İran bütün təbliğat vasitələrindən istifadə edərək, Azərbaycana qarşı apardığı “qara piar” siyasətini davam etdirir. Rəsmi media orqanları, televiziya və radio kanalları ilə yanaşı, təhdid kampaniyasına sosial şəbəkələr də qoşulub.
Sosial şəbəkələr vasitəsilə Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsinə çağıran Tehran ölkəmizin ərazi bütövlüyü və suverenliyi əleyhinə mütəmadi qaydada pozucu təbliğatlar aparır. Ən müxtəlif şəbəkələr vasitəsilə Azərbaycanı, rəsmi şəxsləri, ziyalıları və jurnalistləri aşağılayan, təhdid edən materialların dərci, karikatura və video-çarxların yayımlanması, ölkədə məzhəb və etnik savaşa çağırış Tehran siyasi dairələrinin bütün çərçivələri aşdığının göstəricisidir.
Öz ölkəsində sosial şəbəkələri əhəmiyyətli dərəcədə məhdudlaşdıran İran Azərbaycana qarşı əsəb və informasiya savaşında bu quruluşun funksiyalarından maksimum dərəcədə faydalanır.
Qeyd edək ki, İranda internet istifadəçilərinin 55%-i “Telegram”, 23%-i “İnstagram”, 13%-i “Twitter”dən istifadə edir. “Twitter”in rəsmi şəkildə qadağan olunmasına baxmayaraq, İranın Ali lideri Əli Xamenei, prezidenti Rəisi başda olmaqla dövlətin yüksək səviyyəli şəxsləri tərəfindən bu platformadan fəal istifadə edilir. Lakin sadə vətəndaşlar bu hüquqdan məhrum ediliblər.
Baxmayaraq ki, İranda “Facebook” sosial şəbəkəsi qadağan edilib, İran Azərbaycana qarşı informasiya müharibəsində bu şəbəkədən də yararlanır (məsələn, https://www.facebook.com/babapunhan1952 profili).
İran Azərbaycan dindarlarını radikallaşdırmaqla əslində paniranist siyasət yürüdür. Tehran şovinist və müstəmləkə nəzəriyyəsi olan paniraniazmlə Azərbaycanda olan bütün düşüncə tərzlərini aradan qaldırmaq niyyətindədir. Azərbaycan multikultural dəyərlərə üstünlük verən ölkədir. Bu baxımdan, İranın şovinist düşüncə tərzi ölkəmizdə özünə dayaq tapa bilmir.
Mollakratiya o qədər aqressivləşib ki, hətta İslam dinində müqəddəs sayılan şəxslər və kitabları belə aşkar şəkildə təhqir etməkdən çəkinmir. Sözdə İslam dəyərini daşıdığını bəyan edən İranın Azərbaycan əleyhinə apardığı iyrənc təbliğatda böhtan və söyüş ritorikasından geniş şəkildə istifadə etməsi mollakratiyanın əsl simasının göstəricisidir. Əslində, İranı Ermənistan da maraqlandırmır. Erməni işğalından bəhrələnən Tehran rejimi Şuşa məscidini təmir etmək adı altında onun üzərində tarixi faktlara zidd olaraq təhrif olunmuş yazılar yerləşdirib, bu qədim Azərbaycan tarixi abidəsinin guya İrana məxsusluğunu qeyd edib. Şuşa məscidini “İranın Şuşa məscidi”, Ağdamın məscidini “Ağdam fars məscidi” adı ilə təqdim etmək də paniranizmin göstəricisidir. Tarix boyunca Ağdamda fars yaşamayıb. Belə olan təqdirdə məşhur Ağdam Cümə məscidini “fars məscidi” adlandırmaq məhz paniranist təbliğatın tərkib hissəsidir. Bunun sübutu kimi www.badkubeh.com, www.qafqaz.ir və s. saytlara nəzər etmək kifayət edir.
