan etmək” deyərdi. Həmin sözləri dilçilər araşdıra bilərlər. Bəlkə, onları işlətmək daha məqsədəuyğundur (yazılarımdan birində işlətmişəm).

Biz tərəflərdə “anşırtmaq” sözü işlədilir. “Azərbaycan dilinin dialektoloji lüğəti” kitabında həmin sözün Gəncədə işlədildiyi göstərilib, amma uşaqlıqdan indiyədək gəncəlilərdən yox,  gədəbəylilərdən eşitmişəm.

Vaxtilə nənəmdən mənasını anlamadığım müəyyən sözlər eşidirdim. Anam deyirdi, o, köhnə sözdür, siz o cür danışmayın. İndi təəssüflənirəm ki, nənəmdən nə qədər söz öyrənə bilərmişəm.

“Arxaş” sözünün də Gəncə dialektində işləndiyi bildirilib. Amma bu sözü də gədəbəylilər işlədir. Nənələrimin hər ikisi sürü və naxırın  yatdığı yerə arxaş deyirdi.

Hazırda işlədilməyən bir çox sözlər var ki, bəzi əcaib ifadələrin yerinə onlar işlənsə yaxşıdır.

Təklifdir. Razılaşsanız, əmələ çevirərik.