Müasir dünya incəsənətinin ustalarından biri Ahmet Güneştekinin Turan agentliyinə müsahibəsi
“Yaşar Kamal Anadolu coğrafiyasındakı Türk mədəniyyətinin içinə dalaraq dünyaya çıxdı, mən isə Mesopatomiya coğrafiyasındakı kürd mədəniyyətinin”
Turan: Əvvəlcə şəxsiyyət kimi özünüzü oxucularımıza tanıtdırmağınızı xahiş edirik.
Güneştekin: Uşaqlıq illərim “Dengbejler”in (musiqi evləri) səs dünyasını dərk etməklə keçib. Qulaq asdığım nağılların yer kimi cazibə gücünün olduğuna inanırdım. Özümü həqiqətlə qurama arasındaki sərhədi qəbul etməyən, bir-birinə axa bilən bu səslərə təslim etmişdim. Bəzən xəyal gücümüz yeganə predmetin üstünə bir tor atır. Ancaq bu torun ilməkləri daha böyük və fərqli simvollar yığınına bağlıdır. Uşaqlarımın o çağlarının sonra əsərlərim halına gələcək fikir, düşüncə və hisslərimin toxumlarını əkdiyinə inanıram. Anadan olduğum coğrafiyanın mənim dünyamda qoyduğu izlər o qədər güclüdür ki, o vaxtdan bəri daima onun sirlərini araşdırıram. Düşüncələrimizi içində doğulub-böyüdüyümüz o dünya formalaşdırır. İçində anadan olduğum dünyanın mənə aşıladığı keyfiyyətləri düşünəndə də, prinsiplər barədə düşünəndə də, işləyəndə də həmişə prinsipləri əsas götürmüşəm. İkihəcmli şəkil qaydasını parçalayaraq əsərlərimdə qarşıya qoyduğum problemləri bu şəkildə həll etdim. Dinamik olmayan müstəvidə dinamik görünşülərlə işləyə bilirəm. Hansı mühit və material daha əlverişlidirsə, onlardan istifadə etməyin yollarını axtarmaq xoşuma gəlir. Mənim üçün həmişə həyati dərəcədə əhəmiyyyətli olan məsələ qazandığım təcrübələri incəsənətin müxtəlif formalarına transformasiya etmək axtarışında olmaqdır.
Turan: 2009-cu ilin noyabrında “Mavi simfoniya” tablosu 1.5 milyon dollara satılanda mərhum Burhan Doğançaydan müsahibə almışdım. Doğançay demişdi ki, Türkiyə dünyanın sənət qatarına gecikmək üzrəykən mən son qatara mindim.
Hazırda Türkiyənin ən populyar bir neçə sənətkarından biri kimi özünüzü o qatarın sərnişini kimi görürsünüzmü?
Güneştekin: Qalereyalarla birlikdə bazarın da təşkilatlanması incəsənət tarixində çox mühüm mərhələdir. Bu yolla sənətin özünə muxtariyyət qazanmaq imkanı da güclənir. Müasir incəsənətin tarixi və sənətşünaslıqda orada formalaşır. Fərdi sərgilər də qalareyaların kəşfidir. Həyatımızla yanaşı incəsənət də maliyyələşdirilməyə başlayır. Demək olar ki, incəsənət mühitinin hamısı-muzeylər, bienallar, yarmarkalar qlobal şirkətlərin və maliyyə qurumlarının himayəsi altına girir və incəsənət bazarının nümayiş zonasına çevrilir. Hərrac salonları güclənir və incəsənət bazarının yarısından çoxunu öz nəzarəti altına alaraq qalareyalara təzyiq göstərir və getdikcə estetik zövqləri, hətta incəsənət tarixini istiqamətləndirəcək dərəcədə güc qazanır. Məhdud da olsa, Türkiyənin incəsənət bazarı bu yoldan getdi. 2000-ci illərin əvvəllərindən Koç, Eczacıbaşı və Sabancı kimi böyük sərmayə qruplarının Türkiyədə müasir incəsənət sahəsində müəyyən işlərin altına imza atdıqlarını görürük. “Mavi simfoniya” və rekord qiymətə satılan digər əsərləri də bu proseslərin çərçivəsində görmək lazımdır. Mədəniyyətlə iqtisadiyyatın, haradasa, eyni məcrada olduğu müasir dövrdə maliyyə özünə qarşı ən böyük müqaviməti göstərən sənəti də bəlkə öz içinə almağa çalışır. Buna baxmayaraq, sənətin muxtariyyəti əsas etibarıyla onun estetik xüsusiyyətləri olaraq qalmağa davam edir. Bu sualın ətrafında düşünmək lazımdır: müasir incəsənət sərmayə və iqtidarla olan münasibətlərində özünün qaçış cizgisini müəyyənləşdirən taktikalar yaradıb inkişaf etdirə bilirmi? “Qatara gecikmək” sözüylə Doğançay böyük ehtimalla, müasir incəsənəti və onunla yanaşı formalaşan sənət bazarını nəzərdə tutub. Ancaq mən qatara çata bilməkdən çox hər hansı bir incəsənət nəzəriyyəsinə daxil olmadan estetik azadlığımı qoruya biləcəyim nöqteyi-nəzərdən baxıram. Əlbəttə, müasir incəsənətin sənət bazarında öz qiymətini tapmasına şübhə yoxdur. Digər tərəfdən, bu, dünyadakı şeyləri materiyalaşdırmasına qarşı öz gücünü nümayiş etdirə biləcək yeganə sənət növüdür. Uzun müddətli böyük sərgilər, muzeylər, bienallar, “Documenta”, “Manifesta” – bunların hamısı özlüyündə sənət əsərləri müştəriləri üçün deyil. Sənət əsərlərinin müştərilərinə xidmət etməsi nəzərdə tutulan böyük incəsənət yarmarkaları getdikcə çoxalan xalqa açıq tədbirlərə çevrilir, sənət əsərləri almağa az maraq göstərən insanlar da oralara maraq göstərirlər. Sərgilər alınıb-satıla bilinmədiyi üçün insanların sənətlə yaratdığı maddi münasibət də başqa cür olur. Maliyyə oyunçularının apardığı simvolik mübarizəyə müxtəlif dərəcədə qatılması incəsənət əsərlərinin meydana çıxmasından da çox təsir gücünə malikdir.
Turan: Türkiyə və dünya incəsənət ənənələri içində özünüzə kimləri yaxın görürsünüz? Özünüzü ənənədən gələn bir sənətkar sayırsınız, yoxsa inqilabçı?
Güneştekin: Müəyyən bir cərəyanın dalınca getmədiyimə görə hər hansı bir yaxınlıqdan danışa bilmərəm. Ancaq incəsənət tarixində iz qoymuş bu sənətkarların adlarını çəkə bilərəm: İlhan Komanın “Aralıq dənizi” heykəli; Şevket Dağın “Ayasofya” əsəri; Kuzgun Acarın “Quşlar” əsəri; Osman Hamdi bəyin “Mənbər” əsəri; Neşet Günalın “Uşaqlar” əsəri; Şeker Ahmet Paşanın “Narlar” və “Heyvalar” əsəri, Hoca Li Rızanın “Göl kənarı” əsəri; Abidin Dinonun “Uzun ürüş” əsəri; Fahrünnisa Zeidin “Cehennemim” əsəri; Burhan Doğançayın “Mavi simfoniya” əsəri. Eyni formada Kazimir Maleviç, Jackson Pollack, Vasiliy Kandinskiy, Piet Mondrian, Mark Rothko və Gerhard Rischer dünya incəsənət tarixində əmsalsız bir yerə sahib olduğunu düşündüyüm və təsirləndiyim sənətkarlar arasında yer tutur. Bəlkə bu əsərlərin və onları yaradan sənətkarların müəyyən ənənələrdən gəldiklərini deyə bilərik, ancaq buna baxmayaraq, qəti sərhədlərdən danışa bilmərik. Mənim üçün “ənənə” və “inqilab” bir-birinə zidd olan məfhumlar deyil. Ənənəni ölü bir təcrübənin bir nəsildən digərinə hərəkətsiz transferi kimi yox, həmişə hərəkətə gələ biləcək bir yeniləşmənin canlı transferi kimi görürəm. Ənənə mənim üçün incəsənət artığı olmayıb daim yenidən müraciət edilərək yenidən istifadə edilməsi lazım olan faktdır. Bu fakta söykənərək gördüyüm işlər məsələyə yanaşmamı bariz şəkildə göstərir. “Gelene-ek” (“Gələnə əlavə”) adı verərək bürünc və keramika materialıyla işlədiyim buğa və balıq şəklindəki bu əsərlərimlə geçmişdə qalan və bu günə olduğu kimi transfer edilmək istənənləri yox, ənənədən uzaqlaşmadan davam edən bütövlüyü xəyalımda canlandırıram. Daim dəyişən bu bütövlük, arasına fasilə qoymadan şərh ediləndə canlı qala bilir. Ənənəylə yaradıla bilən hər əlaqə, onunla hər cür qaynayıb-qarışma bəlkə müdaxilə mənası daşıya bilər və ənənənin klassik formalarıyla bir gərginlik yarada bilər, ancaq nəticədə ənənənin hər dövrdə ayaq üstündə qala bilməsinə səbəb olan əsas faktor onun yenidən şərh edilə bilmə və qaynayıb-qarışmağa açıq olma xüsusiyyətini mühafizə etməsidir.
Turan: İnsan cəmiyyətlərinin millət olmasının iki əsas şərtindən biri ana dilində roman yazılması, digəri isə şüurla incəsənət əsərlərinin yaradılmasıdır. Bu baxımdan Yaşar Kamalın adı Türkiyə ilə bir-birini tamamlamaqdadır. Sizin əsərlərinizə baxan kimi Anadolunu görürəm. Bu məsələylə bağlı siz nə düşünürsünüz?
Güneştekin: Yaşar Kamal uşaqlığımdan başlayaraq sözlə ifadə edilən ənənənin müxtəlif növlərini öyrənib, başda Evdale Zeyniki olmaqla, “dengbej”lərə qulaq asıb. Əvvəlcə səsi, sonra sözü “həzmi-rabe”dən keçirib. Karacaoğlan da, Servantes də, Tolstoy da Yaşar Kamalın müəllimləri olublar. Cavablığımda onun bir romançı kimi yaratdığı dillə tanış olandan sonra sözə olan münasibətim dəyişməyə başlamışdı. Hekayələrində yaratdığı səs və rəng dünyasından təsirlənirdim. İllər keçəndən sonra ilk sərgimə gələndə öz aramızda yaratdığımız təmas ona görə çox təbii idi.
İkimiz də sözlə ifadə edilmiş mədəniyyətlərin izindən getmişdik. Yaşar Kamal Anadolu coğrafiyasında Türkcə danışılan bir mədəniyyətin içərisinə dalaraq dünya mədəniyyətinin dalınca getmiş, mən isə Mesopotamiya coğrafiyasında kürdcə danışan coğrafiyaya dalaraq Anadolu və dünya mədəniyyətlərinə yönəlmişdim. Dil sərbəstliyinə və mədəniyyətlərin vahid olmasına dair inamımız müştərək idi. Dünya minlərlə növ gül-çiçəkdən ibarət mədəniyyət bağıdır. Hər gülün bir rəngi, bir ətri var. Bəşəriyyət hər mədəniyyətə xüsusi diqqət yetirməlidir. “Minlərlə mədəniyyyət çiçəyi var, birini qoparsaq bəşəriyyət bu bir ətirdən, bir rəngdən məhrum olar” deyirdi. Ziddiyyətlərin bir yerdəki ahəngi ancaq və ancaq onların yaşamasının təminatı ola bilər. Fərqli mədəniyyətlər isə ədalətli qüvvə yarada bilər. Həyatı bu şəkildə dərk etməyimin fikirlərimin və əsərlərimin üzərində fövqəladə təsirinin olduğunu görə bilirəm. Dil qədər incəsənətin də insanın dünaya gəldiyi andan qazandığı haqlardan biri olduğunu düşünürəm.
