- Cəmiyyət, Manşet

Solmaz RÜSTƏMOVA-TOHİDİ. İbrahim  Nəbioğlunun düşüncələri ətrafında,  yaxud  itirilmiş övladlarımız…

    İbrahim bəyin “Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” – qısa statusu birmənalı qaşılanmayıb. Deyəsən, bəzi rusdilli valideynlər tərəfindən hətta qəzəbə tuş gəlib. Bu gün görkəmli ziyalımız həmin fikrini – azərbaycanlı uşaqların rus dilində təhsilinin fəsadları, ölkəmizin, millətimizin gələcəyinə yaranmış və getdikcə artan təhlükəni “Tədris hansı dildə olmalıdır? ” adlı yeni yazısında çox geniş şərh edib. Məsələnin hələ tarixən siyasi və ictimai köklərinə varmadan bu günün nəzərindən rus dilinin və onun daşıyıcısı olan ölkənin elmi baxımdan müasir durumuna və gələcəyinə dair ciddi, düşündürücü faktlar gətirib və onları məntiqə uyğun əsaslandırıb. Odur ki, söhbəti bu səmtdə davam etdirməyərək fikirlərimi konket nümunələr əsasında bölüşürəm.

Aşağıda şəklini gördüyünüz bizim uşaq da dünən birinci sinfə getdi. Uşağın anası mənim “elmi” qızımdır, rayonda böyüyüb, təhsilini də Azərbaycan dilində alıb, öz biliyi ilə daxil olduğu Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Ədəbi Azərbaycan dilində gözəl nitqi var. Onunla təsadüfi tanışlıqdan, savadına, elmi düşüncısinə bələd olduqdan sonra öz yanımda, Elmlər Akademiyasının Şərqşünaslıq  İnstitutunun  “İran tarixi” şöbəsində işə gətirmişəm. Qacarlar dövrünün “aşiqi” olduğundan ona təxminən “Azərbaycanın tarixi taleyi İran şahzadəsi Abbas Mirzə və rus diplomatı  Qriboyedevin münasibətlərində” kimi bir dissertasiya mövzusu vermək istərkən məlum olub ki, qız rus dilini bilmir, hətta Qriboyedovun məktublarını oxuyub anlamaqda çətinlik çəkir…  Sonra bu qızı öz yaxın rəfiqəmin bacısı oğluna, ənənəvi Azərbaycan ailəsinin övladına ərə vermişik. İndi özünün gözəl ailəsi var, bir oğul böyüdürlər. Dünən həmin bu oğlan – Rasim birinci sinfə getdi, özü də rus sektoruna!

Və bu ailədə sözümün keçdiyini bilsəm də, adətim üzrə gənclərin qərarına müdaxilə etmədim. Hərçənd rus dilində danışmayan və  uşağının  sonrakı dərslərində də ona yardımçı ola bilməyəcək qızım ilə ciddi söhbətlərimiz olub, gətirdiyi arqumentlərə diqqət çəkirəm: ali təhsilli, savadlı mühasib olan ərinin məhz rus dilini mükəmməl bilmədiyinə görə Bakıda iş tapmaqda üzləşdiyi çətinliklər, bu dildə ödənişli ixtisas kursları keçmək məcburiyyəti, bu gün bir çox iş yerlərinə qəbul üçün  qoyulan məhz  rus dilini bilmək şərti, bu dildə danışıb- yazanların maaşlarında üstünlüklər və s. bu sıradan digər misallar.

İkinci arqument: Azərbaycan dilində olan dərsliklərin səviyyəsi! Məlum problem! Xüsusilə yuxarı siniflərdə artıq bir çox fənnlər, əsasən də texniki, dəqiq və təbiət elmləri üzrə dərsliklər bir yana, köməkçi kitablar (Azərbaycan dilində) artıq yox dərəcəsindədir. Uşağına (5-6-cı sinifdən başlayaraq) dərs hazırlamaqda kömək etməli olan valideyn başqa dillərdə ədəbiyyat axtarmağa başlayır və əlbəttə ki, ilk növbədə özünün bildiyi rus dilində!!! Bu sonuncu arqumenti başqa bir gənc qohumum da oğlunu rus sektoruna qoyduğuna çox ciddi səbəb kimi gətirib. İndi 4-cü sinifdə oxuyan həmin oğlan artıq Azərbaycan dilində verilən bütün suallara da rus dilində cavab verir, atasının təkidləri qarşısında 1-2 kəlmə danışsa da, sonra yenidən ruscaya keçir: “Mne tak leqçe”.

