Azərbaycan tarixən müxtəlif millətlərin, dinlərin və məzhəblərin, bir sözlə, müxtəlif mədəniyyətlərin sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Tarixin heç bir mərhələsində Azərbaycanda milli və dini zəmində hər hansı narahatlıq yaşanmayıb. Tarixi ənənələri davam etdirəm Azərbaycan xalqı bu gün də harmoniya mühitini qoruyub saxlayır. Xalqın həyat tərzini təşkil edən nümunəvi birgəyaşayış elmi ədəbiyyatda multikulturalizm adlanır.
Bu gün multikulturalizmin hökm sürdüyü Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən çox böyük uzaqgörənliklə qoyulmuş Azərbaycançılıq məfkurəsi ideoji sütunumuz hesab edilir. 2001-ci ildə dünya azərbaycanlılarının birinci qurultayında Heydər Əliyev Azərbaycançılıq ideologiyası ilə bağlı fikirlərini həm ölkə vətəndaşlarına, həm də bütün dünya azərbaycanlılarına çatdıraraq gələcəyə istiqamətlənmiş proqram xarakterli çıxış edib. Onun “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir” kimi fikirləri və yanaşmaları vətəndaşlarımızın düşüncəsində dərin və məzmunlu yer tutur. Zaman keçdikcə Azərbaycançılıq ideologiyasının əhəmiyyəti ilə bağlı xalqımızda daha dolğun təsəvvürlər yaranıb. Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, Azərbaycanın bu günü və sabahı məhz bu ideologiya ətrafında sıx birləşməkdən keçir.
Hazırda bu ideoloji xətt Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev dünya azərbaycanlılarının 2011-ci ildə keçirilən üçüncü qurultayında çıxış edərək ideoloji işlə bağlı dövlət siyasətini bir daha ifadə edib: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var-Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var-azərbaycançılıq məfkurəsi!”
Dövlətimizin əsas siyasi-ideoloji xəttini təşkil edən azərbaycançılıq ideologiyası istiqamətində görülən tədbirlərin nəticəsini müxtəlif hadisələrdə aydın şəkildə görmək olar. Buna parlaq nümunə kimi 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün ərzində tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən Müharibəsini göstərmək mümkündür. Vətən Müharibəsində ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri ön cəbhədə, arxa cəbhədə və informasiya cəbhəsində Azərbaycanın haqq işi uğrunda aparılan müqəddəs savaşda sinələrini sipər etdilər, həm də müharibə dönəmində ölkəmizdə milli və dini zəmində narazılıq yaratmağa çalışan xaricdən idarə edilən qüvvələrə layiqli yerlərini göstərdilər. Bu baxımdan Vətən Müharibəsi həm də azərbaycançılıq ideologiyasının, multikultural dəyərlərin qələbəsi kimi qiymətləndirilir. Göründüyü kimi, artıq Azərbaycan cəmiyyətində yad-ideoloji qüvvələrə qarşı siyasi-ideoloji və mənəvi immunitet formalaşıb.
Formalaşan ideoloji immuniteti qoruyub saxlamaq və daha da möhkəmləndirmək qarşımızda duran əsas vəzifəmizdir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi əsasən təhsil sahəsindən keçir. Məlumdur ki, ölkəmizdə dövlət təhsil sisteminin əsas məqsədi milli və ümumbəşəri dəyərlərə sahib şəxsiyyət hazırlamaqdır. Bu baxımdan formalaşmaqda olan yeniyetmə və gənclər arasında fəal təbliğat işi aparılmaqdadır. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemi və onun ayrılmaz və əsas tərkib hissəsi olan azərbaycançılıq ideologiyası aparılan təbliğatın əsasını təşkil edir.
Bu gün müstəqilliyimizin bərpasının 30-cu ildönümdür. İnanırıq ki, vətənimiz Azərbaycan bundan sonra da sağlam ideoloji əsaslar üzərində inkişaf edərək qarşıya qoyulan hədəfləri inamla yerinə yetirəcək, müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz olacaqdır!
Emin HƏMİDLİ,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı