Biz kainatın nə böyüklükdə olduğunu nəinki bilmirik, hətta bunu təsəvvür belə etməyə çətinlik çəkirik. Əgər biz Yer kürəsindən uzaqlaşmağa başlasaq, bunun səbəbini anlayarıq.
Yer kürəsi Günəş sisteminin kiçik zərrəsidir. Günəş sisteminə Günəş, onun ətrafında dövr edən planetlər, kiçik planetlərə bənzəyən asteroidlər və meteoritlər daxildir.
Günəş sistemi də öz növbəsində “qalaktika” adlanan böyük ulduz sisteminin kiçik hissəsidir. Qalaktika əksəriyyəti bizim Günəşdən böyük və öz günəş sistemlərinə malik olan milyonlarla ulduzlardan ibarətdir.
Beləliklə, “Süd Yolu” adlandırdığımız qalaktikada müşahidə etdiyimiz bütün ulduzlar “günəşlərdir”. Onların arasındakı məsafə kilometrlərlə deyil, işıq ili ilə ölçülür. İşıq şüası bir ilə 11 trilyon kilometrdən çox məsafə qət edir. Ən yaxın və ən parlaq Alfa Sentavra ulduzu Yerdən 46 trilyon kilometrədək uzaqda yerləşir. İndi isə qalaktikamızın ölçüsünü təsəvvür edək. Alimlərin fikrincə, onun diametri 100 min işıq ili qədərdir. Bu da 100 min x 11 trilyon kilometr deməkdir.
Lakin bizim qalaktika da öz növbəsində digər, daha iri sistemin kiçik hissəsidir. Süd Yolundan əlavə çox güman ki, daha milyonlarla qalaktika mövcuddur. Lakin onların hamısının birlikdə daha böyük sistemi təşkil etməsi də mümkündür.
Məhz buna görə də, kainatın ölçülərini təsəvvür etmək çətindir. Yeri gəlmişkən, alimlər kainatın genişləndiyini güman edirlər. Bu o deməkdir ki, iki qalaktika arasındakı məsafə bir neçə milyard ildən sonra iki dəfə artacaq.