Turan: Yaradıcı işlər nəsil məsələsini də həmişə özündə ehtiva edib söz sənətiin, musiqinin, rəsm sənətinin daim birgə irəliləməsini qaçınılmaz qılır. Yaşar Kamalın sizin üzərinizdəki mənəvi təsirindən xəbərdarıq. Özünüzün mənsub olduğunuz nəsildən hansı yazar, şair, musiqiçiləri sənət fəlsəfənizə yaxın görürsünüz: təsirləndiyiniz qələm sahibləri kimlərdir?
Güneştekin: Daha çox keçmişdə yaşamış yazarlardan təsirləndiyimi düşünürəm, öz zəmanəmdə yaşayan bir yazar olsa belə, onun keçmişdə qələmə aldığı əsərləri böyük maraqla oxuyuram. “Gündən qalanlar” da daxil olmaqla, Kazuo İshiguronun bütün kitablarını sevirəm: təmiz, bər-bəzəkdən uzaq şəkildə duyğuları təqdim edərək öz üslubunu yaradır. Əslində o da eynilə Borges kimi bir yaddaş yazarıdır. Yazdıqlarının çoxu insan yaddaşıyla, xatırlamaqla, daha doğrusu xatırlama prosesinin qaydaya salınması və fərq yaratmağın çatışmalığıyla əlaqədardır. Eyni zamanda məfhumlarla işləyən bir sənətkar olan Şener Özmeni yazıçı kimi də təsirli görürəm. Müxtəlif dövrlərə aid olan bir-birindən çox fərqli musiqi janrlarını və musiqiçiləri təqib edirəm. Ramin Cavadi, Florian Christl, Guy Farley, Ryuichi Sakamoto çox sevdiyim musiqiçilərdir.
Turan: Jean Paul Sartre “Hər bir yazıçı öz dövrünün neqativ işlərinə reaksiya göstərmirsə, məsuliyyət daşıyır” deyə yaradıcı insanın həm öz milləti, həm də dünya qarşısında məsuliyyətini vurğulamışdı. Siz necə düşünürsünüz: Yer kürəsinin yaxşı olması üçün təkcə fırçayla xidmət etmək kifayətdirmi?
Güneştekin: Yaradıcı insan məsuliyyət daşıyır, ancaq təkcə əsərlə bağlı məsuliyyət olmayıb özünü inkişaf etdirdiyi yaradıcılıq növlərinin içindən keçərək əldə etdiyi fikir-düşüncə dünyasına qarşı da məsuliyyətdir. Dil, sadəcə, insanların kommunikasiyada ola bilmələri səbəbindən inkişaf etməyib, şüur altındakı qarışıqlığın reallığı müəyyən formada dərk etməsi də deyil. Yazarın məsuliyyəti dumanlı bir dünyanın içindəki şəxs ilə onun dünyasını üzbəüz gətirməkdir. Əlbəttə,bu prosesdə yazar içində olduğu, bağlandığı və onu yüksəldən ədəbiyyatı da dəyişdirmək arzusunda olur. Burada transformasiya ilə əlaqədar bir durum var və eyni durum incəsənətə də aiddir. Yəni, simvol kimi fırça bir predmetdən çox böyük və güclü funksiyalara malikdir. Yaradıcılıq üzbəüz gəlmələri sözlə, fırçayla, musiqiylə ifadə edir və bu, üzbəüz gəlmə səhnələrində oxucunun, tamaşaçının, dinləyicinin ayrıla bilmədiyi təsir sahəsi yarada bilir.
