- Dil, Manşet, Müsahibə

Yaroslav Pilipçuk: “Ukraynada yüzlərlə türk toponimi var”

Kamilinfo-nun bugünkü qonağı tarix elmlər doktoru, Kiyev şəhərindəki M.P.Draqomanov adına Milli Pedaqojı Universitetin tarix-fəlsəfə fakültəsinin müəllimi, türkoloq, uralist və qafqazşünas Yaroslav Pilipçukdur.

– Ukraynada türkologiyanın tarixi nə vaxtdan başlayır?

-Faktiki olaraq 19-cu əsrdən. Türk dillərindən Ukrayna dilinə ilk tərcümələr başlayandan. Bu işlə bizim yazıçılar məşğul olurdu. Türk dillərini bilməyə gəldikdə, XVII-XVIII əsrdə siyasətçilərimiz (Pyotr Konaşeviç-Saqaydaçnıy, Boqdan-Zinoviy Xmelnitski, Pyotr Doroşenko, İvan Mazepa) türk dilini yaxşı bilirdi. Getman İvan Mazepa 1686-1708-ci illərdə Rus dövlətinin siyasətinin cənub vektoruna kuratorluq edirdi. Getmanların nəzdində dəftərxana aparatı və diplomatik xidmət var idi. Onların vasitəsilə Krım xanlığı və Osmanlı imperiyası ilə yazışmalar aparılıb. Tarixən belə alınıb ki, ukraynalılar Krım tatarları və türklərlə qonşu olublar.

-Son illərdə Ukraynada aparılan türkoloji araşdırmalar barədə ətraflı danışa bilərsiniz? Səhv etmirəmsə, Ukraynanın bir sıra universitetlərində türkoloji araşdırmalar aparılır.

-Əslində bir neçə araşdırma mərkəzi var. Bunlar ilk növbədə Ukrayna Elmlər Akademiyasının Şərqşünaslıq və Tarix İnstitutları, T.Şevçenko adına Kiyev Milli Universiteti, İ.Franko adına Lvov Milli Universiteti, V.Karazin adına Xarkov Milli Universiteti, Kiyev-Mogilyans Akademiyasıdır (Kiyevdə universitet). Türkologiyada Ukrayna üçün ən aktual mövzular Şərgi Avropanın türk xalqlarının tarixi və Anadolunun türk dövlətlərinin tarixidir. Azərbaycan türklərinin tarixi nisbətən yaxın dövrdən öyrənilməyə başlanılıb.

– Konkret olaraq Sizin araşdırma hansı istiqamətdədir? Azərbaycan oxucuları ilə nə ilə bölüşmək istərdiniz?

-Mənim dissertasiya araşdırmalarım qıpçaqlara həsr olunub. Namizədlik işim monqolların Dəşti-Qıpçak istilasına, doktorluq işim qıpçaqların sosial tarixinə həsr olunub. 2013-2019-cu illərdə mənim üçün peçeneqlərin tarixi, Qızıl Ordanın tarixi, Krım xanlığının tarixi prioritet idi. Azərbaycan tarixi ilə 2017-ci ildən, Gürcüstanın xarici siyasət tarixi ilə əlaqədar olaraq məşğul olmağa başladım.

– Bizə məlumdur ki, hazırda Kiyev Milli Linqvistika Universitetində Azərbaycan dili və ədəbiyyatı tədris edilir. Azərbaycan dili ilə bağlı araşdırmalar varmı?

-Bu barədə sizə Kiyev Milli Lingvistika Universitetinin müəllimləri daha yaxşı məlumat verər. Mən tarixçiyəm.

Ukraynada türk toponimləri qalırmı? Deyilənlərə görə, əksər türk adları sonradan Ukrayna dilinə çevrilib, məsələn Konka (keçmiş Yılki Su) yaxud Moloçnaya (tarixi Suten çayı) çaylarının adları.

-Bizdə türk toponimləri çoxdur. Ən məşhurları Balta və Kaqarlıq. Ümumiyyətlə, düşünürəm ki, onların sayı bir neçə yüz olar.

