- Dil, Manşet, Müsahibə

Günay ƏLİYEVA: “Ana dili kurslarımıza digər millətlərin nümayəndələri də maraq göstərir…”

Xaricdə ana dilinin tədrisi məsələsi çox əhəmiyyətli, milli-mənəvi dəyərə malik bir işdir. Azərbaycanlıların assimiliyasiya riskinin aradan qaldırılmasında əvəzsiz əhəmiyyətə malik çox vacib bir iş… Budəfəki müsahibimiz Latviyada bu milli-mənəvi dəyərə malik vacib bir işin öhdəsində  gəlməyə çalışan Günay Əliyevadır.

– Günay xanım, Sizinlə şəxsən tanışlığım olmasa da, Vətəndən uzaqda ana dilinin öyrədilməsi və təbliği ilə bağlı  fəaliyyətinizlə yaxından tanışam. Bu, hər şeydən əvvəl vətənpərvərlikdən doğan bir hissdir. Vətənpərvərlik sizin üçün nə deməkdir və fikrinizcə bu hiss nədən qaynaqlanır?

-Gülyaz xanım, vətənpərvərlik mövzusuna toxundunuz. Bu mənim ruhuma yaxın olan ən həssas mövzudur. Düşünürəm ki, harada yaşamağından asılı olmayaraq, hər bir insanın vətən qarşısında borcu vardır və o, təkcə gündəlik işləri, ailə, məişət məsələlərinin həlli ilə məhdudlaşmamalı, daha böyük amal uğrunda çalışmalı və heç kim bu yolda bacardığını əsirgəməməlidir! Valideynlərim Şuşada doğulub, mən isə Bərdə rayonunun Şirvanlı kəndində anadan olmuşam. Gəncliyimiz müharibənin qanlı-qadalı illərinə təsadüf edir. O vaxtlar  Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov “Soy” demokratik gənclər təşkilatını yaratmışdır. Səfiyar tez-tez məktəbimizə gəlir, bizimlə vətənpərvərlik mövzusunda müzakirələr aparırdı. Qəhrəmanımızla canlı görüşlər, söhbətlər bizə böyük ilham verirdi.  Vətənpərvərlik hissinin formalaşmasında müəllimlərimizlə yanaşı Səfiyarın böyük əməyi olmuşdur. Səfiyara və vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

 – Həyat yoldaşınız gimnaziyanın direktorudur, filosofdur, eşitdiyimə görə, əslən azərbaycanlı olsa da, Latviya vətəndaşıdır. Bəlkə, onun fəaliyyəti, gördüyü işlər barədə danışaq.

-Bəli, Roman müəllim Baltikyanı ölkələr arasında ən böyük təhsil ocağı olan Riqa Dövlət Klassik Gimnaziyasının direktoru, pedaqoji elmlər doktorudur. O, “məktəblilərin yaradıcılıq qabiliyyəti” konsepsiyasının, bir sıra kitabların, dərsliklərin, elmi məqalələrin müəllifidir. Latviya Təhsil Nazirliyinin Məşvərət Şurasının sədridir.  2007- 2011-ci illərdə Latviya Respublikası Prezidenti yanında Milli Azlıqlar üzrə Birliyin üzvü, 2011-ci ildən 2019-cu ilə qədər isə həmin birliyin sədri olub. Onu da qeyd edim ki, Roman müəllim Azərbaycan tarixinə dair latış dilində yazılmış və nəşr olunmuş  iki kitabın müəllifidir. O, həmçinin  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun  inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı, Latviya prezidenti tərəfindən Latviyanın ali mükafatı olan “Üç ulduz” ordeni ilə təltif olunub.

-İstərdim ki, üzvü olduğunuz “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi haqqında, qarşınızda duran prioritet məsələlərdən danışasınız.

-İlk olaraq onu bildirim ki, bütün layihələrimiz və tədbirlərimizi Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin dəstəyi ilə həyata keçirmişik. Fəaliyyətimizin effekiv, uğurlu olmasının başlıca səbəbi də bu dəstəyin, diqqətin mütəmadi xarakter daşımasıdır. Məqsədimiz Qarabağ münaqişəsi barədə, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında həqiqətləri Latviya ictimaiyyətinə mümkün qədər dolğun çatdırmaqdır. Son illərdə “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi əzəli Azərbaycan torpağı olan Qarabağa həsr edilmiş sərgilər, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə azərbaycanlıların Latviya cəmiyyətinə inteqrasiyası, Latviyanın ictimai və mədəni həyatında Azərbaycan diasporunun rolunun genişlənməsi, müasir Azərbaycanın uğurları, Ermənistanın işğalçılıq siyasəti mövzularında konfranslar, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirib. Bu tədbirlərdə Latviya Seyminin deputatları, ictimai və siyasi xadimlər də iştirak ediblər. Bununla əlaqədar, mərkəzimizin sədri Roman Əliyev dəfələrlə yerli televiziya kanallarına müsahibə verib.

