- Köşə

Afiq MUXTAROĞLU. Adaya düşməyim haqqında yazı

Ağlınıza səssiz, kimsəsiz adaları gətirməyin. Ada deyəndə bilirəm adamın gözünün qarşısında dənizin və ya okeanın uzaq, əl çatmaz, ün yetməz bir yeri canlanır. Nə gələni var, nə gedəni. Mahnıda necə deyilirdi? Sən uzaq yaşıl ada.

Amma mənim düşdüyüm adanın təsəvvürümüzdə canlandırdığımız adalarla yaxından-uzaqdan bir əlaqəsi yox kimidir. Bircə oxşarlığı ada olmasında, dörd yanını Şimal dənizinin sularının yumasındadır.

Adılı düşünməyin ki, mən uzaq, tənha bir adaya düşmüşəmmiş, Robinzon Kruzoluq edirəmmiş. Yox belə bir şey. Özümüzdən yeni söz çıxarmayaq.

Mən adaya düşməyinə düşdüm, yüzlərlə maşını bir dəfəyə əjdaha sayaq kamına çəkən nəhəng “Texelbroom” bərəsi bizi Den Helderdən alıb, bir neçə kilometrlik məsafədə olan Eierland adasına götürür. İyrimi dəqiqəlik bir yol. Maşınla bərəni keçmək bizə 37 avroya başa gəlir. Bəs nə? Adaya düşmək istəyirsənsə bu məbləğin başına and içməlisən. Geri dönüşdə yaxşı ki, rüsum almırlar. Yoxsa adam müflis olar, yeddiilliyi geri düşər. Bir də ki, gəmiyə minib, gəmiçiylə dava ha edəsi deyildik. Haqqını ver, buyur, keç.

Ürəyimi deşir, bunu da deyim: Den Helderə çatanacan Lelystadan başlayıb, 25 km uzanan, gölün içərisindən salınmış, iki tərəfdən mavi suların müşaiyəti etdiyi yolu getməyin tərifini vermək hər adamın hünəri deyil.

İlk başdan deyim ki, Niderlandın Şimal dənizinin sahillərinə yaxın xeyli adası var, Friz adaları və ya Vadden dənizi adaları adlanır. Eierland da onlardan biri, sırada birincisidir. Əslində ada 1629-1630-cu illərdə inşa olunmuş bənd vasitəsiylə Teksel (Texel) adasıyla birləşdirilmiş və müstəqil ada kimi varlığını dayandırmış, Tekselin bir hissəsinə çevrilmişdir. Yəni bu gün Eierland adlı ada mövcud deyil.

Sözümün canına keçməmiş, Eierland adı barədə bir-iki kəlmə deyəcəm. Adanın adını dilimizə “Yumurta yeri”, “Yumurta məskəni”, “Yumurta torpağı”, bəlkə də kəsəcə “Yumurtalıq” kimi çevirmək olar. Sizə hansı xoş gəlirsə, onu da qəbul edin. Durub bundan ötrü sizin kefinizə ha dəyəsi deyiləm.

Bəs nədən bu adanı belə adlandırıblar? O üzdən ki, orta yüzilliklərdə buradan qağayı yumurtası tədarük olunub, Amsterdama göndərilirmiş və odur-budur buraya bu cür ad veriblər. Qağayı yumurtasını yeyirdilərmi, yoxsa başqa məqsədləmi istifadə edirdilər, bilmirəm və burasını məndən soruşmayın, özünüz araşdırın. Bir onu deyim ki, yumurta təkcə yemək üçün deyil. Ondan kosmetikada, hətta inşaatda istifadə edilirmiş və bu gün də istifadə olunmaqdadır. Hətta əski mifoloji mətnlərdə yumurta vasitəsilə kosmoqonik düşüncəni ifadə edirmişlər. Bu da məndən ipucu olsun.

Ada dənizi, yaşıllıqları, sürüylə başıyın üstündən keçən vəhşi qazlarıyla adamı valeh edir. Kiçik kəndlərin, şəhərciklərin tamaşasından doymaq olmur. Qoyun bölüklərinin, inək naxırlarının məəsi-möösü hər addımda eşidilir. Ada istər əkinçilik, istər də heyvandarlıq üçün qüsursuz şəraitə malikdir. Bunları bir tərəfə qoyaq.

