Ədəbiyyatla bağlı bütün sahələrdə ölü sükut hökm sürür.
– İradə xanım, müasir ədəbiyyatımızın vəziyyətini necə qiymətləndirirsiniz. 90-cı illərdən bu yana ədəbiyyatda hansısa köklü dəyişiklik olubmu? Sanki “mogikan”ların dövrü 80-lərdə bitdi. Mən belə düşünürəm. Sizcə necədir durum?
– Biz, ilk növbədə “Müasir Azərbaycan ədəbiyyatı” anlayışı ilə “Gənc ədəbi nəsil” anlayışını fərqləndirməliyik. Müasir ədəbi prosesdə 1960-cı illərdə ədəbiyyata gələn ədəbi nəslin nümayəndələri də iştirak edir. Ə.Əylisli, Anar, Elçin və başqaları… 1990-cı illərdə ədəbiyyata gələnlər artıq 50-55 yaşlı insanlardır ki, onlara “gənc” demək olmaz. 2005-2010-cu illərdə yazmağa və çap olunmağa başlayanların isə sistemli şəkildə ədəbi tənqid tərəfindən izlənilməsi və qiymətləndirilməsi qaneedici deyil. Çünki bu işi görməli olan ədəbiyyatşünaslıq sahəsi – ədəbi tənqid bərbad vəziyyətdədir. Halbuki sovet dövründə belə AMEA-nın Ədəbiyyat İnstitutu və digər elmi-ədəbi qurumlarda zamanın ədəbi-bədii ritmi, nəbzi mütəxəssislərin barmağının altında idi. Yeni imzalar tanıdılır, fərqli intonasiya və istedadla yazılmış əsərlərin hesabatı aparılırdı. Doğrudur, azad söz və sərbəst özünüifadə jestləri çox zaman tənqidlərə məruz qalırdı, amma məhz o “hesabat” aparan məruzəçilərin sayəsində oxucular öz şair və nasirlərini, dramaturqlarını tapırdı. Çox zaman məhz kəskin tənqid olunan kitabların oxucusu daha çox olurdu. Əsas olan o idi ki, ədəbiyyatşünaslıq sahəsində iş, fəaliyyət, canlılıq vardı. Məsələn, Sabir Əhmədlinin niyə 10 il kitabının çap olunmaması faktını filologiya fakültələrinin tələbələri belə bilirdi. Çünki tənqidçilərin hesabatları, təhlilləri çap olunurdu və o materiallarda yazılırdı ki, S.Əhmədli sovet sistemini tənqid edir və s. sitatlarla, konkret misallar və əsaslandırmalarla. Bu, bizim diqqətimizi daha çox cəlb edirdi və həmin müəllifin əsərlərini axtarırdıq. Eləcə də Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Ramiz Rövşən, Vaqif Bayatlı, Mövlud Süleymanlı, Çingiz Hüseynov və başqaları ilə bağlı belə maraqdoğurucu situasiyalar olurdu. Ədəbi mətbuat da indikinə baxanda daha cəsarətli və prinsipial idi. Çox zaman üstüörtülü, ironik tərzdə yazılmış satirik əsərlər çap edirdi. Titullu yazıçıların zəif əsərləri də tənqid olunurdu. Əslində, mövcud imkansızlıq şəraitində bu hal müsbət qiymətləndirilməli imiş… Görünür, biz naşükür olmuşuq… İndi necə qane ola bilərəm ki, 30 ildir müstəqilik, amma ədəbi aləmdə müstəqil tribuna yoxdur. Axı ədəbiyyatın inkişafı ilk növbədə mədəniyyətin, incəsənətin inkişafı deməkdir. Teatr, kino, musiqi, rəssamlıq və s. sahələrin hamısına material ədəbiyyatdan ötürülür. Ədəbiyyatla bağlı bütün sahələrdə isə ölü sükut hökm sürür. AMEA-nın Ədəbiyyat İnstitutu, AYB, Tərcümə Mərkəzi, universitetlərin filologiya fakültələri, onların fəaliyyət sahəsinə aid olan elmi, ədəbi mətbuat orqanları şablonlardan çıxa bilmir. Redaktorlar “kopi-past” üsulu ilə e-maillərinə gələn materiallarla camaatın başını qatır. Yaradıcı, ideyaverici, perspektivli fəaliyyət yoxdur. Axı oxucu auditoriyasının yetişməsində bu faktlar önəmlidir. Təhsildəki vəziyyəti də əlavə etsək, bu ədəbi bədbəxtlik taleyini qanunauyğun hesab edərik…
Qaldı “mogikan” məsələsinə… Mən dünya ədəbiyyatını çox oxuyan və bununla bağlı xeyli araşdırmalar aparan, məqalələr yazan tənqidçi kimi deyə bilərəm ki, bizdə H.Cavid, Y.V.Çəmənzəminli, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Məmmədquluzadə ədəbi nəslindən sonra “mogikan” olmayıb…
– Yeni nəsil şair və yazıçılar ədəbi tənqidə dözümlüdürlərmi?
