- Cəmiyyət

UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırıb

UEFA “Uembli” stadionunda İtaliyaya qarşı keçirilmiş AVRO-2020-nin final oyunundakı hadisələrə görə İngiltərə Futbol Assosiasiyasını cəzalandırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Nəzarət, Etika və İntizam Komitəsinin qərarına əsasən, İngiltərə millisi qarşıdakı 2 ev görüşünü boş tribunalar önündə keçirəcək. 2 oyunluq cəzanın biri şərti xarakter daşıyır və 2 il sınaq müddəti verilib.

Bundan başqa, assosiasiya stadionda və onun ətrafında nizam-intizamın təmin olunmaması, meydançaya tamaşaçıların müdaxiləsi, yad əşyaların atılması və dövlət himnlərinin səsləndirilməsi zamanı hörmətsizlik edilməsinə görə 100 000 avro cərimələnib.

Qeyd edək ki, qarşılaşmanın start fitindən öncə 100-dək fanat stadiona biletsiz daxil olmağa çalışıb. Bundan əlavə, tərəfdarlar görüş zamanı stadiona qaçıb və pirotexniki vasitələrdən istifadə edib.

Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə İngiltərəyə penaltilər seriyasında qalib gələn (3:2) İtaliya yığması Avropa çempionu olub.