Tədbirlərimizdə Latviyadakı azərbaycanlı gənclərin iştirakı ilə tamaşaya qoyulmuş dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” və  “O olmasın, bu olsun” musiqili komediyalarından səhnəciklər göstərilib.

“Ocaq” Latviyanın ən gözəl, ən nüfuzlu konsert salonu – “Böyük Gildiya”da dünya şöhrətli ifaçılar Alim Qasımov və Fərqanə Qasımovanın iştirak etdiyi muğam gecəsinin, “Qarabağ üçlüyü”nün konsertinin təşkilatçısı kimi çıxış edib.

– 44 günlük müharibə və Qələbəmiz orada necə reaksiya doğurdu?

– 44 günlük Vətən müharibəsində hər bir azərbaycanlı kimi bizim də ürəyimiz  sevimli Azərbaycanımızla  bir döyünürdü, nəbzimiz bir vururdu. Həyəcandan gecəmiz gündüzümüzə qarışmışdı. Riqanın mərkəzi küçələrində bayrağımızı dalğalandıraraq avtomobil yürüşünə çıxdıq, sonda müqəddəs himnimizin sədaları altında səfirliyimizin qarşısında toplaşdıq. Səfir Cavanşir Axundov Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunacağına əminlik ifadə edərək hər kəsin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin ətrafında sıx birləşməyinin vacib olduğunu vurğuladı.

Ötən ilin payızında,  Vətən müharibəsi günlərində “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son” və s. şüarlar həkk olunmuş reklam lövhələrinin Riqanın mərkəzi küçələrində   yerləşdirilməsi də Azərbaycanın haqq savaşı haqqında həqiqətləri  latviyalılara çatdırmaq məqsədini güdürdü.

Kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə də həmyerlilərimiz fəal idi. Hadisələrlə bağlı  R. Əliyev “Riqa 24” televiziya kanalı və radiosunda çıxış edərək gerçəklikləri, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu faktlarla sübut edərək Latviya ictimaiyyətinə çatdırdı. Ümumiyyətlə, hər bir soydaşımız bacardığını edir, real informasiyanın yayımlanması naminə çalışırdı. Yerli tanışlarımız və yaxın dostlarımız da Vətən müharibəsinin gedişatı ilə maraqlanır,  bizə dəstək olurdular və sonda QƏLƏBƏ! Azərbaycan  Prezidentinin uğurlu daxili və xarici siyasətinin və qeyrətli, vətənpərvər oğullarımızın, şəhidlərimizin mərdliyi sayəsində qazanılan möhtəşəm Qələbə! Şanlı qələbəmizdən ilhamlanaraq Roman Əliyevlə birgə “Qələbə marşı” yazdıq. Marş Qarabağa həsr olunan xeyriyyə aksiyalarının birində səsləndirildi.

-Xəbər saytlarında “Nəsimi ili” ilə əlaqədar keçirdiyiniz tədbirləri gördüm. Tədbirlər hansı formatda, necə keçirildi?

-Azərbaycan Respublikasının Prezidentinin 2019-ci ili Nəsimi ili elan etməsi ilə əlaqədar, Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin dəstəyi ilə, azərbaycanlı və yerli tələbələrin fəal iştirakı ilə iki böyük tədbirimiz oldu. Hər iki elmi-bədii tədbirdə Azərbaycan Respublikasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri  Cavanşir Axundov, Türkiyənin Latviyadakı səfirliyinin müşaviri Melihe Gülçe Kumrulu, Latviya universitetinin aparıcı müəllim və tələbələri, Riqa ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Nəsiminin həyat və yaradıcılığı ilə bağlı maraqlı mövzulara toxunuldu,  onun yaradıcılığının müxtəlif aspektləri işıqlandırıldı.  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadənin canlı reaksiya doğurun “Nəsimi və musiqi” adlı məruzəsində  Azərbaycan bəstəkarlarının Nəsimi obrazı və poeziyasına müraciətlə yazılan əsərlərindən bəhs olundu, Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında müfəssəl məlumat verildi. Ən əsası isə  Nəsiminın şeirlərindən ibarət çələng – Azərbaycan, latış, rus, türk, ingilis və alman dillərində qiraət edildi. Riqa Klassik gimnaziyasının şagird və məzunlarının təqdimatında Xalq şairi Qabilin “Nəsimi” poemasından səhnələrin sərgilənməsi xüsusi marağa səbəb oldu.

– Azərbaycanlı ailələrinin uşaqlarının ana dilində təhsil ala bilməsi üçün Riqada Azərbaycan dili kursları necə təşkil olunub?