– Yeni nəsil, əslində, dözümlüdür. Toxunulmaz olan yaşlı ədəbi nəsildir. Kim K.Abdullanın, Elçinin yazdıqlarını tənqid edər? İnanın ki, M.Füzulini, M.Ə.Sabiri tənqid edərlər, amma onların yazdıqlarına etiraza cəsarət etməzlər. Bu qədər ehtiyat və qorxu olan yerdə hansı ədəbi oyanış, inkişaf haqqında danışa bilərik? Ad çəkməmək, üstüörtülü danışmaq, “bəziləri” ifadəsi ilə “təhlükə”nin qarşısını almaq… İnanırmısınız ki, professor, akademik tənqidçilər vəzifəli yazıçıların kitabını tənqid etməkdən qorxur? Əslində həqiqəti yazmaqdan… “Ədəbiyyat qəzeti” ilə bir müddət əməkdaşlıq etdim, redaksiyada ədəbi müzakirələrin təşkilində fəallıq göstərdim, çox maraqlı və aktual mövzularla ədəbi ictimaiyyətin diqqətini cəlb etdik. Müzakirədə bir-iki cümlə ilə kitabı, məqaləsi tənqid olunan adamların tapşırığı ilə müzakirə mətnləri sayta qoyulmadı və sözünü deyə bilən müəlliflər uzaqlaşdırıldı. Ədəbi mətbuat məğər bir qrup medallı yazıçıya gecə-gündüz mədh oxumaq vasitəsidir? Diqqət yetirsəniz, görəcəksiniz ki, heç bir ədəbi mətbuat orqanında tənqid olunan əsər və ya müəllif yoxdur. Ədəbiyyat tarixində nə vaxtsa, əvvəllər də belə bir dövr olduğuna inanmıram…
– Yeni nəsil yazıçılardan nə gözləyirsiniz, Avropa, Şərq və ya qonşu Türkiyə ilə müqayisədə bizim müasir ədəbiyyatımızın ədəbi-estetik, fəlsəfi baxışları qaneedicidirmi?
– Təbii ki, ədəbiyyatda inkişaf məsələsindən danışanda mütləq dünya ədəbiyyatının dünəninə və bu gününə də nəzər salmaq, müqayisələr aparmaq lazımdır. Məsələn, bu gün ədəbiyyatın aparıcı janrı olan roman ayrıca bir sənət məktəbi, sənət növü, sənət estetikası yarada bilmək qəhrəmanlığı tələb edir. Türkiyədə bu fədakarlığı və mücadiləni hazırkı zamanda Orxan Pamuk davam etdirməkdədir. O, dünya roman ədəbiyyatına bu janrın yeni imkanlarını, tam fərqli bir üslubda və dildə yazmağın mümkünlüyünü göstərdi. Dünya oxucusunun şüurunda və zövqündə türk insanının yaşantılarına, Türkiyə, İstanbul tarixinə, hekayətlərinə meydan aça bildi. Çində, Hindistanda, Amerikada yüz minlərlə oxucu Türkiyəni məhz O.Pamuk romanlarından tanıyır. Bizdə statuslu və imkanlı müəlliflər yazılarını dünyanın bir çox dilinə tərcümə etdirir, amma oxunmur…
– Bizim yeni nəsil yazarlardan nəsə öyrənmək olarmı?
– İstedadlı gənclərimiz var, lakin əgər bizim qiymətləndirmə meyarımız məhəlli, milli deyil, dünyəvidirsə, ad çəkə bilməyəcəm… Ədəbi düşüncədə inqilab edə bilməyən, ədəbi təsir dairəsi sərhədləri aşa bilməyən müəlliflər kimə nəyi öyrədə biləcək?
– İstərdim bir qədər də kitab satışı, oxucu auditoriyası barədə danışaq
– Sorğular, araşdırmalar və müşahidələr də göstərir ki, Azərbaycanda bədii ədəbiyyat mütaliəçiləri çox azdır. Məsələn, adi bir fakt deyim. Bir filoloq tələbə və ya məzun, müəllimə oxunması zərurət olan kitablardan haradasa 15-20 faizini mütaliə edib. Qalan 80 faizin yeri boşdur və bu boşluqlar bir yerə yığılanda savadsız, zövqsüz, erudisiyasız bir cəmiyyət modeli ortaya çıxır. Düzdür, bir çox MDB ölkələri ilə müqayisədə şükürlüyük, amma razılaşmamalıyıq və bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Məsələn, Tacikistanda Yazıçılar Birliyinin rəhbərləri, kitab satışı üzrə ekspertlər və bir çox araşdırıcıların statistikasını oxuyanda heyrətləndim. Bizimkilər heç olmasa klassiklərin kitabını və dünya ədəbiyyatını vərəqləyir, ya da Varisi, Elxan Elatlını, Rövşən Abdullayevi kütləvi şəkildə oxuyur. Onlardan çox cüzi bir hissə var ki, dünya, xüsusən rus ədəbiyyatını və klassikləri oxuyur. Hətta elektron kitab oxucusunun da statistikası təəccüb doğurur.
Mən həmişə demişəm və yenə təkrar edirəm ki, oxucu auditoriyasını yetişdirən sahələrdə vəziyyət bərbaddır. Təhsil, məktəb, ədəbi mətbuat, elmi-ədəbi qurumlar… Normal bir ədəbiyyatşünaslıq kitabımız belə yoxdur. Keçirilən ədəbi tədbirlər primitiv, yeknəsəq, şablon və qeyri-səmimi, qeyri-ədəbidir. Çox hallarda belədir.
Qaldı kitab satışı və ya kitabın bahalığı, ucuzluğu məsələsinə. Bunu bəhanə etməyə haqqımız yoxdur. Oxu vasitələri və maddi imkan məsələsi əsas rol oynamır, əsas olan “Oxuyan insan” yetişdirməkdir. Bu bir proses, konsepsiya, məqsəd kimi həllini tapmalıdır.
İlhamə Rəsulova
yeniazerbaycan.com