Özbəkistanın Qaraqalpaqstan Respublikasındakı Acıniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə yaradılan ocağın açılışında Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, AMM-nin direktoru Samir Abbasov, Bakıdan və Daşkənddən gələn qonaqlar, institutun professor-müəllim heyəti, jurnalistlər iştirak edib.
Açılışın rəmzi qırmızı lentini Qənirə Paşayeva, Samir Abbasov və institutun rektoru Bayrambəy Atemuratov kəsiblər.
Azərbaycan mərkəzindəki nəşrlər arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap olunan kitablar var. Kolleksiyada AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb. AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən” əsəri, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”i, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda kitablar da hədiyyə olunan nəşrlər arasındadır. Otaqda Azərbaycan bayrağı, yazıçılarımızın portretləri, Qarabağın milli qadın və kişi geyimləri, xalçalarımız, suvenirlərimiz də nümayiş etdirilir.
Azərbaycan mərkəzi kompüter və televizorla da təmin edilib.
İnstitutun rektoru qonaqları salamlayıb, mərkəzin yaradılması üçün AMM-nə təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi istiqamətində bu mədəniyyət ocağının böyük rolu olacaq.
Samir Abbasov Özbəkistanla mədəni əlaqələrin inkişafından danışaraq, rəhbərlik etdiyi mərkəzin təşkilatçılığı ilə bir çox ali məktəbdə, mədəniyyət müəssisəsində Azərbaycan mərkəzlərinin yaradıldığını bildirib.
O, dövlət başçılarımızın görüşlərinin iki ölkə arasında əməkdaşlıqda yeni imkanlar açdığını və qarşıya yeni hədəflər qoyduğunu vurğulayıb. Qaraqalpaqstanda ilk layihə olaraq Hüseyn Cavid adına mərkəzin yaradıldığını, burada Azərbaycan dilinin, ədəbiyyatının geniş təbliğ ediləcəyini, konfranslar, seminarlar, açıq dərslər keçiriləcəyini qeyd edib. Diplomat mərkəzin Qaraqalpaqstanla Azərbaycan arasında mədəni əlaqələrin genişlənəcəyinə inamını ifadə edib.
Samir Abbasov Özbəkistan-Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O, Hüseyn Cavidin bu misralarını səsləndirib: “Turana qılıncdan da iti, ən ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət”.
Qənirə Paşayeva dahi Berdakın vətənində Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Ocağının açılmasını böyük hadisə adlandırıb. Komitə sədri Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrindən danışıb, əməkdaşlığın daha da yaxınlaşması istiqamətində dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu vurğulayıb. Türkdilli dövlətlər arasında, Turan ellərində əməkdaşlığın daha da gücləndirilməsindən danışan Komitə sədri əmin olduğunu bildirib ki, bundan sonra Qaraqalpaqstanla Azərbaycan arasında əməkdaşlığın inkişafı daha da dərinləşəcək.
Yazıçı və şairlərimizin dostluğu haqqında söhbət açan deputat Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu vurğulayıb.
Qənirə Paşayeva deyib ki, Özbəkistan Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etmək üçün başladığı Vətən müharibəsində ölkəmizin haqq işini müdafiə edib. Bu dostluq və qardaşlıq nümunəsinə görə o Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib.