Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Şəhərin 3 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun baş inspektoru, polis kapitanı Amil Kərimov, məktəbin direktor müavini Arzuman Cəfərov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər, məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.