İslam renessansının qaynağında İslam inancı dominantdır. Fars, yaxud ərəb dilində türk kimliyi ilə (yaxud əksinə) yazmaq Altun Çağın xüsusiyyətlərindəndir. Balasaqunlu Yusifin türkcəsi ilə Nizaminın farscası və Mahmud Kaşqarlının ərəbcəsi arasında önəmli olan onların inanc birliyidir. Son peyğəmbəri Nizami farsca, Balasaqunlu türkcə, Kaşqarlı ərəbcə vəsf edir… Ərəb Əbu Osman əl Cahiz “Türklərin fəziləti”ni yazır, fars Firdovsi türk qəhrəmanını ədəbiyyatlaşdırır. Qızıl Dövrün başlanğıcında ərəb xəlifəsi Harun ər Rəşidin xanımı Zübeydə xatunun Azərbaycan türkcəsində şeirlər yazdığı tarixi qaynaqlarda qeyd olunur.
İslam dini dünya düzənində düşüncə sistemini dəyişib, elmi həyata yeni istiqamət verib. “Elm tarixi”nin müəllifi Georgi Sartona görə, Fərabi, İbn Sina, İbn Rüşd, Qəzali, İbn Heysəm, əl Kindi, Cabir, Xarəzmi, Razi, Məsudi, Xəyyam dövrü dünya elminin Qızıl Çağıdır…
Ərəblər kimi türklər də, hətta farslar da bu yeni mədəniyyət dalğasına daxil olublar… Əndəlüsdəki ərəblə Qəznədəki türk eyni etiqad mədəniyyətini bölüşür.
Türk Qəznəvilər fars Firdovsiyə “Şahnamə” yazdırır. Firdovsi tarixi farslaşdıracaq, öz qövmünün xeyrinə faydası bu günə qədər davam edən mifoloji bir tarix uyduracaq, məcusi inancını “Şahnamə”yə yükləyəcək, amma qəznəli sultan bilir ki, “Şahnamə”də türklərin atası Əfrasiyab da ehya tapacaq…
Sultan Mahmud “Şahnamə”ni farsca yazdırdı, amma ərəbcə bilməyən anasının xətrinə “Quran”ın türkcə tərcüməsini də yazdırdı.
Qəznəlilərin ölkəsində Mənuçöhri adlı bir şair isə: “Daha gözəl söyləmən üçün üslubunu Türk üslubuna bənzət” – deyirdi.
Mahmud Kaşqarlı ərəb dilində yazdığı türk dili qamusunu ərəb xəlifəsinə təqdim edir. Abbasi xəlifəsi Muqtədibiəmrullahın anası səlcuqlu sultanı Məlikşahın Türkan xatundan olan qızı Mahmələk xatundur. Səlcuq sultanı ərəb xəlifəsi tərəfindən cahan hakimi elan edilib…
Abbasilərin yönəltdiyi islam xilafətinin zamanında Türklərin Cahan hakimiyyəti başlayır. İslam tarixinin isə qızıl çağı davam edir… Türklər üçün qəbləl tarix bitib. Yeni tarix başlanıb. Bizim alimlərin istər ötən əsrin 40-cı illərində, istərsə də indi səlcuqlu amilini arxa plana keçirməsi xeyli düşündürücüdür…
Axı burda mən və sən yoxdur. Biz varıq. Fəriddəddin Əttar da, Xəyyam da, Nizami və Rumi də səlcuqlu türklərinin dövlət gələnəyi içindədir… Ərəb dilində yazan türk Xətib Təbrizini ərəblər bütün ədiblərin imamı adlandırdıqları kimi, farsca yazan türk Nizamini də farslar zamanın şeyxi adlandırırdılar. Qızıl Çağın başlanğıcında görünən səlcuqlu üfüq xəttində Nizamiyyə müdərrisi Xətib Təbrizi ilə Gəncə şeyxi Nizaminin simasında Azərbaycan ədəbiyyatı həm nəzəri, həm də bədii baxımdan Şərqin mənəvi materikində dominantlıq edirdi. Zəki Vəlidi Toğan demişkən, tarixdən öncəki çağlarda buranı özünə vətən qılmış və artıq başqa milli ünsürlərə qarışıb itməkdə olan türkləri Azərbaycanda yenidən qüvvətləndirən səlcuqlular oldu. Səlcuqluların Malazgirddəki zəfəri Anadolunun qapılarını türklərin üzünə açdığı kimi, Azərbaycanın qapılarını da Bizansın üzünə ömürlük bağladı…
1926-cı ildə yazdığı “Türk ədəbiyyatı tarixi” kitabının “Səlcuqlular dövründə türk ədəbiyyatı” bölümündə Fuad Köprülü Səlcuqlular mərhələsinin başlıca şairlərinin sırasında “xəyallarının genişliyi və sözlərinin ehtişamı ilə” Ənvəri, “ədasındakı səmimiyyət və şəhanətlə” Xaqani Şirvani, “təbiət təsvirlərindəki məharətiylə” Qətran Təbrizi ilə yanaşı “özündən əvvəl və sonra gələnlərin hamısına tərcih edilə biləcək bir sənət dəhası olan” Nizami Gəncəvini də yada salırdı. Bartold Nizamini səlcuqlu dövrü ədəbiyyatında “mənzum romanları ilə tanınmış məsnəviçi” kimi səciyyələndirir, Banarlı isə səlcuqlu dövrü ədəbiyyatı barədə mülahizələrini irəli sürərkən, “müştərək İslam ədəbiyyatının əsrlərcə ustad bilib izindən yürüdüyü Gəncəli Nizamini “beş böyük məsnəvisiylə klassik Şərq romanının qurucusu” adlandırırdı. Səlcuqlu dövrü ədəbiyyatı Qızıl Çağın ağuşunda ortaq ədəbiyyat tariximizin fərqli bir aşaması və keçid mərhələsiydi.
Yaşar Qarayev haqlı yazır ki, “”Xəmsə” üzərində son tədqiqlər Mikel Ancelonun və Leonardo da Vinçinin Renessans mənşəyindən, Renessansın isə vahid Nizami mənşəyindən danışmağa bizə haqq verir”. (Yeri gəlmişkən, xatırladım ki, ədəbiyyatşünaslıqda Nizami-Qızıl Çağ və intibah kontekstini, hələ üstəlik, “Azərbaycan intibahı” problemini ilk dəfə 1939-cu ildə yazdığı “Nizami” monoqrafiyası ilə Mikayıl Rəfili təklif etmişdi).
Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının da, dünya renessansının da bünövrəsində dayandığı kimi, yeni çağın təməllərinin qoyulmasında da yaxından iştirak etdi… Yeni çağ deyərkən, mən təkcə Azərbaycan ədəbiyyatını nəzərdə tutmuram. Dünya romantizm və millət dövrünə adlayanda Alman ədəbiyyatının dahiləri – alman maarifçiliyinin ana kitabını yaradan, romantizm dalğasını hərəkətə gətirən Höte də, Şiller və Heyne də Nizamini təqdis edirdilər. XX yüzilin əvvəllərində Azərbaycanda türk kimliyi prosesi aktuallaşanda Əli bəy Hüseynzadə də diqqəti Nizami Gəncəviyə yönəltmişdi. 1906-cı ildə “Həyat” qəzetində “Xəmseyi-Nizamidən tərcümə” (“Sirlər xəzinəsi”ndən “Ədl-zülm, yaxud bir xərabazarın mənzərəsi”), 1907-ci ildə isə “Füyuzat” dərgisində “Leyli və Məcnun” poemasından “Nizaminin övladına nəsihəti” dərc olundu. Bu, əslində, böyük bir qayıdışın başlanğıcı idi. Və səbəbsiz deyildi. Çünki Nizami düşüncələrinin milli bir bünövrəsi vardı, dediyim kimi, özü də Azərbaycandakı türk kimliyinin təməl daşlarından biriydi, heyrətamiz dərəcədə olan dahiliyinin və övliyalığının bəlirtilərindən biri də 800 il əvvəl Qafqazı rusların təcavüzündən azad görmək ideyası, yaxud “Şahnamə”də İran aristokratiyasının çox aydın əks etdirilən siyasi nəzəriyyələrini qəti surətdə rədd etməsi” (Bertels) idi… Nizami İran şairi deyildi, Səlcuqlu ölkəsinin və ənənəsinin şairi idi. Bertelsin dediyi kimi, “Bugünkü İran ərazisi Səlcuq dövlətinə daxil olurdu. Təkcə buna görə Səlcuq dövlətini İran adlandırmaq mümkün olmadığı kimi, İran ədəbiyyatını da bu torpaq ilə əlaqədar etmək düzgün deyildir”.
“Biz Əfrasiyabıq!” – deyə özünün milli kimliyini dolayısı ilə deyil, birbaşa ifadə edən, “Xəzər dağından Çin suyuna qədər, Türklərlə doludur bütün bu yerlər” deyən şairin doğulduğu və yaşadığı Azərbaycan, hələ üstəlik, Ərmən də (bugünkü Ermənistan) türk Əfrasiyabın torpaqları, böyük Turanın bir parçasıydı və bunun İrana heç bir dəxli yox idi. Nizami Əfrasiyab yurdunun Azərbaycanla kifayətlənmədiyini də “İskəndərnamə”dəki bu sözlərilə ifadə etmişdi: “Əfrasiyab mülkünün varisi erkən // Başını günəştək ucaltdı Çindən”.