Beləliklə, problem  yalnız valideyn istəyində deyil, artıq digər səbəblər var.  Dərslik məsələsi xüsusi mövzudur. Hələ uşağı Vətəndaş edən Azərbaycan dili, ədəbiyyat, özümün bilavisitə “içində” olduğum tarix üzrə dəsliklərin  səviyyəsindən danışmıram…

Hərçənd rus dilində təhsilin “prestijli” olmasını düşünən və  bu səhv təfəkkürlü valideynin bəzən öz uşağının gələcəyinə birbaşa mənfi təsir edə  biləcəyinə dair də nümunələr var.

Bu yayın 40 gününü səfalı bir dağ kəndində, özü rayonda yaşayan yaxın qohumumun bağ evində, onun ailəsi, o cümlədən Bakıdan gəlmiş qızı, gəlini və nəvələri ilə birlikdə keçirmişəm. Tam mənasilə Azərbaycan dilli ailələrdə böyüyən  4 uşaqdan ikisi ( 5 və 6-cı sinif) rus sektorunda oxuyur. Üçüncü uşaq bu il birinci sinfə gedəcək, o da rus sektoruna. Rusca heç nə bilmir, amma imtahandan “keçib”… Özü son dərəcə ağıllı, diqqətcil, düşünməmiş danışmayan bu oğlan nəinki oxumaq, heç məktəbə  getmək istəmir. Şeir-filan bilmir, öyrənmir, anasının saysız təkidləri qarşısında kimdənsə eşitdiyi türkcə bir şeirdən 1-2 sətir deyir və 20-30-a qədər saydığını güclə nümayiş etdirir. Özünü qəsdən belə apardığı göz qabağındadır. Bir çox xasiyyətlərinə görə fenomen hesab etdiyim bu balaca oğlanın nə üçün məktəbə getmək istəmədiyinə heyrətim yavaş-yavaş öz cavabını tapır. Digər iki şagird analarının güclü nəzarəti altında hər gün dərs hazırlayır və həmin uşaqların rus dilində olan bu dərs hazırlığının nə qədər “əzablı” olduğu gələcək məktəblinin diqqətindən yayınmır, indidən onda oxumağa ikrah yaradır!

Mən də bu “dərs” prosesinə  qoşuluram, iki böyük uşaqla rus dilində danışıram, sual-cavablar, viktorinalar təşkil edirəm, “Mən yayı necə keçirdim” mövzusunda inşa yazdırıram, ətrafdakı bağ və meşə ağaclarının yarpaqlarından albom-herbari hazırlayırıq, bu ağaçların rus dilində adlarını dəqiqləşdiririk. Gəldiyim nəticə heç ürəkaçan deyil, uşaqların rus dili olduqca və olduqca zəifdir! Xüsusilə 6-cı sinfə gedən, ən bahalı özəl məktəbdə oxuyan qız sözün əsil mənasında zülm çəkir! Rusca deyilənlərin, soruşulanların yarısını anlamır, pərt olur, ağlamaq həddinə gəlir, hərçənd çox şux, azərbaycanca dil-dil ötən, gözü açıq, gimnastika ilə məşğul olan, xaricdəki yarışlarda mükafatlar almış gözəl bir qızdır. Anası bütün bunları görür, dərdi açılır, qızın neçə il müəllimlə məşğul olduğunu, indi özünün onunla birgə dərslərini əvvəlcə Azərbaycan dilində hazırlayıb, sonra rus dilinə tərcümə etdiklərini boynuna alır!!! “Nə vacibdir?” sualıma cavab verə bilmir, amma qızın özünün dəfərlə Azərbaycan sektoruna keçirilməsi üçün az qala yalvardığını etiraf edir!

Ana dilində  düşünən, bütün varlığı ilə doğulduğu  torpağa, doğma ailəsinə bağlı olan bu uşaqları süni surətdə öz kökündən qopararaq tamamilə yad bir dil üzərindən fərqli  düşüncə tərzi, əxlaq, mənəviyyata kökləyən, onların təbii istedadlarını məhz bu səbəbdən batıran, bununla da gələcək talelərinə çox güclü zərbələr vuran valideyn, öz övladının  düşmənimisən?

Dediyim sərt sözlər valideynlərin özlərinin də tərəddüdlərinə son qoyur.  Uşaqların məktəb məsələsi bir neçə günə həll edilir. Bu ailənin 6-cı və 1-ci sinfinə gedəcək uşaqların məktəbi Türk liseyinə dəyişilir. Düzü, mən bu variantdan da narazıyam, ilkin təhsilin məhz ana dilində olmasının üstünlüklərini sadalayıram. Yenidən Azərbaycan dilli lisey axtarırlar, amma məlum olur ki, bütün məktəb-liseylərdə, hətta ödənişli yerlər artıq dolub! Beləliklə, daha bir problem –   uşaqların məktəblərə imtahan verməsi, boş yer olduqda götürülməsi və bu kimi digər məsələlər ortaya çıxır.