İran müstəqil Azərbaycan adlı ölkənin mövcudluğunu qəbul etmək istəmir. Heç də təsadüfü deyil ki, bu ölkəyə məxsus olan internet resurslarında davamlı olaraq Azərbaycan ərazisi “Şimali İran” kimi göstərilir.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, İran ən müxtəlif ölkələri hədəfə alan qeyri-qanuni silahlı birləşmələrin loqolarını internet resurslarda paylaşır. Maraqlı və diqqəti cəlb edən cəhət odur ki, digər ölkələri hədəfə alan silahlı birləşmələrin loqolarında başqa atıcı silahlar təsvir olunsa da, məhz Azərbaycana qarşı yaradılmış “Huseyniyyun” adlı qanunsuz silahlı birləşmənin loqosunda üzərində optik nişangah quraşdırılmış silah – snayper tüfəngi təsvir olunub. Bu, özlüyündə İİR-dəki bəzi qüvvələrin əksəriyyəti müsəlman-şiələrdən ibarət Azərbaycana qarşı daha məkrli planlardan xəbər verir.
“Huseyniyyun” liderlərindən olan Tohid İbrahimbəylinin İranda dini təhsil alan azərbaycanlı tələbələrdən istifadə etdiyi bəllidir. T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan tələbələrə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu açıq bəyan etmişdi.
İranın əməllərinin İslama zidd olduğunu əlavə şərh etməyə də ehtiyac yoxdur. Hər şey göz önündədir. Tehran əslində dini müstəvidə də İslama və cəfəri məzhəbinə zidd siyasət aparır. Belə ki, İslam dinində və cəfəri əqidəsinə görə, Üsuliddin (dinin əsasları) 5-dir. Tövhid, Nubuvvət, İmamət, Ədl və Məad. Lakin İslamdan Tehran Vilayəti-Fəqih siyasi təlimini Üsuliddinə calaq edib. Ayətullah Xomeyninin müəllimi olan Ayətullah Burcuerdi, Xomeyninin ölümdən qurtaran Ayətullah Şəriətmadəri, “Şirazi ailəsi”, İraqda yaşayan nüfuzlu Ayətullah Sistani də bu təsisata qarşı olublar. İran bölücülük toxumu səpməklə yalnız İslamı deyil, eyni zamanda şiəliyin özünü də parçalayır. İslam libasına bürünən, İslamdan xəbəri olmayan mollakratiya öz ideoloji təlimini – paniranizmi din adı altında təbliğ edərkən iki dayaq üzərində hərəkət edir. Onlardan biri etiqadi mahiyyət daşıyan “təqlid” prinsipindən – mayiyyətdən kənar sui-istifadə, digəri isə “xüms” vergisindən təyinatından kənar iqtisadi baza kimi yararlanmaqdır. İranın öz iqtisadiyyatını gücləndirmək yönündəki fəaliyyətdə “xüms” vergisi də iqtisadi baza rolunu oynayır. Azərbaycan dövlətçiliyinə qarşı yönələn radikal dini təbliğatın maliyyələşməsindəki yerli mexanizmlər məhz Azərbaycan müsəlmanından iranlı müctəhidlər üçün toplanan “xüms vergisi”nin hesabına formalaşır. Azərbaycanda olan ehtiyac sahiblərinə verilməli olan xüms vergisini Tehran mənimsəyir və bu pullar Azərbaycan əleyhinə təbliğatda istifadə edilir. “Xüms” vergisinin yığılması İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın vasitəsilə mərkəzləşmiş qaydada həyata keçirilir.
Burada bir əsas məqamı da vurğulamaq lazım gəlir. Tehran rejiminin daim vurğuladığı bir mövzu var. Guya Birinci Qarabağ müharibəsində İran Azərbaycana xoş niyyətli qardaş yardımı edib, onların hərbçiləri Qarabağa gələrək, burada vuruşublar. Lakin iranlı general Mənsur Həqiqətpurun təlim keçmək adı ilə hərbi əhəmiyyətli koordinatlarımızı Livan vasitəsilə Ermənistana ötürdüyü sübuta yetirilib. 44 günlük savaş dönəmində də İran Ermənistana strateji önəmə malik olan məlumatları ötürüb. Bu da artıq sübuta yetirilib.
İran bu gün təkcə Azərbaycanı deyil, bütün dünyayla təhdid dilində danışır. Tehran uzun illərdir əməllərinə görə lazımı cavabı almadığına görə daha da irəli getməyə, Azərbaycanı, dünyanı müharibə ilə hədələməyə davam edir. Odur ki, bu gün İranı durdurmaq bütün dünyanın vəzifəsi olmalıdır.
APA Analytics