- Mədəniyyət

Bu gün Hafiz Şirazinin anım günüdür

Bu gün Şərq poeziyasının görkəmli nümayəndəsi, dünya şöhrətli filosof-şairi Hafiz Şirazının anım günüdür. Hər il oktyabrın 12-də dahi şairin anım günü ilə əlaqədar İranda poeziya axşamları və müxtəlif tədbirlər təşkil olunur.

Koronavirus pandemiyası ilə əlaqədar şairin anımı ilə bağlı kütləvi tədbir keçirilmir.

Şəmsəddin Məhəmməd Hafiz Şirazi 1325-ci ildə İranın Şiraz şəhərində anadan olub. Uşaq vaxtı atasını itirən Hafiz gənc yaşlarından müxtəlif ağır işlərdə işəmək məcburiyyətində qalsa da müxtəlif kitablar və xüsusilə də Quran oxumaqdan heç vaxt əl çəkməyib. Hafiz hələ 10 yaşında Quranı əzbər bildiyi üçün ona “şəkərdodaq” ləqəbi verilmişdi. Bu istedadı ona böyük hörmət qazandırmışdır. Bir müddətdən sonra Hafiz ağır işlərdən əl çəkib məclislərdə Quran oxumaqla çörək pulu qazanmağa başladı. Hafiz mədrəsəni bitirdikdən sonra Sultan Əbu İshaq tərəfindən saraya dəvət alır. Ömər Xəyyam, Nizami Gəncəvi kimi filosof-şairlərin əsərləri ilə yaxından tanış olar Hafiz onlardan ilham alaraq həyat, sevgi, məhəbbət, insanlıq haqqında çoxlu qəzəllər yazıb. Sarayda hamı onun qəzəllərini əzbər bilirdi. Həyatın mənası dərk etməyə çalışan Hafiz öz qəzəlləri ilə insanları rəhmli olmağa, hər zaman hamıya yaxşılıq etməyə çağırırdı. Şair iddia edirdi ki, onsuz da bu dünya qəm kədərlə doludur. Ona görə də insan həyatı xoşbəxt etmək üçün daim yaxşılıq etməlidir.

Dini xurafata, müharibə və münaqişələrə nifrət bəsləyən Hafiz öz qəzəllərində dostluğu, məhəbbəti tərənnüm edirdi.

Könlüm gedir əlimdən, rəhm eylə, sən ey Xudaya

Ey dad məxfi sirrim oldu cahana ifşa

Cəhd eylə doğru yol get, məxluqə yaxşılıq et

Viranədir bu aləm əfsanədir bu dünya.

Hafiz öz qəzəllərində bildirir ki, xoşbəxtlik insanın öz əlindədir. İnsan həyatda hansı yolu seçərsə mənzil başına da o yolla gedib çatar.

Şükür Allaha açılmış yenə meyxanə

Vuralım badələri işarətlə məstanə

Küplərin qəlbi şərab ilə bu gün cuşa gəlib

Bir həqiqətdir o mey sanmayınız əfsanə

Bu qəzəl ilə Hafiz heç də mey içməyi tərənnüm etmir. O dünyanın gözəlliklərinin insanı məst elədiyini deyir və bildirir ki, bu dünya əfsanə deyil, reallıqdı və dünyada yaxşı işlərlə görüb yaxşı yaşamaq olar.

Bütün ömrünü Şiraz şəhərində yaşayan Hafiz Şirazi çox gec ailə həyatı qurub. Onun iki oğlu olub. Biri haqqında çox az məlumat var. Digər oğlu isə atasının ölümündən sonra Hindistana köçüb və orada yaşayıb. Hafiz Şirazı 1390-cı ildə vəfat edib və Şiraz şəhərinin Müsəllah bağında dəfn edilib. Onun məzarı İrana gələn turistlərin ən sevimli ziyarətgah yerlərindən biridir.

Hafizin qəzəl və şeirləri Azərbaycan dili ilə yanaşı dünyanın bir çox xalqların dilinə tərcümə edilib və bu gün də sevilərək oxunur. (azertag)