“Həyat” və “Füyuzat”da dərc edilən parçalar Nizami Gəncəvinin yaradıcılığından Azərbaycan türkcəsinə ilk tərcümələr idi. Şeirləri Məhəmməd Hadi tərcümə etmişdi və Nizami Azərbaycan türkcəsində ilk əsərinin – “Sirlər xəzinəsi”nin elə öz bəhrində – səri bəhrində Məhəmməd Hadinin diliylə danışırdı:
Hər kişi İsa kimi bəxş etsə can.
Aləmə ədl ilə olur hökmran…
Məmləkət ədl ilə olur payidar
Hər əməl ədl ilə qalır bərqərar…
Sonra “Füyuzat”:
Su misli söz də gərçi basəfadır,
Söz ol sözdür ki, azdır, bixətadır.
Nə rütbə olsa da su pakü safi,
Çox içmək sihhətə oldu münafi.
Məhəmməd Hadidən 35 il sonra bu misralara bir də Səməd Vurğun müraciət etmişdi:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı olsa da suda,
Artıq içiləndə dərd verir o da.
Mən bu paralelləri əbəs yerə örnək vermirəm. Əvvəla, köhnə sovet təbiri ilə “azərbaycanlıları tarixə bəlli olmayan “türk xalqı”nın bir hissəsi, bir budağı kimi qələmə verdiyinə görə” – hədəfə aldıqları “pantürkist və burjua millətçisi” Əli bəy Hüseynzadənin Nizami irsini Azərbaycanda hamıdan əvvəl önəmsədiyini xatırlatmaq istədim… Digər tərəfdən, Azərbaycan ədəbi dilinin (həm də Azərbaycan tarixinin) iki fərqli inkişaf mərhələsində iki fərqli böyük istedadın qələmində Nizami Gəncəvi təxminən eyni sözləri söyləyirsə, indi “Xəmsə”nin yeni tərcümələrinin zəruriliyindən danışanlar bu misraları hətta bəhr və poetika, məzmun dəqiqliyi baxımından Məhəmməd Hadidən, yaxud çağdaş Azərbaycan ədəbi dili baxımından Səməd Vurğundan daha üstün səviyyədə tərcümə edəcək hansı şairimizi təklif edə bilər? Ümumiyyətlə, tərcümənin yenilənməsinə lüzum varsa, tutaq ki, təqdim olunan parçaların orijinalla müqayisəsində unudulan məqam hansıdır? Eləcə də “İskəndərnamə”nin ideoloji ağırlığı onun filoloji yapısını kölgədə qoyursa bu əsəri, əsərdə ruslar barədə yazılanları kim Abdulla Şaiq həssasiyyəti ilə çevirə bilər? Hər halda, bu barədə düşünməyə dəyər… Yeri gəlmişkən, İslam intibahının ilk onilliklərində slavyanlar barədə ilk tarixi-etnoqrafik bilgiləri ərəb İbn Fədlan verir. Qızıl Çağın sonlarında Nizami rus varlığını ədəbiyyat səhnəsinə rus ədəbiyyatından əvvəl çıxarır. Rus obrazını əvvəl Nizami, sonra rus ədəbiyyatı yaradır… Bu da təbii idi. Laslo Rasoninin dediyi kimi, “Avropanın böyük millətləri hələlik meydanda deyildi, slavyanlar, o cümlədən ruslar sivrilib tarix meydanına çıxmamışdılar, tarixsiz və məchul kütlə şəklindəydilər… İngilis, rus… zəkasının hələlik heç bir əsəri yoxdu. Hələlik bu millətlər milli şüura malik deyildi…”. Bu mənada, Nizami təkcə bizim üçün deyil, millət ayrı, din ayrı başqaları üçün, tutaq ki, “Dördüncü iqlim padşahının qızının hekayəti” ilə ruslar üçün də əvəzsiz bir dəyər hesab olunmalıdır. Rusları həm özlərinə, həm də dünyaya tanıtdırmaq baxımından…
Nizami bir-birinə bağlı iki dalğanın içindən keçir. Altun Çağ adlanın islam intibahının və Səlcuq mərhələsinin… Azərbaycan intibahı da bu dalğaların içində gəlişir… (edebiyyatqazeti.az)