Ukraynalılar və türklər arasında mədəni və digər qarşılıqlı əlaqələr barədə müxtəlif məlumatlar var. Ətraflı məlumat verə bilərsiniz? Məsələn, deyirlər ki, Ukrayna kazakları tatar süvari dəstələrinin hərəkətini kopiyalayıb və tatarları təqlid edərək dəfələrlə polyakları qorxudublar. Onlar Allahu-Əkbər çağırışından da çəkinməyib və sonralar bu Ukrayna dilində “qalay-qalay”kimi qalıb!  

-Türklərlə ukraynalıların qarşılıqlı əlaqəsi mövzusunda xeyli araşdırmalar var. Bunlardan sonunculardan biri “Ukraynalılar Krım tatarları, noqaylarla qarşıdurmalar və qarşılıqlı əlaqələr arasında” adlı kollektiv monoqrafiyadır. Taras Çuxlib “Kazaklar və yeniçərilər”, “Kazaklar və tatarlar” kitablarını nəşr edib. Vlad Quleviç XV əsr Krım Xanlığı barədə əla monoqrafiya yazıb. Mənim qipçaqlarla bağlı araşdırmalarım var. Aleksey Komarın və Oseli Şdanoviçin hunlar, bulqarlar və xəzərlərlə bağlı işləri var. Ümumiyyətlə, türk-Ukrayna əlaqələrinin mövzusu çox həcmlidir. Arxeoloji tədqiqat materiallarına əsasən, Qızıl Orda dəbinin ukraynalılara təsiri qeydə alınıb. O cümlədən, şarovarlar (türk xalqlarından) və kuçma-papaqlar (Qızıl Orda tərkibində). Silaha gəldikdə, çöl qonşularımızdan əyri köçəri qılıncı götürülüb və ənənəvi klassik düz qılıncın əvəzinə istifadə edilib. Saç düzümünə gəldikdə, ukraynalılar türk-bulqarın çembasının və qazaxların aydarının analoqu olan kəkil gəzdirirdi.

– Taras Şevşenko adına Kiyev Milli Universitetinin türkologiya kafedrasının dosenti Aleksey Qalenko müsahibələrinin birində qeyd edib: “Ukraynalıların türklərlə əlaqələrin təcrübəsini özünə hopdurmuş milli mədəniyyəti həmçinin ukraynalıların ruslarla mədəni məsafəsini də saxlayıb”. Bununla bağlı nə deyə bilərsiniz?

-Belə alınıb ki, coqrafi faktorlar səbəbindən ukraynalılar çöl dünyası ilə sıx qarşılıqlı əlaqədə olub. Ruslar üçün isə daha çox meşə zonası və Avropanın fin xalqları ilə qarşılıqlı əlaqə xarakterikdir. Onların kokoşnik və çarığı da ordandır.

-Sizcə, son illər rəsmi Kiyevin, Ankaranın və Bakının yaxınlaşmasında ukraynalıların etnogenezində türk xalqlarının, o cümlədən qıpçaqların iştirakının, eləcə də əsrlərlə davam edən mədəni əlaqələrin rolu varmı, yoxsa bu sırf siyasi mülahizələrlə bağlıdır?

-Türkiyə və Azərbaycan Krım və Donbas məsələsində davamlı olaraq bizi dəstəkləyir. Azərbaycan öz təcrübəsindən işğal edilmiş ərazilərin və insanların köç problemini bilir. Bu, ölkələrimizi yaxınlaşdırır. Bundan əlavə, azərbaycanlılar öz təcrübələrindən rusların hökmlarnlığının nə olduğunu bilir. Rusiya imperiyası və SSRİ Azərbaycan tükrlərinə də, ukraynalılara da çoxsaylı bəlalar gətirib.

– Ukrayna-Azərbaycan əlaqələrinin və dostluğunun perspektivlərini necə görürsünüz?

-Düşünürəm ki, əməkdaşlıq davam edəcək. Paradiqma hələ XX əsrin 90-cı illərində qoyulub, o zaman Ukrayna Milli Assmableyası – Ukrayna Milli Özünümüdafiə sıralarından ukraynalı könüllülər Birinci Qarabağ müharibəsində Azərbaycanın tərəfində döyüşürdü. İkinci Qarabağ müharibəsində isə Ukrayna diplomatik şəkildə Azərbaycanı dəstəklədi, bizim KİV-lər isə bir çox Avropa ölkələrindən fərqli olaraq Azərbaycanın mövqeyini tutdu.

Gülyaz ƏLİYEVA

 418 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova