- Köşə, Manşet

Vasif SADIQLI. Akademik “u dönüşü” və ya buna da şükür

Dünyadan xoşum gəlir. Fani desələr də, yaxcadı. Elə faniliyində də gözəllik var. “Santa Barbara” təki acı bağırsaq kimi uzanan dünyalardan nə fayda? Yəqin ki, belələri də olar. Kainatdakı cırtdan qalaktikalarda 100 milyon, böyük qalaktikalarda 100 trilyon ulduz olduğu deyilirsə, kim iddia edə bilər ki, onlarda həyat yoxdu və həyat varsa, bizdən fərqliliklər yoxdu, məsələn, bizimki daha lakonik, digərləri daha sicilləmə və prozaik deyil?

Bizim dünyada insan həyatı yetərincə qısadır, insanların bir çoxu isə çox çevikdir. Ona görə peripetiyaları və “U dönüşlərini” çox gözləmək lazım gəlmir. Vaxt gəlir, sirr pərdələri aralanır, kimin nə tükdə canavar olduğu ortaya çıxır. Həri. Bir də baxırsan ki, dünən əyri bir ağacın əyri budağında oturub kiçik oktavanın si bemolunda oxuyan bir quş bu gün qarşıdakı ağaca keçib üçüncü oktavanın lya səsində fərqli bir avazla cəh-cəh vurur…  Və bunu görmək çox maraqlıdır.

Mirzə Cəlil demiş, deyəsən, çox qəmişliyə getdik. Ötən ilin yay ayları idi. Bakıda, eləcə də ölkənin digər şəhər və rayonlarında dövlət dili haqqında qanunun pozulması, əcnəbi dillərdə reklamların meydan sulaması ilə mübarizə çərçivəsində millət vəkillərinə də müraciət etməyi qərara aldıq. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin üzvləri Milli Məclisin bütün üzvləri ilə əlaqə saxlayıb, onlardan dəstək istədi. Deputatların əksəriyyəti bu məsələdən narahat olduğunu bildirdi, bəziləri bir qədər sonra Milli Məclisin plenar iclasında məsələ qaldırdı. Maraqlıdır ki, bu məsələyə həssas yanaşanların arasında xüsusi gözləntimiz olmayanlar da vardı. Amma Dövlət Dil Komissiyasının üzvü, filoloq və akademik olan bir vücud bizi heyrətləndirmişdi. FADMM üzvü ona minə yaxın ziyalının dövlət dili haqqında qanunun pozulması ilə bağlı müraciət imzalaması barədə məlumat verəndə “Azərbaycanda min ziyalı var?” deyə yekəxanalıqla rişxənd etmiş, əcnəbi dillərin ekspansiyası ilə bağlı faktlar açıqlananda isə etinasızcasına: “Dünyanın hər yerində belədir”, – demişdi.

Əlbəttə, dünyada səbəbsiz heç nə yoxdur. Elə bu üzdən bir il sərasər bunun səbəbini düşünürdüm. Ötən ilin qışında motal papağımı, yaz-payızda çeçenkamı, yayda qonşunun sombrerosunu qənşərimə qoyub xəyalata cumurdum ki, aya, niyə belə olur? Necə olur ki, biz xarici ölkələrə gedəndə bütün reklam və lövhələr həmin ölkələrin dövlət dilində (ən azı dövlət dilində də) olur, məzkur (əslində, etik mülahizələrdən qeyri-məzkur) zat gedəndə əcnəbicə olur?

Yəqin ki, burda bir sirr var, yoxsa qeyri-məzkur vücud niyə yalan danışsın? Hamı bilir ki, ovçudu, şairdi, deputatdı, hüquqi şəxslərdən Dövlətstatkomdu, Mərkəzi Bankdı – bunlar (bunların nümayəndələri) heç vaxt yalan danışmaz.

“Bəs niyə? Əcəba, ortada şeytan vəsvəsəsimi var?” – deyə düşünürdük. Sonunda bu gümanımızın doğru olduğunu gördük. Bir tarixi mənbə bizə işıq ucu verdi. Rəşidəddin Fəzlüllah “Came ət-Təvarix”də yazır: “…və Məclisi-xamuşanın üzvü olan bəzi zatlar kafir ölkələrinə gedəndə şeytan onlara vəsvəsə verəcək və məskun xalqın zəbanında yazılan lövhələri əcnəbi dilində yazılmış kimi göstərəcək…”.

Həri. Amma şükür Allaha, bir vəsvəsənin də sonunu gördük. Bu günlərdə Dövlət Dil Komissiyasının üzvü və akademik məlun və daşlanaraq qovulmuş Şeytan əbu Xənnas və əbu Tərtəbənin vəsvəsəsindən qurtulub və belə bir açıqlama verib:

“Bizim arzumuzdur ki, paytaxtımız milli simada olsun. Şəhərimizin milli siması onun reklam örtüyündə də görünməlidir. Mən dünyanın bir çox şəhərlərində olmuşam. Reklam  lövhələrinin əcnəbi dillərdə tərtib edilməsinə başqa şəhərlərdə də rast gəlmək mümkündür… Ancaq başqa şəhərlərdə bu meyillilik milli koloritə ziyan vuracaq dərəcədə çox deyil. Bakıda isə reklam lövhələrinin xarici dillərdə tərtib olunması hədsiz dərəcədə çoxalıb. Bunun bir əndazəsi, çərçivəsi olmalıdır”.

O vaxt FADMM üzvü millət vəkili, fililoq-akademikə Bakının əcnəbi dillər tərəfindən “işğal” mənzərəsi barədə konkret rəqəmlər də demişdi:
Rəsulzadə küçəsində 42 obyektdən 41-də dövlət dilindən istifadə edilməyib, Nizami, Füzuli, Şıxəli Qurbanov küçələrində, Azərbaycan prospektində əcnəbi dilli reklam və digər lövhələr 70-80 faiz arasındadır. Çox maraqlıdır ki, onda məzkur zat hesab edirmiş ki, bu göstərici “milli koloritə ziyan vuracaq dərəcədə çox deyil”. Görünür, ya andıra qalmış kalkulyator əmsalı düzgün hesablamayıb, ya da yenə şeytan vəsvəsəsi imiş.

Deyəsən, nələrsə olur. Bu açıqlamanın “Yeni Azərbaycan” qəzetinə verilməsi də təsadüfi sayılmamalıdır. Görünür, sular durulur.. Təki belə olsun…

Xeyirli çərşənbə axşamları