- Köşə, Manşet

Vasif SADIQLI. “Əlif”lər döndü “nun” oldu və ya arxetiplər dünyasının altı üstünə çevrilir?

Dünya bizi təəccübləndirməkdə davam edir. “Dünya” deyəndə kiminin ağlına Biq Bənqlə yaranıb genişlənməkdə davam edən kainat, kiminin ağlına bekarçılıqdan özüyçün gəzən vələdüzzina atomun hərəkət etməsi səbəbindən parçalanıb iki, sonra dörd, sonra səkkiz, sonra on altı … olması nəticəsində yaranan kainat, kiminin ağlına “əsəbiləşərkən şirniyyat yeyən xanım”, çoxlarının ağlına isə dar mənada digərləri –  uzaqlarda olan mövcudluq, məsələn, paralel dünyavirtual dünya və təbii ki, Yer kürəsi və onun üzərində belədən belə dolaşan homo sapienslər gəlir…

Gəlimli-gedimli dünya yaranandan müəyyən arxetiplər də formalaşıb və onların insanların həyatına ciddi təsiri bu gün də qalmaqdadır. “Arxetip” ilkin obraz, orijinal, əsatir, folklor və mədəniyyətin əsasına qoyulan ümumbəşəri rəmz mənası verir. Dünya xalqlarının bir çoxunun təfəkküründə yüksək və alçaq binar arxetipi var. “Uca” sözü yaxşı, ali, ülvi, müsbət, “alçaq” isə mənfi mənasını verir.  Eyni zamanda, dünya dillərinin bir çoxunda müsbət ideyalar sağ tərəflə, mənfilər sol tərəflə bağlıdır.

Azərbaycan təfəkküründə də sağ tərəf sol tərəfdən üstündür. Dilimizdə bir işə ögey münasibət bəsləmək mənasında “sol gözlə baxmaq” ifadəsi işlənir. Bir bayatımızda da sağ gözə üstün münasibət aydın sezilir:

İstəkənim bir dəstdi,

Bir dəsti mənə bəsdi,

Sağ gözüm yara qurban,

Sol gözüm mənə bəsdi.

Amma, deyəsən, arxetiplərin də “yolkası yıxılır”. Fikir verin, dünyada düz adamın düzdə qalması, ucalığın – dürüstlüyün uğur qazanmağa əngəl olması barədə qənaət geniş yayılıb. Yəni çoxları əmindir ki, “nəzəri-xəlqdə pak” olub, “məxluqu inandırmaq” yetərlidir. Əgər insana fayda verirsə, arada (hətta hər bir fürsətdə) alçaq hərəkət etmək heç də qəbahət deyil. Görünür, bu inancı bir qədər zəiflətmək üçün Hüqo yazırdı: “Həyatda uğur qazanmaq üçün alçaq olmaq kifayət deyil”.

Həri. Nə baş verir? Binar arxetiplərdə yerdəyişmə? Deyəsən… Pandemiya tüğyan etməyə başlayandan 7 milyardlıq dünyada “neqativ” sözü “pozitiv”dən daha sevimli olub. Bu, arxetiplər dünyasında inqilabdır.

Yerdəyişmə riski olan, rotasiya sayəsində yerini dəyişəcək digər bir söz isə “üst”dür. Bu sözü hər zaman müsbət mənada işlətmişik. Bir işi görməyə məmnunluq ifadə edəndə “gözüm üstə” deyirik. Hər kəs üstdə olmağın üstün olduğunu bilir. Amma Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz bədniyabət bəyanatları ilə bu sözü də risk zonasına daxil edib. Elə bu gün ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Həri. ÜST rəhbəri deyib ki, Yer kürəsində başqa bir virusun yayılmasının qarşısını almaq qeyri-mümkündür və bioloji baxımdan danılmazdır.

“Bioloji nöqteyi-nəzərindən nə vaxtsa başqa bir virusun olacağına heç bir şübhə yoxdur, biz onun qarşısını ala bilməyəcəyik“, – deyə ÜST rəhbəri əlavə edib. Yəni Söylünün sözləri ilə desək, “hələ biri də olajax”

Uxanın qeyri-dürüst qızlarının yarasa yeməsi ilə dünyanın altı üstünə çevrildi.
Amma gəlin ruhdan düşməyək. Şair Moşu demişkən, biz kasıb, amma optimist nəslin nümayəndələriyik… Bir müdrikə deyirlər ki, Allah Nişapurun altını üstünə çevirəcək. Deyir, qoy çevirsin, nə bilirsən, bəlkə, altı üstündən yaxşıdır?

Nə bilim, vallah, mən hələ bir sıra arxetipləri təfəkkürümdən çıxara bilmirəm.  Məsələn, sağı müsbət hesab edirəm (pozitiv deməyəcəyəm). Allah bizi haqq dünyasında “əshabül-meymənə”lərdən (əməl dəftəri sağ əldən verilənlər, sağçılar) eləsin. Haqq yandıran çırağımız yana dursun! Ümidimiz üzülməsin. Allah azıb gələn bəlaları bizdən uzaq eləsin. “Amin-amin” deyənlər didar görsün.

Xeyirli şənbələr…