Adanın əsas gəlir qaynağı turizmdir. Uzaq-yaxın yerlərdən gələn turistlər adanın hər yerində qarışqa kimi qaynaşır. De Koog, Den Brug kimi şəhərciklərdə, Duinen Milli parkında, dəniz sahilində maşınlı, velosipedli, skuterli, elə lap yayaq dolaşan turistlərin sayı-hesabı yoxdur. De Koogun, Den Brugun hər guşəsində gözə dəyən otellərin, restoranların çoxluğu turizmin necə inkişaf etdiyini təsdiqləyən detallardır.

Adı keçən turistik yerlərdə dünyanın səkkizinci-doqquzuncu möcüzəsi sayılacaq nadir tarixi tikili-filan da gözə dəymir. Turistlər dincliyə, rahatlığa, sakitliyə görə adaya axışır. Kimi bir fincan qəhvəsini, kimi dondurmasını, kimi də holland, ərəb, türk və bu kimi mətbəxlərin təamlarını canrahatlığı ilə mədəsinə ötürür, bu beşgünlük dünyanın kefini çıxarır. Uşaqlar qumluqlarda oynaşır, balıqqulağı toplayır, rəngli çərpələnglərini uçururlar. Bəzən bu oyunları onlar valideynləri ilə birlikdə icra edirlər. Nənə-babalar uşaqlara qoşulub, öz uşaqlıqlarına qayıdır, xoş xatirələrə dalırlar. Üstəgəl də stresdən uzaqlaşıb, onsuz da uzun olan ömürlərini bir az da uzadırlar.

Heç soruşmursuz sənin oralarda nə itin azmışdı? Səni hansı rüzgar adaya atmışdı? Yoxsa sən də mi qağayı yumurtası toplamağa getmişdin? Soruşmursunuz, soruşmayın, canınız sağ olsun. Elə ciddi, qaşlı-qabaqlı durubsunuz, mısmırığınızı elə sallayıbsınız ki, adam üzünüzə baxmağa da ehtiyat edir. Bir üzünüz gülsə, dodağınız qaçsa qiyamətmi qopacaq?

Mənim sentyabrın on gününü Eierlandda keçirməmin elə ciddi bir tarixçəsi də yoxdur. Belə bahalı bir məkana gəlib çıxmamı ucundan-qulağından sizə anladım. Mənimki rəhmətlik Füzulinin “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı” beytində deyiləndəndir. Deyəsən, bu beyti də bu aralar yaman çox işlədirəm. Qüsura baxmayın.

Səbrinizi basın, qulağınız məndə olsun, deyəcəm, mənim gizlinim-zadım yoxdur. Allahdan gizlin deyil, sizdən niyə gizlədim? Əvvəl bir lətifə danışım, sonra.

Dəvə harasa gedirmiş.

Biri soruşur:

– Ay dəvə, xeyir ola, hara belə?

Dəvə deyir:

– Toya dəvət ediblər.

Soruşan sevincək dillənir:

– Ay dəvə, nə yaxşı, həmişə toylarda.

Dəvə cavabında deyir:

– Yəqin ya Bakıya nöyüdə, ya Naxçıvana duza göndərəcəklər.

Dəvənin sözü olmasın, məni adada bir istirahət düşərgəsində işləməyə göndərmişdilər. Həmin düşərgədə həm işlədim, həm yaşadım, həm də Avropa insanlarını müşahidə etdim.

Düşərgədə evlərin həftəlik qiyməti 1100 avrodur. Belə evlər dörd nəfər üçün nəzərdə tutulub. Evropark adlı bu məkanda dincələnlərin çoxu ömrünün qürubunu yaşayan yaşlı cütlüklərdir. Düzdür, colma-cocuğu ilə istirahətə gələn gənc ailələr də gözə dəyir. Sözün arasına bir söz də qatım ki, mən də bu evlərdən birində yaşayırdım. Gözümüzün biri aydın, biri muştuluq da deyib üstündən keçə bilərsiz. Elə bilin bunu mən deməmişəm, siz də eşitməmisiniz.

De sağlıqla qalın. Adadan sözüm bitməyib, davamı ola bilər. Gözləməyə dəyərmi?

Niderland

25 sentyabr 2021-ci il