Turan: Daim müzakirə edilən məsələlərdən biri də yaradıcı insanların dövlət idarəçiləriylə münasibətlərinin qurulması məsələsidir. Siz necə baxırsınız: milli gəlir ədalətli bölüşdürülərək kolleksiyaçılarla birbaşa (və ya qalareyaçılar vasitəsilə) əlaqə yatratmaq, muzey və hərraclarla əməkdaşlıq etmək, yoxsa dövləti idarə edənlərlə müxtəlif formalarda münasibətlər yaradaraq varlanmaq?
Güneştekin: Müasir incəsənətin vəziyyətinə baxaq. Bir quruma və ya onun yaratdığı sistemə qarşı kimi gördüyünüz işlər qurumun və ya ona bağlı olan təşkilatların himayəsi altında reallaşdırıla bilir. Digər tərəfdən, müstəqil hərəkət etdiklərinə inanan yaradıcı insanların təbliğat üçün sərfəli vasitələr olmalarına dair örnəklər də var. Bu baxımdan yaradıcı insanlar himayə altında azad sayıla bilməzlər. Öyrəndiklərimizi hər hansı bir rejimdə həyata keçirmək istədiyimiz kimi, eyni zamanda bu rejimlərə qarşı çıxırıq. Hər bir dəyişiklik yaradıcı insanla sistem arasında yaşanan bu gərginlikdən meydana çıxır. Necə bir şəbəkə yaratmağımız lazımdır və orada necə mövqe tutmalıyıq? Yaratdığım əsərlərlə özümü mədəniyyət sənayesindən kənarda tutmuram. Amma buna baxmayaraq, əsərlərimin bu gərginlik nöqtəsində olduğuna da inanıram. Özümü qeydsiz-şərtsiz bir əmtəənin istehsalçısı kimi görmürəm. Ancaq tamamilə dominant mədəniyyətdən kənarda qalmanın mümkün olduğuna da inanmıram. Tanımamaq və ya rədd etmək yerinə “gərginlik nöqtəsi” kimi ifadə etdiyim o zonalarda durmağı sənətimin və şəxsiyyətimin prinsipi hesab edirəm. Qalareya və muzeylərlə birbaşa əlaqələr yaradaraq əməkdaşlıq edirəm. Ancaq kolleksiyaçılarla birbaşa əlaqə yaratmağın da qabağına sədd çəkmirəm. Əldə etdiyim maddi dəstəkdən ancaq və ancaq yeni sərgilərimə hazırlaşmaq üçün istifadə edirəm, əsərlərimi yaradarkən özümə kifayət edəcək bir maddi çərçivə içində qalmağa üstünlük verirəm. Mən bu şəkildə düşünürəm. Ancaq sənət əsərləri yaradarkən hansı mərhələdə olursa-olsun, haralardansa dəstək almağa mənfi yanaşmıram. Sərgilərlə bağlı gündəlik müzakirələr sənətin bir çox növünün yaşaya biləcəyini göstərir. Artıq sənətkar olmaq azlığa yox, çoxluğa müəyyən sözlər demək mənasını daşıyır. Ona görə müasir sənətkarlar elitaya yox, kütləyə müraciət edən əsərlər yaratmalı, kütləvi sənət yaratmağa fokuslanmalıdırlar. Mən bunun şərtlərindən biri olan şəbəkələrdən sərgilərimə hazırlaşarkən faydalanmaqdan imtina etmirəm. Bu şəbəkələrdən ən yaxşı şəkildə necə istifadə ediləcəyini Andy Warhol bilirdi. Picassonun gənc yaşlarında qazandığı şöhrətin, Parisdəki xüsusi qalareyaların getdikcə çoxaldığı və gücləndiyi dövrlə eyni vaxtlara düşdüyü kimi, məsələn, Steins kimi büyük miqdardakı pul sahiblərinin dəstəyi də rəssamların çalışa bilmələri üçün əhəmiyyətli olub. Həyatını sənət əsərləri yaratmağa həsr edən sənətkarın tablolarının nümayiş etdirilməsi onun var olmasına xidmət edən faktordur. Bunu bilmək və bu atmosferin yaradılmasına nail olmaq lazımdır.