- Mədəniyyət, Müsahibə

Ercan Kesal: Azərbaycanda olmağım xatirəmdə ən xoş anlar kimi qalacaq

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının iştirakçıları arasında məşhur türk aktyoru, rejissor, yazıçı, “Çukur” serialında İdris Koçovalı roluna görə tamaşaçılar tərəfindən sevilən Ercan Kesal da vardır. Tanınan aktyorla müsahibəni təqdim edirik.

– Ercan bəy, əvvəlcə Bakıya xoş gəlmişsiniz. Bundan əvvəl paytaxtımızın qonağı olmuşdunuz, yoxsa bu, ilk gəlişinizdir?

– Bu mənim Bakıya ilk gəlişimdi. Bundan əvvəl burada olmadığım üçün çox təəssüflənirəm. Bakı həqiqətən gözəl şəhərdir. İnsanları çox səmimi və istiqanlıdırlar.

– Azərbaycanda sizi daha çox “Çukur”un İdris babası kimi tanıyır və sevirlər. Bəs siz özünüz barədə nə deyə bilərsiniz? Ercan Kesal kimdir?

– Təşəkkür edirəm. Aktyorluq, rejissorluq və yazıçılıqdan əlavə, ixtisasca həkiməm. Uzun illər həkim işlədikdən sonra film dünyasına baş vurmuşam. Bu gün isə seriallardan tanıdığınız bir türk aktyoru olaraq yox, bir yazıçı kimi qarşınızdayam.

– Bizə yazıçılıq fəaliyyətiniz haqqında məlumat verə bilərsiniz?

– Əlbəttə, sevərək. “Peri qazozu”, “Nasipse adayız”, “Cin aynası”, “Zaman izinde”, “Evvel zaman”, “Velhasıl”, “Bozkırda bir geceyarısı”, “Kendi işığında yanan adam” və “Aslında” kitablarının müəllifiyəm. “Peri qazozu” adlı ilk kitabım 2012-ci ildə Türkiyədə çapdan çıxıb və bir neçə il sonra “Pəri limonata” adı ilə Azərbaycan dilinə tərcümə olunub. Rejissorluq təcrübəmi öz əsərlərimə də tətbiq etmişəm. “Nasipse adayız” əsəri əsasında 2019-cu ildə lentə alınan eyni adlı filmin rejissoruyam. Yəqin ki, bundan sonra daha çox kamera arxasında olacağam, aktyorluq ikinci planda qalacaq.

– Bu gün Bakıda fərqli bir simada, sevənlərinizin sizi görməyi adət etmədiyi bir görünüşdəsiniz.

– Bəli, imicimi bir az dəyişmişəm, bığsız gəlmişəm (gülür). “Çukur” heyəti yeni seriala başlayıb, “Üç kuruş”da mən də çəkilirəm. Fərqlilik olsun deyə, canlandırdığım obrazın bığı yoxdur. Bu dəfə “Kabadayı” deyil, polis obrazı ilə qarşınıza çıxacağam.

– Yəqin ki, “Çukur” serialının Azərbaycanda da kifayət qədər izləyici kütləsinin olduğundan xəbərdarsınız. Buradan azərbaycanlı izləyicilərinizə nə söyləmək istərdiniz?

– Əvvəlcə onu qeyd etmək istəyirəm ki, serialın populyarlıq qazanması səbəblərindən biri güclü ailə mühitinin və birliyin ekranlarda canlandırılmasıdır. İnsanların ehtiyac duyduğu hisslərin – şəfqət və ehtiyacın “Çukur”da qüvvətli tonlarla ifadəsi serialın izləyici kütləsini artıran əsas səbəblərdən biridir. Lakin seriala yüklənən mənanın aktyorların kimliyinə yüklənməsi doğru deyil. Aktyor ona verilən mətnləri oxuyan və onu canlandıran bir insandır. Etiraf etməliyəm ki, düşüncələrimi yazdığım kitablar daha aydın ifadə edirəm.

– Əsərləriniz vasitəsilə insanlara hansı fikirləri çatdırmaq istəmisiniz?

– Əsərlərimi sırf fikirlərimi bölüşmək məqsədilə yazmıram. Hər bir yazıçı kimi mən də içimə çökən narahatlıq və kədəri sətirlərə köçürməklə rahatlıq tapıram. Sətirlər arasında sizə ruhən yaxın olan birilərini tapırsınız və bir-birinizi tanımasanız da, hər sətir başında məktublaşır və dərdləşirsiniz.

– O zaman bu sual yerinə düşəcək. Hər bir yazıçının ilhamverici qüvvəsi nədir?

– Düşünürəm ki, çox yazıçının ilham mənbəyi məhz kədərdir. Mən də o yazıçıların sırasındayam. Mənim üçün atamın vəfatı həyatın vurduğu ağır zərbələrdən biri oldu. Məhz onun vəfatından sonra yazmağa başladım, hekayələrimin çoxunda atamın prototipi var. Yas duyğusunun və acının öhdəsindən gəlməyə çalışdım, insan yazaraq acıdan xilas ola bilir. “Peri qazozu” da atama ithaf olunmuş bir kitabdır. Əsər adındakı “Peri” rəmzi məna daşıyır. Limonad seximiz var idi, uzun müddət, hətta tələbəlik illərimdə də atamın yanında “çıraqçı” işləmişəm. Satdığımız limonadın adı “Pəri” idi. Bu kitab uşaqlıq xatirələrimin toplandığı bir əsərdir.

– Son olaraq, Azərbaycanda gördükləriniz, yaşadığınız hisslər barədə fikirlərinizi bölüşməyi xahiş edirik.

– Burada olan izdiham, səmimiyyət, soruşulan suallar, kitablara və kinoya olan maraq məni çox sevindir. İnsanlarınız həqiqətən çox istiqanlı və yüksək qonaqpərvərlik mədəniyyətinə sahibdirlər. Çox işlədilən bir cümləni mən də təkrarlamaq istəyirəm: “Biz burada özümüzü evimizdəki kimi hiss edirik”. Bəli bu həqiqətdir, biz qardaşlarımızın yanındayıq, qardaşımızın evindəyik. Bakı bizim ikinci evimizdir. İstər təşkilatçılıq, istərsə də zal indiyədək gördüklərim arasında ilk sıralardadır. Azərbaycana ilk səfərim xatirəmdə ən xoş anlar kimi qalacaq”.

(azertag)