Təbii ki, rus bölümündə oxuyan uşaqların hamısı bu qəbildən deyil, rusdilli ailələrin uşaqları, əlbəttə, daha hazırlıqlıdır, rahat oxuyurlar, ikinci dil kimi ingilis dilini mükəmməl bilirlər və ən yaxşı halda evdə, əsasən baba-nənələri ilə Azərbaycanca danışırlar. Bu sıradan da xeyli qohum və dostlarımızdan saysız nümunələr gətirə bilərəm. Texniki fənnlər üzrə bir professorun yubileyində gördüyüm mənzərə: Övladları, gözümüz qarçısında böyümüş nəsil tostlarını rusca deyir. “Dyadya Nebi”  deyə sözə başlayırlar,  mənim “Azərbaycanca danış” təklifimə hörmət əlaməti olaraq yarıbayarı “dildə” danışmağa cəhd etsələr də, az sonra zarafatyana, “Ladno da, tyotya Solmaz…” – deyib yenidən ruscaya keçirlər. Onların uşaqları – nəvələr babalarını artıq təmiz ingiliscə təbrik edirlər. “Nəbi,  başa düşdün təbrikləri?” soruşuram. Əllərini yelləyir. Görkəmli alimdir,  Azərbaycan  dilində ali məktəb dərsliklərinin müəllifidir. Öz uşaqlarını rusca oxudub. İmkanlı, savadlı, mədəni, tərbiyəli ailələrin övladları və uşaqları. Bu ingilis dilli kiçikləri artıq xaricə, Qərb ölkələrinə yönəldirlər. Onlar Azərbaycanda qalmayacaqlar!

Hərçənd rus dilində təhsil alaraq, ingiliscəni də öyrənmiş, sonra xaricə oxumağa gedib daha Vətənə qayıtmayan, müxtəlif  ölkələrdə yer-yurd salmış, artıq özünü təsdiq etmiş uşaqlar da Azərbaycana lazım ola bilər. Bu sıradan da çoxlu dost, qohum uşaqlarımız var. Öz sahələrində tanınmış mütəxəssis olublar, məşhur firmalarda işləyirlər, geniş və nüfuzlu dost və tanış əhatələri var. Amma onların, demək olar ki, heç biri yaşadıqları ölkələrin Azərbaycan diasporu ilə əlaqə saxlamır! (diaspora ayrıca mövzudur). Vətənə də uşaqlıq illərinin keçdiyi və indi də  valideynlərinin yaşadığı ölkə kimi baxırlar! 20 Yanvar, Xocalı, Qarabağ mövzularında hətta müstəqil də olsa, hər hansı fəaliyyət göstərmirlər. Bəziləri xaricilərlə ailə qurub, onların övladları üçün Azərbaycan artıq bir ekzotik ölkədir. Düzdür, kiçik istisnalar var. Bu yaxınlarda 4 övladı illərdir ki, xaricdə yaşayan bir ziyalı dostumuz böyük qızının II Qarabağ müharibəsi ilə əlaqədar apardığı təbliğatdan danışarkən düzü sevinməkdən çox təəccübləndim.

Məhz ilkin rusdilli təhsil üzündən doğma dil və Vətən hisslərindən məhrum edilmiş, bu məfhumlara laqeyd münasibətin nəticəsini indi öz talelərində yaşadan bu övladlarımızı, doğrusu, itirilmiş nəsil sayıram. Təbii ki, öz valideynləri üçün deyil, amma Böyük Valideynimiz – Vətənimiz Azərbaycan üçün. Bəlkə də, səhv edirəm… Təki olsun, sevinərdim…

Amma nədənsə bu sıradan uşaqları bəzən özümün ata tərəfdən Cənubdakı qohum-əqrabamla müqayisə edirəm. Ərdəbil və Meşkin arası Noğdı adlanan bir kəndə yaşayan iki qardaşımın ailələrində 10 övlad, indi sayı 70-ə çatan nəvə-nəticə, əmi-bibi uşaqlarımın, digər qohumlarımın sayı – təmiz türk nəslinə məxsus Qaradağlılar nəsli artdıqca artmaqdadır. İkinci nəsil arasında xeyli təhsillilər – mühəndislər, həkimlər, müəllimlər, məmurlar və s. var. Amma son  iki il istisna olmaqla, mütəmadi görüşdüyüm bu qohumların durumundan düzü hər dəfə narahatlığım artır. Çoxları ata-baba yurdundan səpələnib, iri şəhərlərə köçüblər. Tehranda “Noğdı” adlı ayrıca bir məhəllə salıb, bir çox kiçik biznes sahələrini öz əllərinə alıblar. Təbii ki, onların hamısı farsca oxuyub,  hələ ki Azərbaycan dilində danışırlar, hər halda valideynləri və bəzən bir-biriləri ilə. Amma uşaqları ilə artıq farsca danışırlar, xüsusilə ANALAR! Mənim  iradlarıma gətirdikləri arqumentlər:  evdə türkcə danışanda uşaq məktəbdə farsca çətin oxuyur, o birilərindən geri qalır, müəllim danlayır və s.  Bəs toylarında yalnız fars musiqisinə və fars sayağı rəqslərinə nə deyəsən? (Qadın toylarını nəzərdə tuturam, kişi toylarında Azərbaycan musiqisi çalınır). Başqa nümunələr də var, söhbət uzundur.