-“Ocaq” Latviya -Azərbaycan Mədəniyyəti Mərkəzi nəzdində yaradılmış “Bazar günü məktəbi”ndə uşaqlar ana dilini öyrənir, onlara Azərbaycan ədəbiyyatı, xalqımızın zəngin tarixi və mədəniyyəti, milli musiqi və rəqslərimiz haqqında geniş məlumat verilir. Qeyd edim ki, məktəblilər üçün “Bazar günü” məktəbində əsasən, azərbaycanlı uşaqlarla məşğul oluruq ki, onlar mədəniyyətimizi, tariximizi, dilimizi unutmasınlar. Əsasən, dərsliklərimizdəki milli-mənəvi dəyərlərimizə köklənən mətnlərdən istifadə edir, Azərbaycan ədəbiyyatına, poeziyasına müraciət edir, şeirlər və mahnılar öyrədirik.  Riqa Klassik Gimnaziyasında uşaq və yeniyetmələrdən ibarət “Çinar” adlı rəqs qrupu fəaliyyət göstərir. Qrupa artıq neçə illərdir övladlarımıza sevə-sevə milli rəqslərimizi öyrədən Anjela xanım Cəfərova rəhbərlik edir. “Çinar” al-əlvan milli geyimlərimizlə göz oxşayır, gözəl musiqi nömrələri ilə mötəbər festivallarda iştirak edir, özünəməxsus, rəngarəng kompozisiyalarıyla bayramlarımızda xoş əhval ruhiyyə yaradır, tədbirlərimizi bəzəyir.

– Azərbaycan dilini öyrənənlər yalnız azərbaycanlılardır?

-Çox maraqlı sualdır. Qeyd edim ki, artıq bir neçə il Azərbaycanın Latviyada səfiri olmuş cənab Cavanşir Axundovun dəstəyi ilə Latviyada Azərbaycan dilinin tədrisi kurslarına başlamışıq. Dərslərimiz Latviya Dövlət Universitetinin Akademik Kitabxanasında açılan Azərbaycan İnformasiya mərkəzində keçirilir. Səfirliyin təşəbbüsü ilə yaradılan mərkəz olduqca qiymətli kitablar, şəkillər və xəritələrlə təchiz olunub. Kurslara nəinki Latviyada doğulan azərbaycanlılar, həmçinin digər millətlərin nümayəndələri- latışlar, ruslar, yəhudilər böyük maraq göstərirlər.

-Kurslarda hansı yaş həddi gözlənilir?

-Əlbəttə, tələbələrimizin böyük hissəsi gənclərdir. Amma kurslarımızda yaş həddi yoxdur. Təsəvvür edin, Türkiyənin tarixini gözəl bilən, Şərq ədəbiyyatı ilə maraqlanan 65 yaşlı Viktor Barabanov dilimizi öyrənərək “Kitabi-Dədə Qorqud”-u azərbaycanca oxumaq arzusundadır! Bütün qrammatik qaydaları tam olaraq anlayan və digər iştirakçılara bu mövzuda kömək etməyə çalışan milliyətcə latış olan Anda Sprudedir. Latviyada doğulan, bu mühitdə böyüyən, təhsilini  latışca alan, Latviyada serial və filmlərdə çəkilən aktrisa Samirə Abidini kurslarımıza böyük məhəbbətlə gətirən Azərbaycan kökənli olması və Azərbaycan mədəniyyətinə olan marağıdır. Namiq Əliyev və onun bacısı Nərminə isə milli dəyərlərimizin qorunub saxlandığı azərbaycanlı ailəsində böyüyüb, dilimizdə səlis danışsalar da, kurslarımızda  yazılı ədəbi dilimizin incəliklərini öyrənməyə çalışırlar. Əlbəttə, məşğələlərimiz təkcə dilin mənimsənilməsi ilə məhdudlaşmır. Əcnəbi tələbələrlə dərsdən sonra 44 günlük Vətən müharibəsini diqqətlə izləyirdik, ordumuzun irəliləyərək işqaldan azad olmuş torpaqlarımızdakı mövqelərini xəritədə  göstərdikdə elə həyəcan və sevinc hissi yaşayırdıq ki! Bu duyğunu heç bir sözlə ifadə etmək mümkün deyil. Xocalı ilə bağlı tədbirlərimizdə məhz həmin xarici tələbələrin fəal iştirakı məni fərəhləndirdi. Onlar Xocalı bayatılarını necə də  ürək yanğısı ilə qiraət etdilər!  Salona toplaşanların hamısı kövrək hisslər yaşadı. Belə məqamlar unudulmazdır!

– Bir qədər dərslərinizin gedişatından, danışın. Hansı metodlardan istifadə edirsiniz? Dərs materiallarını necə əldə edirsiniz?

– Mərkəzdə təşkil olunan kurslarımızdakı dərslər “Bazar günü” məktəbindən bir qədər fərqlidir. Kurs iştirakçıları ölkəmizin tarixinə, mədəniyyətinə, incəsənətinə maraq göstərsələr də, əsasən dil öyrənmək məqsədi ilə kurslarımıza yazılırlar. Təəssüflə qeyd etməliyəm ki, kurslarda istifadə etdiyimiz materialların keyfiyyəti bəzən bizi qane etmir, çünki bəzi kitablarda ardıcıllığın pozulması, sistemliliyin olmamasından başqa bəzi kobud, böyük təəssüf doğuran səhvlərə yol verilir. Buna görə də, qərara gəldim ki, dərs vəsaitlərini özüm hazırlayım. Tərtib etdiyim materiallar Avropa tədris sisteminə-  A2 kateqoriyasına uyğun gəlir. (Onu da deyim ki, Latviyada A2 kateqoriyasından imtahan verən şəxs bu ölkədə daimi yaşayış hüququ qazanır.) Tədrisi hazırda bütün dünyada üstün və effektiv hesab olunan kommunikativ metodla aparıram. Sıfırdan başlayan tələbə artıq birinci dərsdə gündəlik həyatda istifadə etdiyimiz 8-10 sözü öyrənməklə danışmağa başlayır ki, bu da tələbədə əminlik yaradır, onu həvəsləndirir və dil maneəsinin aradan qalxmasına kömək edir. Kommunikativ yanaşma tətbiq edərək əvvəlcə danışmağı öyrənirik, sonra isə səhvlər üzərində işləyirik. Dərsin 70 faizi şifahi nitq əsasında qurulur. Müxtəlif mövzular üzrə və ya hansısa bir illüstrativ material əsasında fikirlərin bildirilməsinə üstünlük verilir. Dərslərin 90-100 faizi Azərbaycan dilində aparılsa da, mürəkkəb qrammatik qaydaların izahında, adətən, qaydanın digər dillərdə – latış, ingilis, rus dilində olan qarşılığından istifadə edirəm. Dilimizi öyrənmək o qədər də asan olmasa da, dilimizdə olan qanunauyğunluqlar onun kifayət qədər rahat qavranılmasına imkan verir. Dərsin 5-7 dəqiqəsini iki qrup arasında yarış xarakterli əyləncəli oyunlara, məntiqi suallara ayırırıq ki, bu da yorğunluğu aradan qaldırır və dərsdə xoş ab-hava yaradır. Artıq mənimsənilmiş söz ehtiyatına uyğun krossvordlar tərtib edirəm və biliyin anası hesab olunan təkrar prinsipinin səmərəli tətbiqinə çalışıram. Gündəlik həyatımızda istifadə olunan, ilk baxışdan çox uzun və çətin görünən sözlər təkrarlanma yolu ilə çox tez mənimsənilir və heç zaman unudulmur. Kurs iştirakçıları üçün telefonda mövcud olan proqramların köməyi ilə qrup yaradır, ev tapşırıqlarını həmin qrup vasitəsilə ötürür və ən başlıcası – sözlərin düzgün tələffüzü üçün səsli mesajlar,  müəyyən audiomateriallar göndərirəm. Bu da tələbəyə heç bir vaxt itirmədən, hətta nəqliyyatda belə, ayrı-ayrı sözləri  təkrar-təkrar dinləyib  mənimsəmək imkanı yaradır.

– Gələcək işlərinizdən danışın. Nələri planlaşdırırsınız?

– Bizim planlarımız genişdir. Məsələn, hal-hazırda  dahi Nizaminin  880 illiyinə həsr olunan böyük ədəbi-elmi-bədii gecənin keçirilməsinə əzmlə hazırlaşırıq. Mədəniyyətimizin daha da geniş təbliği, Azərbaycan-Latviya münasibətlərinin inkişafı istiqamətində fəaliyyətimizin yeni formalarını axtarırıq. Bu işdə bizə həmişəki kimi Azərbaycanın Latviyadakı səfirliyi, yeni təyin olunmuş səfir Elnur Sultanov dəstək olur. Mən isə illərlə Azərbaycan dilini xaricdə tədris edən bir müəllim kimi arzu edərdim ki, kurslarımıza maraq heç zaman səngiməsin, tələbələrimizin sayı, deməli, Azərbaycansevərlərin sayı dönmədən artsın. Bu yöndə  gələcəkdə də var qüvvəmlə çalışmaq mənim  üçün böyük  fəxarətdir!

– Başladığınız bu nəcib işdə Sizə uğurlar arzulayırıq, Günay xanım, yorulmayasınız.

Gülyaz ƏLİYEVA









 750 Oxunub