Qurban olum sarı telli, al yanaqlı, qızıl saçaqlı payızıma… O payıza ki, illərdir, şimaldan, qərbdən əsən qart küləklər tumurcuqlayan qələbə ağacının barını yetişməyə qoymaz, elə çiçəkkən tökər, üstündən dolusu döyər, yazda şəhid qanı ilə suvarılan torpağın payızı boş olar, meyvə verməzdi…
İki iyirminin birliyi qorudu o yaz çiçəklərini, tökülməyə qoymadı. Payızda Zəfər adlı Qələbə meyvələrini, nəhayət ki, Odlar yurdu özü bitirib, ərsəyə gətirdi, bizə yetirdi. İllərdən bəri şəhid qanı ilə suvarılan, ata-ana ahı ilə quruyan torpaq öz bəhrəsini verdi. Savaş ağacımız ilk nübarı olan qələbə barı gətirdi. Xalqımız iki iyirminin bir payız günü bir-bir bu meyvələri dadmağa, torpağı artıq sevinc göz yaşları ilə suvarmağa başladı. Qələbə ağacı dalbadal öz barını yetirdi. İgid, kasıb balaları dəvəçi qızının oğulları – Nərbalalar ağ atlara minib, Məlikməmmədə döndülər.
Barmaqların kəsib, yarasına duz basıb, gecə -gündüz Vətənin keşiyində durdular, Qələbə almalarının keşiyin çəkdilər. Hər payız gecəykən, xaincəsinə, namərdcəsinə aparılan Qələbə almalarının hansı Divin oğurlayıb-apardığını yaraladıqları Divin qan izləri ilə gedib, tapdılar. O qaranlıq dünya ilə 44 günlük bir savaşa çıxdılarsa da, 30 illik bir qisası aldılar. Mərdi namərdə möhtac qoymadılar. Ağ atlı oğullarımız xalqa öz Qələbə payını qaytardı… 21-ci əsrin 20-ci ilinin qızıl payızı beləcə öz əvəzsiz, qiymətli bəhəri ilə sevindirdi xalqımızı… Xoş gəldin, Zəfər soraqlı, Qələbə sevincli, torpağı yaz ətirli, şəhid əmanətli qızıl payız…