Rəsulzadənin ilk dəfə gündəmə gətirdiyi “İran türklərinin”  müasir nəsillərinin, xüsusilə böyük şəhərlərdə yaşayanların aqibətini “Azərbaycan” adlanan Vətən anlamında təsəvvür edərkən bu ölkədə yad dildə təhsilin hər halda düşünülmüş dövlət siyasəti olduğunu nəzərə almaya blmirəm.

Bəs bizim ölkədə, müstəqil Azərbaycan dövlətində bu siyasətə rəvac verən nədir ? Bu artıq başqa mövzudur və yəqin ki, İbrahim bəy başladığı diskussiyanı, yuxarıda gətirilən arqumentlər də nəzərə alınmaqla davam etdirəcək və ölkəmizin, millətimizin taleyinə biganə qalmayan insanlarımızla Cəmiyyət olaraq birlikdə mövcud problemlərə ən ciddi şəkildə diqqət verməli olacağıq.

Sonda sözümün əvvəlinə qayıtmaq istəyirəm. Aşağıdakı videoya diqqətlə baxın. Dünən  məktəbə gedən balaca Rasimi təbrik etsəm də, onun özü kimi qaragöz, qaraqaş, qarayanız azərbaycanlı balaları ilə – 42 uşağın (!) oturduğu bir sinifdə  yazı taxtasındakı kiril hərflərindən “Uçat v şkole” rus mahnısının sədaları altında başlanan ilk dərs günündən düzü çox pəjmürdə oldum. Amma bu yazını heç cür bədbin notlarla bitirmək istəmirəm. Odur ki, İbrahim bəyə irad tutan valideynlərə digər qızımın ailəsində böyüyən uşaqları nümunə gətirmək istəyirəm.

Ayşən və Hüseyn Hüseynbəylilər! Hər ikisi ilkin və ali təhsili Azərbaycan dilində alıblar. Ayşən məktəbi qızıl medalla bitirib, Azərbaycan Tibb Universitetinə 685 balla (ödənizsiz) daxil olub, indi sonuncu kursdadır. Müharibə və pandemiya vaxtı könüllü olaraq yaralılarımıza və klovid xəstələrinə tibbi yardın edib. Bu il Samsunda beyin cərrahiyyəsi üzrə xüsusi kurs keçib, hazırda Almaniyada təhsilini davam etdirməyə hazırlaşır. İngilis və rus dillərini bilir, dərslikləri bu dillərdə oxuyur, alman dilini öyrənir. Təhsilini başa vuruqdan sonra Vətəndə yaşamağı və xalqına xidmət etməyi düşünür. Azərbaycan dilində gözəl nitqi və yazı qabiliyyəti var. Özünəməxsus düşüncə tərzi və ictimai mövqeyi çox fəal olan bir gəncdir. Statuslarına baxın.

Hüseyn Hüseynbəyli məktəbi yüksək qiymətlərlə bitirib, Azərbaycan Texniki Universitetinin Memarlıq fakültəsinə (ödənişsiz) daxil olub, ingilis dilini tələb olunan səviyyədə bildiyi üçün xüsusi qrupa daxil edilib. İxtisası üzrə müxtəlif layihələrdə, yarışlarda iştirak edib. Şuşa şəhərinin bərpası üzrə dostları ilə bərabər hazırladığı layihə müsabiqənin qalibi olub. Təhsilini İtaliyada davam etdirmək niyyəti var. Bildiyi ingilis və rus dillərindən başqa, indi italyan dilini öyrənir. Sonra Vətənə qayıtmaq və yeni nəsil Azərbaycan memarlığının əsasını qoymaq iddiasında olan bir gəncdir. Azərbaycan dilində gözəl nitqi və yazı qabiliyyəti var.

Əziz valideynlər! Övladlarınızı öz ana dilində oxudun, onları yeganə Vətən – Azərbaycan və əlbəttə, həm də  özünüz üçün böyüdün. Bu övladlarınızın gözəl mütəxəssis və ləyaqətli Vətəndaş olmaları üçün isə bütün imkan və bacarığınızı onların yaxşı təhsil almasına yönəldin. O səbəbdən bu sahədə olan problemlərə laqeyd qalmayın…