- Dil, Köşə

Fizzə HEYDƏROVA. Təhsilin xilasını ana dilindən imtinada görənlərin miskin arqumentləri

Yeni dərs ilinin başlanması uzun illərdir davam edən “rus sektoru yaxşıdır, yoxsa Azərbaycan sektoru” mövzusunda mübahisələri yenidən aktuallaşdırıb. Təhsilin acınanacaqlı durumda olduğu ölkədə rus sektorunu müdafiə edənlər iddia edir ki, məhz bu dildə təhsil alanlar daha savadlı, doğma dildə oxuyanlar isə savadsızdır. Xeyli də arqumentləri var. Onlardan biri və bəlkə də, ən cəfəngi odur ki, Azərbaycan dilində səviyyəli dərsliklər yoxdur, ona görə də rusca oxuyanlar daha savadlıdır. Bəs rusca dərslik harda hazırlanır? Onu da Azərbaycan dilində səviyyəli dərslik hazırlaya bilməyənlər hazırlayır, həm də daha bərbad halda.  

Orta və ali təhsilimi rus dilində almışam. Birinci sinfə hələ sovet vaxtı getmişəm, amma məktəbi bitirənə qədər sovet dövründə buraxılan kitablardan istifadə etməli olmuşuq. Xoşbəxlikdən o vaxt hələ indiki “səviyyəli” dərsliklər hazır deyildi. Bəli, sovetlərin hər yerində olduğu kimi, Azərbaycanda da rus sektorunun bilik səviyyəsi yüksək idi. Azərbaycan sektorunda oxuyanların həsədlə baxacağı dərəcədə yüksək. Amma bütün bunlar 30 il əvvəlin məktəbinə gedənlərə aiddir. 30 il əvvəl rus sektorunda birinci sinfi bitirən uşaq yalnız məktəbin hesabına rus dilində mükəmməl danışırdı. İndi necədir? Rus sektorunda oxuyanları iki hissəyə bölmək olar. Bir hissəsi ailədə rusca danışanların uşaqlarıdır – Azərbayan dilində bərbad danışanlar. İkinci hissə azərbaycandilli valideynlərin uşaqları – hər iki dildə bərbad danışanlar.

30 il əvvəl qədər rus sektorunda oxuyan uşaqlar ikinci sinifdən rus ədəbiyyatı ilə tanışlığa başlayırdı. İndi necədi vəziyyət? Rus sektorunu bitirib Puşkini tanımayan nəsil yetişib. “Rusdillilər Dostoyevskini, Tolstoyu orijinaldan oxuyur” kimi təsəlli axtarmayın. 30 il əvvəl rus sektorunda oxuyanlar rus yazıçılarını orijinaldan oxuyub, bunun indiki rusdillilərə aidiyyatı yoxdur, onların Dostoyevskinin adını bilməsi sizin üçün uğur sayılır. Azərbaycan sektorunda oxuyanlar heç olmasa öz yazıçılarımızı tanıyır, ən azı onları oxumaq imkanı əldə edir.

Tv-lərin birində “hansı dildə təhsil yaxşıdır?” mövzusunda debatda belə bir fikir səsləndi – “Rusiyada əmək miqrantı olanların övladları rus sektorunda təhsil almalıdır ki, gələcəkdə Rusiyaya gedə bilsin”.

Demə rus sektorunun vəzifələrindən biri də ruslar üçün qul yetişdirmək imiş. Rus dilində oxu, dili öyrən, ölkəndə heç kimə lazım olmasan, gedib rus üçün işləyərsən.

Rus sektoru müdafiəçilərinin daha bir arqumenti ölkədə rus dilinə ciddi tələbatın olmasıdır. Kim yaradıb bu şəraiti? Sizin kimi rus sevdalıları, ruslara həsədlə baxanlar. Amma yenə də rus dilli işçi axtaranlara sizin 11 il məktəb oxuyub danışanda “что, кого” deyən (rusdillilər bunun nə demək olduğu bilir) uşaqlarınız lazım deyil. “Səviyyəli” rus sektorunda oxuyan uşaqlar daha yaxşı təhsil almaq üçün Rusiyaya üz tutur, ya Avropaya, Türkiyəyə? Ya bəlkə, Azərbaycan sektorunda oxuyanlardan fərqli olaraq repetitor xidmətinə ehtiyacları olmur, çünki təhsilləri yetərincə yüksəkdir? Yaxşı olar, Rusiyanın özündə təhsilin vəziyyəti ilə maraqlanasız.

Təhsilin xilasını Azərbaycan dilindən imtinada, təhsili, elmi Azərbaycandan da bərbad gündə olan rusun dilində görənlər, deyə bilərsinizmi, Dostoyevskini orijinaldan oxumayan yaponun, ingilisin, fransızın, almanın təhsili, elmi rusun təhsilindən, elmindən zəifdir? Bəşəriyyətə, dünya elminə daha çox töhvə verənlərin arasında ruslar neçənci yerdədir? Bəlkə, yığışıb yapon, ingilis, fransız dilində məktəblərin açılmasını tələb edəsiniz? Uşaqlarınız Murakamini, Hüqonu, Şekspiri, Volteri orijinaldan oxusun deyə.

M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyov rusca təhsil alıb, uğurlarına görə rus dilinə borculudur deyənlərin nəzərinə, 18-19-cu əsrin rus yazıçıları təhsillərini fransız dilində alıblar. Lev Tolstoy ibtidai təhsilini alman və fransız dillərində alıb. Rusların “Tolstoy ya Puşkin yazdıqlarına görə fransız dilinə borcludur, nə yaxşı fransız dili var, yoxsa batardıq” deməsini eşidən olubmu?

Rus dili sevənlərin daha bir arqumenti də budur ki, “rus dili ilə  bərabər Azərbaycana mədəniyyət gəldi”.

Öz dilinə hörmət etməyi bacarmayanlara Repin, Raxmaninov kimi dahilərinə hörmət qoymayan, onları öz ölkəsindən qaçıran ruslar mədəniyyət gətiribmiş. Heç olmasa rusdan öz dilinizə hörmət etməyi öyrənərdiniz.  Axı dil təkcə ünsiyyət vasitəsi deyil. O, xalqın milli dəyərlərinin ən mühümlərindən biri, bəlkə də, birincisidir.
Məşhur etnoloq, filosof Klod Levi-Stros yazırdı ki, “…dil eyni zamanda həm mədəniyyətin məhsulu, həm onun vacib tərkib hissəsi, həm də mədəniyyətin mövcudluğunun şərtidir. Hətta dil mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur”. Məsələyə bu müstəvidən baxanda Rusiyada iş tapmaq üçün təhsili rusca almağın zəruriliyi arqumenti çox miskin görünür.

Təbii ki, əcnəbi dilləri də bilmək vacibdir. Bunun üçün 11 il məktəb adı ilə rus dili kursuna getməyə ehtiyac yoxdur. Hər addımda olan dil kursları bu işin öhdəsindən bir ilə rahat gəlir.

1989-cu ildə keçirilən siyahıyaalmada Bakıda 200 mindən azərbaycanlı doğma dili kimi rus dilini göstərmişdi. Belə getsə, müstəqil Azərbaycanda da bu statistika təkrarlanacaq.

Rus sektorunu müdafiə edənlərin növbəti arqumenti – internetdə rusca məlumat daha çox olmasıdır. Ona qalsa ingiliscə və bir sıra Avropa dillərində informasiya və qaynaqlar daha çoxdur.

Sovet dövründə bütün resublikalarda rus sektorunda təhsil daha səviyyəli hesab olunurdu. Necə oldu, digər republikalar rus dilindən asılılığı azalda, öz dillərində təhsilin səviyyəsini artıra bildi, Azərbaycan bunu bacarmadı? Dünyanın 1500 nüfüzlu universiteti sırasında rus dilinə sovet vaxtından rəğbət bəsləməyən, müstəqillik dövründə bu dildən ilk imtina edənlərdən biri olan Gürcüstanın 3 universisteti yer alıb.

Təhsilin xilasını öz dilindən imtinada görənlər, 28 ildir təhsili normal səviyyəyə gətirə bilməyənlər rus dilini də mükəmməl bilir, ingilis dilini də. Ancaq nə etməli olduqlarını heç bir dildə anlamaq istəmirlər.