- Köşə

Pərvanə BAYRAMQIZI. Bu da “Məsləhətli don”

Bu yaxınlarda “Kamilinfo” saytında “Məsləhətli don gen olar” adlı kiçik mətnim dərc edildi. Mövzu yabançı dillərdə olan sözlərə ana dilində qarşılıq tapmaq və müəyyən dialekt sözlərin təzədən dilə qaytarılması idi. Bu sözlərin fars ya türk sözləri olduğunu araşdırmaq da ayrı bir mövzudur. Anamın nənəsi itə “kəlb” deyirmiş, əvvəllər elə bilirdim bu qədim türk sözüdür, yanıldığımı sonralar bildim.

Dostlar maraqlı rəylər yazdılar. Onları toplamağı vacib bildim.

Mətndəki “böysan etmək” sözünə Elmira Cəfərqızının cavabı belə oldu: “Böysan” üçün ən uyğun gələn “lazımsız”, “tullantı” kimi sözlərdir. Ümumiyyətlə, çalarlar çoxdur. Bu söz bizdə ən çox xarab etmək mənasında işlədilir. Məs.”Parçanı o dərziyə vermə, böysan eləyər.” “Ay qız,meyvə böysan olur,gətir bişir.”

Mətnin müzakirəsi zamanı ən çox “anşırtmaq” sözünə reaksiya bildirildi. Müxtəlif bölgələrdə işlədildiyi hətta mənə məlum olmayan mənası da göstərildi.

“Arxaş” sözü də həmçinin.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi “anşırtmaq” sözünün Ağbaba-Kars mahalında da çox işlədildiyini yazdı. Bildirdi ki, bu söz ayırd etmək, tanımaq mənasını verir.

Şair, hüquqşünas İlqar Türkoğlu “anşırtmaq” (yadına salmaq), “böysan” (böhsan-bör-böhsan), “arxaş” (arxac) kimi sözlərin bu gün də leksikonumuzda istifadə edildiyini qeyd etdi. Onu da vurğuladı ki, ərəb-fars sözlərini əvəz edə biləcək yetərincə əski sözlərimiz var. Bu gün istifadə etdiyimiz torpaq (əslində topraq), körpü (əslində köprü), yarpaq (əslində yapraq) kimi sözləri də yanlış yazıb, yanlış oxuyuruq.

İsmayıl Tanrıverdi yeri gəlmişkən PEŞGİR, TEJGİRƏ, PEŞDAMAL kimi köhnəlmiş sözlər yazıb, mənasını da izah etdi: bu sözlər də Türkiyənin Kars mahalında və bizim Ağbaba mahalında çox işlənir. PEŞGİR (PEŞKİR)-əl-üz dəsmalı, TEJGİRƏ-taxtadan düzəldilmiş Xərək (Nasilka), PEŞDAMAL-önlük.

Yazıçı-təhlilçi, şair Vaqif Osmanov böyüdüyü bölgədə naxırın dincəldiyi yerə “məyəl” (adətən çayın sahilində), mal-qaranın yay tövləsinə “ağıl”, əkin-biçin ərazisinə “axu” deyildiyini qeyd etdi.

Həsən Aliyev yazdı ki, o salfetka əvəzinə ƏLARDAN işlədilməsinin tərəfdarıdır.

Sədaqət Əhmədova: Dilimizdə eyni mənada “arxac” sözü işlənir. Kənd həyatından bəhs edən ədəbi əsərlərdə var. “Arxaş” yəqin ki, dialekt şəklidir. Digər sözlər mənə tanış deyil. Dialektlərdəki sözləri ədəbi dilə gətirmək üçün kökü, mənaya bağlılığı araşdırılmalıdır. Dildə qarşılığı yoxdursa, qəbul oluna bilər, işləndikcə alışacağıq.

FADMM-ın fədakar üzvlərindən biri Sima Cəfərova “anşırtmaq” sözünün Qarabağda da işləndiyini bildirdi. “Filankəsin qızına anşırtdım ki, səni oğluma alacam.”

Ömrünü ana dili və ədəbiyyat fənninin tədrisinə həsr etmiş Cahan Quliyeva maraqlı təklif irəli sürdü: Ana dilimizdə itib-batmaqda olan, yaxud yalnız ayrı-ayrı bölgələrdə istifadə olunan sözlərimizi ədəbi dilə daxil etməklə həm sinonimlərimizi, həm də ümumiyyətlə, dilimizi zənginləşdirmiş olarıq. Ancaq bu, elə də asan başa gələcək bir məsələ deyil. Bunun üçün bu işdə ən yüksək kürsülərdə əyləşmiş, ana dilini ən azından bizim qədər sevən biri lazım ki, dediyimiz məsələ həllini tapa. Dilin təmizlənməsi çox zaman və diqqət tələb edən işdir. Bunun üçün işin icrasına peşəsinin vurğunu olan, ona can yandıran, ömrünün bir neçə ilini verməyə hazır olan dilçilər cəlb olunmalıdır… Əfsus ki, mən hələ yuxarılarda bu işə baş qoşacaq birini görmür, yaxud tanımıram. Dialekt, yaxud itib-batan sözlərin ədəbi dilə keçməsi üçün publisistlər, radio-televiziya işçiləri can yandırmalıdırlar. Ən başlıcası isə bu qəbildən olan sözlər lap ibtiai siniflərdən məktəb dərsliklərində işlədilməlidir.

Xatırladım ki, bu insanların hər biri ana dilini sevən, onun qorunması üçün təmənnasız çalışanlardır. Onların fikirlərinə önəm verilsə əla olar.