- Ədəbiyyat

Təhminə ƏSGƏRLİ. Məni belə sev…

Göydən aşağıda, yerdən yuxarıda – bir yerlərdə.
Nurlu ay kimi, ilıq günəş kimi,
Ruhuna səpilən su, cismini qovuran atəş kimi –
küskün və çarəsiz…
Şikayət etmədən, qınamadan, qarşılıq gözləmədən –
məhzun və səssiz…
Yuxusuz gecələrindən, yuxulu gündüzlərindən damlayım ömrünə –
öyünə-öyünə.
Heç görmədiyin birini axtar
izdihamın içində dönə-dönə…
Bezəndə üzünü tut dənizə… deyin,
ürəyini boşalt.
Elə gəlmişkən məni də göz yaşlarına qat,
qəlbindən mirvari sulara at.
Sonra yenə dözmə mənsizliyə…
Ovucla … məni atdığın ləpələri çırp üz-gözünə.
Mənimlə islanmış əllərinlə saçlarını dara…
Üzündən süzülüm, boynuna dolanım –
könlünə yol alım….
Ay hicrana ömürlük məhkumum,
əlçatmaz xəyala sevdalım!
Məni belə sev…

Ruhunun gözüylə görərək,
Ruhunun əliylə oxşayaraq…
Həm qurbanın, həm cəlladın kimi,
Gülüşünü birində,
baxışını başqasında axtardığın qadın kimi…
Əs könlümə meh kimi –
içimi, dışımı titrət, könlümü ovut.
Kirpiklərimdəki muncuqları sözlərinlə qurut.
Məni belə sev…

Gözləmə göylərdən qoynuna düşüm,
Gözləmə adiləşsin duyğular.
Nəfəsin yox, sözlərin atəşi qarssın üzümü,
Nə qədər ki ruh var, hiss var, duyğu var…
Məni belə sev…

Bəlkə, adidən adi günlərin birində
Yolda, izdə, quruda, dənizdə – yəni haradasa
qarşılaşan və bir-iki kəlmə danışan
o iki nəfər elə biz olacağıq.
Amma
o günə qədər,
o günə inad,
o günə acıq
Məni belə sev…